Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayevin “Qazaxıstan yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib. Modern.az saytı xəbər verir ki, kitab millət vəkili Qənirə Paşayevanın və tanınmış yazıçı Elxan Zal Qaraxanlının birgə layihəsi olan “İrs” seriyası sırasında Mahmud Kaşqari adına Beynəlxalq Fond və “Avrasiya” Araşdırmalar İnstitutu tərəfindən buraxılıb.
Qazaxıstan prezidentinin ölkə gəncliyinə müraciəti kimi nəzərdə tutulan kitabda Qazaxıstanın yeni tarixinin ən çətin və parlaq günlərindən bəhs edilir.
Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov, Azərbaycan Milli Məclisinin üzvləri Vahid Əhmədov, Qənirə Paşayeva, Elmira Axundova, Fəzail Ağamalı, Gövhər Baxşəliyeva, Fərəc Quliyev, Aqil Abbas, kitabın tərcüməçiləri Elxan Zal Qaraxanlı və Nizaməddin Əlioğlu kitabda yer alan əhəmiyyətli məqamlar haqda danışıb və vurğulayıblar ki, Azərbaycan oxucusu üçün bu əsər böyük maraq kəsb edəcək.
N. Nazarbayevin “Qazaxıstan yolu” əsəri 9 fəsildən ibarətdir. Əsərdə Qazaxıstanın müstəqillik strategiyasından başlamış yeni dövrə qədərki tarixi məqamlar haqda faktlar yer alıb.