Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Mətbuat Şurası noyabrın 21-də “Olimpiya dünyası” qəzetinin 10 illik yubileyi ilə bağlı “dəyirmi masa” keçirmişdir.
AzərTAc xəbər verir ki, toplantıda hər iki qurumun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycanın idman ictimaiyyəti xadimləri iştirak etmişlər.
“Olimpiya dünyası”nın fəaliyyətini yüksək qiymətləndirən Mətbuat Şurasının sədri Əflatun Amaşov bu qəzeti son 10 ilin idmanla bağlı salnaməsi adlandırmışdır. Bildirmişdir ki, peşəkarlardan ibarət kollektiv qəzetin səhifələrində idman yeniliklərini, Azərbaycanda, eyni zamanda dünya idmanında baş verən hadisələri ictimaiyyətə müntəzəm çatdırmışdır.
Mətbuat Şurasının sədri MOK ilə birgə uzunmüddətli layihənin həyata keçirildiyini bildirmişdir. Azərbaycanın 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürdüyünü, 2012-ci ildə Londonda 30-cu Yay Olimpiya Oyunlarının keçiriləcəyini deyən Ə.Amaşov qeyd etmişdir ki, proqrama uyğun olaraq bu müddət ərzində Bakıda və regionlarda çoxsaylı tədbirlərin keçirilməsi, olimpiya çempionlarımızla görüşlərin, jurnalistlər arasında idman mövzusu ilə bağlı yazı müsabiqələrinin təşkili və s. tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
MOK-un 1992-ci ildə yaradıldığı qeyd edən komitənin vitse- prezidenti Çingiz Hüseynov bildirmişdir ki, gələn il Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd ediləcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev 1997-ci ildə MOK-un rəhbəri seçiləndən sonra ölkədə olimpiya hərəkatı genişlənmişdir. MOK-un yeni seçilmiş heyətinin ilk iclasında qərara alındığı kimi, bu müddət ərzində ölkədə idmanın maddi-texniki bazası yaradılmışdır. Artıq Azərbaycanın 31 regionunda olimpiya kompleksləri vardır və hazırda yeni idman obyektləri istifadəyə verilir. Ölkəni tərk etmiş tanınmış idmançılar, mütəxəssislər Vətənə qaytarılmış, onların sosial vəziyyəti yaxşılaşdırılmışdır. Olimpiya hərəkatının mətbuatda yüksək səviyyədə işıqlandırılması üçün 1998-ci ildə “Olimpə doğru” jurnalı, 2001-ci ildə isə “Olimpiya dünyası” qəzeti təsis edilmişdir. İnanıram ki, bu gün 10 illik yubileyini qeyd etdiyimiz qəzet Azərbaycanda idmanın, olimpiya hərəkatının təbliği ilə yanaşı, ölkədə idman jurnalistikasının formalaşmasında mühüm rol oynayacaqdır.
Tədbirdə “Olimpiya dünyası”nın baş redaktoru Murad Fərzəliyev, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Aqil Abbas və digər çıxış edənlər MOK-un orqanı olan “Olimpiya dünyası”nın ötən müddətdə fəaliyyəti barədə danışmış, nəşrin respublikada olimpiya hərəkatının inkişafında və idmanın kütləviləşməsinin təbliğində rolunu qeyd etmişlər.
“Dəyirmi masa”da ölkədə idman jurnalistikasının inkişaf xüsusiyyətləri nəzərdən keçirilmiş, mövcud sahədə problemlər və perspektiv vəzifələr ətrafında fikir mübadiləsi aparılmışdır.