“Allah haqqı!”; “Vallah!” – hər bir adamın lap uşaqlıq çağından eşitdiyi andlardır.
“Quran”a toxunma, olmaz!” – uşaq illərinin qadağalarındandır.
Ramazan bayramı, Qurban bayramı – uşaqların sevindiyi, həvəslə gözlədiyi bayramlardır.
Çox sadalamaq olar. İnsan lap uşaqlığından istər-istəməz dinlə təmasa girir, dünya, cəmiyyət haqqında bilgiləri həm də din hesabına əldə edir.
Bəs uşaqlar vaxtında dini məlumatlar ala bilirlərmi? Allah, “Quran” haqqında informasiya toplaya, dini bayramların dəyərini aydınlaşdıra bilirlərmi?
Uşaq “Bibliya”sı olduğu halda nə üçün uşaq “Quran”ı olmasın? Bu məsələni araşdırarkən həm dini, həm ədədi-bədii problemlərin, həm də Azərbaycan qanunvericiliyində maneələrin olduğu aydınlaşdı.
İlahiyyatçı: “Quran”ı uşaq səviyyəsinə gətirmək o qədər də düz olmaz”
“Media forum” saytına danışan ilahiyyatçı Sərdar Hacıhəsənli hesab edir ki, Allahın göndərdiyi ilahi kitab – “Quran” başqa kitablarla, hətta “İncil”lə, “Tövrat”la müqayisə oluna bilməz: “Quran”da qeyd olunur ki, “Quran”ın ayələrinin möhtəvasına barədə şəkk-şübhəniz varsa, bütün bəşəriyyət əl-ələ verib ona oxşar bir ayə belə yarada bilməz. “Quran”ın möcüzələrindən biri onun deyiliş formasıdır. Bu kutab qiyamətə qədər bəşəriyyətdə qalası kitabdır. Həm mətninə görə, həm deyiliş formasına görə, həm də yazılış formasına görə. “Quran”a müdaxilə etmək, onu dəyişdirmək düz deyil”.
Uşaqların dinlə, islamla, konkret “Quran”la bağlı bilgilərinin yaranması məsələsinə gəlincə, ilahiyyatçı dini ədəbiyyat yaratmağın vacibliyi fikrini bölüşür: “Yəni hekayələr yazmaq, şəkilli, illüstrasiyalı kitablar buraxmaq, eləcə də filmlər, çizgi filmləri çəkmək mümkündür. Fikrimcə, “Quran”ı uşaq səviyyəsinə gətirmək o qədər də düz olmaz. Bu, “Quran”ın meyarları ilə düz gəlmir. Allah bu kitabı elə bir ali səviyyədə nazil edib ki, ona əl gəzdirmək onu öz mərkəzindən, öz orbitindən çıxarmağa bərabər olar. “Quran”ın özünü, yaxud surələrini hansısa formaya salmaq məqsədəuyğun deyil. Amma maarifçilik məqsədilə iş görmək mümkündür”.
S.Hacıhəsənli qeyd edir ki, uşaq dini ədəbiyyatının kasadlığı, sadəcə, Azərbaycana xasdır: “Başqa ölkələrdə bununla bağlı çox böyük işlər görülüb. Bu günün uşağına maarifçilik məqsədilə müəyyən məlumatlar vermək mümkündür, amma onun “Quran”a baxışını sabaha, düşüncə səviyyəsinin təkmilləşdiyi yaş dövrünə buraxmalıyıq. Sadəcə, uşaqların bilgilənməsi üçün oxşar materiallardan istifadə olunmalıdır.
Düzdür, “İncil”in uşaqlar üçün kitabı var. “İncil” elə bir kitabdır ki, nə deyiliş qaydasına əsasən, nə yazılış formasına görə insanları elmi mübahisəyə dəvət etmir. Yəni belə bir mübahisə düşmür ki, “İncil”in yazılışı, sözü, məntiqi və sairə möcüzədir, onu dəyişmək olmaz. Əgər biz “Quran”ı “İncil” kimi uşaqlar üçün hazırlamış olsaq, onu öz möcüzəliyindən çıxarmış olacağıq. Niyyət xoşdur, amma buna oxşar digər addım, iş görmək daha məsləhətdir. Bu, metalın ipəkləşməsinə bənzəyər. Metal ipəkləşsə, artıq metal ola bilməz”.
Kiçik yaşlı uşaqların “Quran”ı əzbərləməsini vacib sayan ilahiyyatçı qeyd edir ki, bu, balacaların yaddaş imkanlarının genişliyi ilə bağlıdır: “Elm də sübut edib ki, kiçik yaşlı uşaqların hafizəsi çox güclü olur. Zehnlərinin çox güclü olması səbəbilə uşaqlara 10 yaşına qədər “Quran”ı əzbərləmək məsləhət görülür. Bu, sadəcə, uşaq hafizəsinin fürsətinin qaçırılmaması məqsədi güdür. Onlar uşaq olarkən hafizələrindən, böyüyəndən sonra isə düşüncələrindən istifadə etməlidir”.
Azərbaycanda uşaq dini ədəbiyyatının olmamasını S.Hacıhəsənli bəzi halda bacarıqlı insanların tənbəl olması, bəzi halda isə təzyiqlərin olması ilə əlaqələndirir: “Maarifçilik cəhətdən savadlı olanların dini bilgilərinin olmaması, yaxud dini bilgisi olanların ədəbi-bədii yaradıcılıq istedadının olmaması belə bir vəziyyətə gətirib çıxarıb. Hazırkı boşluğu doldurmaq üçün mütəxəssislər tərcümələr edə bilər. Çünki digər müsəlman ölkələri bu sahədə xeyli uğur əldə edib”.
Filosof: “Mən bizdə bu işi görə biləcək mütəxəssis tanımıram”
“Media forum”un digər müsahibi – uşaqlar üçün “İlk oruc” (müəllif Osman Haçinson) və “Allahı sevin” (müəllif Xürrəm Murad) kitablarını Azərbaycan dilinə çevrilən fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov da hesab edir ki, sadələşdirmə ilə “Quran” ayələrini uşaqlar üçün qissə formasına gətirmək mümkün deyil: “Yaxşı olardı ki, həmin surələr əsasında hekayələr yazılsın. Uşaq “Quran”ının olması birmənalı qarşılanmayacaq. Amma bildiyimə görə, rusdilli uşaqlar üçün “Quran”dan seçmə hissələri özündə toplayan kitab çap olunub. Eyni zamanda professor Vasim Məmmədəliyevin bu yaxınlarda nəfis tərtibatlı bir kitabı çap olunub və içərisində uşaqlar üçün “Quran”dan tövsiyələr yer alıb”.
E.Məmmədovun qənaətinə görə, Azərbaycanda “Quran”dakı üslubu təhkiyə formasında verəcək mütəxəssis, bu işi bacaracaq şəxs yoxdur: “Bunu edəcək şəxsdə gərək yazıçılıq qabiliyyəti olsun. “Quran”ı dərindən bilsin, uşaq psixologiyasından baş çıxarsın. Uşaqlar üçün yazılmış “Bibliya”da bütün bunlar nəzərə alınıb. Odur ki, ayələr əsasında qissələrin – dini hekayələrin yazılması, özü də yazıcı-dinşünaslar tərəfindən yazılması daha münasibdir”.
Müəyyən dini ədəbiyyatların tərcüməsi ilə məşğul olan E.Məmmədov belə bir işlə məşğul olmağı özü üçün tez hesab edir: “Bu, mənim üçün hələ tezdir. Həm də vaxt buna imkan vermir. Ən başlıcası, “Quran”a münasibətdə çox ehtiyatlı davranmalıyıq, onu uşaqlar üçün hazırlayası mütəxəssislərə ehtiyacımız var. Təəssüf ki, mən bizdə bu işi görə biləcək mütəxəssis tanımıram”.
E.Məmmədov qeyd edir ki, gələcək layihələri arasında “Quran” surələri əsasında uşaqlar üçün rəngli kitab (40 hekayə) hazırlamaq, daha doğrusu, tərcümə etmək var. O, hazırda özündə 10-a yaxın rəngli şəkillərlə hekayələr kitabının olduğunu deyib: “İndi bu işə başlamağa vaxt imkan vermir. Bu işlər təcrübə tələb edir. Eyni zamanda bu kitabların tərcüməsi bahalı layihə hesab olunur, amma vacibdir. Kitablar ərəb dilindədir, ərəb ölkələrinin birində olduğum zaman uşaq təşkilatlarından hədiyyə ediblər”.
Uşaq yazarı: “Quran”la bağlı işlərin məsuliyyəti çox böyükdür”
Filologiya elmləri doktoru, professor, uşaq yazarı Zahid Xəlil “Media forum”a açıqlamasında uşaq “Quran”ının hazırlanması fikrinı dəstəklədiyini deyib: “Quran”dakı əsas bəşəri ideyaların, uşağın tərbiyəsi ilə bağlı olan cəhətlərin – düzlük, yaxşılıq, ata-anaya hörmət və sairə – işlənib təqdim olunması məqsədəuyğundur. Lakin uşaqları qorxutmaq lazım deyil. Bəzi ailələrdə uşaqları qorxudurlar ki, sən belə etsən Allah səni cəhənnəmə göndərəcək. Belə etmək düz deyil. Ayələrin, surələrin uşaq dilinə çevrilməsi, açılması çox gözəl olar. Məndə belə fikir var ki, ilahi dəyərlər dedikdə elə bizim anladığımız bəşəri dəyərlər nəzərdə tutulur. Sadəcə, uşaqları qorxutmaq lazım deyil. Bunlar olmasa, qalan hər şey çox gözəl, çox müqəddəsdir və uşaqlara bunları aşılamaq lazımdır”.
Bu işlə özünün məşğul olmamasına gəlincə, Z.Xəlil bunu sovet dövründə böyüməsi, “Quran” və din barədə bilgilərinin çox olmaması ilə əlaqələndirir: “Gərək mən uşaq vaxtımdan “Quran”ı yaxşı-yaxşı oxuyardım. Ərəbcə yaxşı bilərdim, sözləri dəqiqi anlayardım. “Quran”ı azərbaycanca oxuyuram, amma bu o demək deyil ki, “Quran” bilicisiyəm. Səhv edə bilərəm, səhv aşılaya bilərəm. “Quran”la bağlı işlərin məsuliyyəti çox böyükdür. Hesab edirəm ki, bunu bilicilər etsələr daha səmərəli olar”.
Yazıçı təklif edir ki, “Quran” surələrinin açılmasında mütəxəssislər publisistika janrından istifadə etsələr daha effektli materiallar ortaya çıxar: “Təfəkkürlü adam böyük şəkildə və həyati misallar gətirməklə surələr üzərində işləyib publisistik iş ortaya qoya bilər. Bu, uşaqlara təsir edə bilər. Bu gün belə əsərlərin ortaya çıxmamasının səbəbi belə yazıçının olmaması, digər ən mühüm səbəb isə iqtisadiyyatla, maddi məsələlərlə bağlıdır. Bu gün ədəbiyyat çox gözdən düşüb. Vaxtilə yazanda gün ərzində 18 saat işləyirdim. Çünki bu əməyin sonunda yüksək qiymətləndiriləcəyimi, qonorar alacağımı, şöhrətlənəcəyimi bilirdim. Amma indi yazıçını yaşadan belə amillər yoxdur”.
Naşir: “Dini kitabların dərci məsələsi xeyli mürəkkəbdir”
“Media forum” saytına danışan “Altun” Kitab Evinin rəhbəri Rafiq İsmayılov qeyd edir ki, təxminın 4-5 il əvvəl uşaq dini ədəbiyyatına dair kitabların nəşri reallaşıb: “Xeyli müddət əvvəl bizim nəşriyyatda ilk dörd xəlifə barədə ayrı-ayrı kitablar nəşr olundu: “Əbu Bəkr”, “Ömər”, “Osman” və “Əli”. Bunlara tam uşaq ədəbiyyatı da demək düzgün olmaz. İslam dünyasının tanınmış simalarından bəhs edən kitablardır.
Dini ədəbiyyat müxtəlif formalarda yazılır. Təbliğati, məlumatverici, maarifləndirici və tarixi aspektdən yanaşılan dini ədəbiyyatlar olur. Mən daha çox tarixi aspektdən yazılan kitabları sevir və onların nəşr olunmasına üstünlük verirəm”.
R.İsmayilov onu da qeyd edir ki, dini kitablara bu gün daha çox ehtiyac var və digər ədəbiyyatlara nisbətən daha çox satılır: “Adlarını çəkdiyim kitablar ən aşağısı 1000 tirajla dərc olundu və satıldı. Sorğular da göstərir ki, dini ədəbiyyatı satmaq daha əlverişlidir. Lakin ölkə qanunvericiliyinə görə, dini kitabların dərci məsələsi xeyli mürəkkəbdir. Bunun üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə almaq lazımdır”.
Naşir onu da vurğulayıb ki, hazırda “Altun” Kitab Evində Mövsüm Nağısoylu adlı müəllifin “Quran” hekayətləri” kitabı nəşrə hazırlanır: “Orada rəvayətlər, din tarixindən hadisələr yer alıb. Yeniyetmələr və gənclər üçün nəzərdə tutulmuş tərcümə kitabıdır”.