Bıçaqlanan yazıçı dünyasını dəyişdi

Noyabrın 19-da naməlum şəxsin bıçaqladığı yazıçı Rafiq Tağı bu gün dünyasıını dəyişib. Modern.az bildirir ki, bu barədə yazıçının yaxınları məlumat veriblər.

Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən yazıçı Rafiq Tağıya naməlum şəxs 6 bıçaq zərbəsi vurmuşdu və o, Klinik Tibb Mərkəzində müalicə olunurdu.

Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.

Müəyyən edilib ki, qeyd edilən tarixdə Rafiq Tağıyev işdən evə gedərkən yaşadığı evin yaxınlığında naməlum şəxs ona bıçaqla coxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

“Cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmişdir. İşin istintaqı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə hazırda hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”-deyə Baş Prokurorluq bəyan edib.

İxtisasca həkim olan Rafiq Tağı Azərbaycanda tanınmış yazıçılardandadır. Onun publisistik yazıları dəfələrlə cəmiyətdə ciddi polemikalara səbəb olub.

2007-ci ildə isə işlədiyi “Sənət” qəzetində çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər.

Yazıya görə İranda ayətullah Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.

Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il müddətinə azadlıqdan məhrum edildmişdi. Amma o 8 aydan sonra Prezidentin əfv fərmanı ilə azadlığa çıxdmışdı.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO