Alverçilərə parçalamaq üçün…

 «Washington Post»un nümayəndəsi Debora Houell (Deborah Howell) əmindir ki, hal-hazırda Amerikanın bütün şəhər qəzetlərinin problemi eynidir: tirajlar enir, reklam sifarişləri azalır, xərclər isə artır. Fəaliyyətlərini davam etdirə bilmək üçün qəzetlər xərclərini azaltmalı olurlar.
Knight Ridder də bir neçə il xərclərin azaldılması siyasətinin tərəfdarı olmuşdur. Bir vaxtlar holdinqə daxil olan Philadelphia İnquirer qəzetinin dünya üzrə geniş müxbir məntəqələri şəbəkəsi mövcud idi: Moskvada, Londonda, Qüdsdə Cənubi Afrikada, Nyu-Delidə və Berlində. İndi bu şəbəkədən yalnız bir xüsusi müxbir qalmışdır – Qüdsdə. Əvvəllər Pekində, Berlində, Qüdsdə, Rio-de-Janeyroda və Salvadorda xüsusi müxbirləri olan Miami Herald da indi bir xarici əməkdaşla (Boqotada) kifayətlənir.
Lakin təkcə xərclərin azaldılması ilə nəşr biznesinin problemlərini həll etmək olmaz. Daha pis də ola bilər. Kolumbiya Universiteti nəzdindəki jurnalistika məktəbinin illik hesabatı göstərir ki, İnternetin geniş yayılması xəbərlərin sayının artmasına gətirməmişdir.
Qəzetlərin dəyişməsinin zəruriliyi haqqında ekspertlərin fikri üst-üstə düşür. Lakin problem ondadır ki, heç kim dəyişikliyin istiqamətini göstərə bilmir. «Knight Ridder»in satışını şərh edərkən, «Washington Post»dan Debora Houell yazır ki, əgər qəzet nüfuzlu jurnalist mükafatları haqqında az düşünsə və daha çox oxucuların qayğısına qalsa, tirajların azalmasının qarşısını almaq olar.
«News Corporation»ın rəhbəri Rupert Merdok isə belə hesab etmir. Onun fikrincə, yalnız öz keçmişinə ümid bağlayan KİV unudulmağa məhkumdur. Yalnız mövzu çatdırılmasının yeni vasitələrini düzgün seçə biləcək nəşrlər yaşayacaq. Bununla yanaşı, Merdok əmindir ki, təkcə çatdırılma vasitələri deyil, insanların qəzet və jurnal oxumaq, televiziyaya baxmaq və radionu dinləmək tərzləri də dəyişəcək. Dünyanın ən nüfuzlu media-menecerlərindən biri hesab edir ki, gələcəkdə KİV «fast-fud»dan az fərqlənəcəklər. «İnsanlar xəbərlərə, idman proqramlarına, filmlərə ayaqüstü baxacaqlar. Bu mobil telefonların və cib kompüterlərinin (Sony Playstation Portable) sayəsində mümkün olacaq», – deyə Merdok bildirir.
Hələ noyabrda müşahidəçilər bəyan etdilər ki, «Knight Ridder»in satışı ABŞ-da qəzetlərin gələcəyinə inanan çoxlu investorun olduğunu göstərəcək. Amerikanın ən iri naşiri «Gannett» tərəfindən qəzeti almaq haqqında təklifə baxmayaraq, bazarın ciddi iştirakçılarının əksəriyyəti (Washington Post Company, Tribune Company və Dow Jones onların arasında idi) «Knight Ridder»in satışı haqqında xəbərə əhəmiyyət vermədilər.
Ötən həftə Amerikanın McClatchy regional qəzetlərinin naşiri «Knight Ridder»in 4,5 milyard dollara alındığını elan edəndə ekspertlər bu xəbəri müsbət qiymətləndirdilər. Lakin bir gün sonra yeni sahibkarın aldığı bir neçə qəzeti satmaq niyyəti haqqında xəbər yayılanda nikbinlik hissi kəskin dəyişdi. Amerikanın qocaman qəzetlərindən biri olan Philadelphia İnquirer də daxil olmaqla, satışa ümumilikdə 12 nəşr çıxarılmışdı. «McClatchy»nin nümayəndələri deyirlər ki, durğunluq dövrü keçirən bazarlarda nəşr edilən qəzetlər satılacaq. Xüsusilə maraqlıdır ki, satışdan əldə edilən puldan «McClatchy»nin «Knight Ridder»lə bağladığı sazişin ödənişi üçün xərclənəcək. Yəni söhbət, faktiki olaraq, alınan və satılan qiymətin fərqindən gəlir əldə etmək məqsədi ilə aktivlərin yenidən satılmasından gedir. Və yaxud belə sazişlərin lüğətlərdəki açıqlanması kimi alverdən.
Ötən ilin sonunda Knight Ridder satışa çıxarılanda bəziləri israr edirdidər ki, bu saziş bazarın yetkinliyinin göstəricisidir. Borrell Associates tədqiqat kompaniyasının prezidentinin müavini Kolbi Etvud (Colby Atwood) deyirdi: «Gəlir artmayanda, onun artırılmasının ən yaxşı vasitəsi – xərclərin azaldılmasıdır». Eyni zamanda o, xatırladırdı: «Kompaniyanın genişləndirilməsi – xərclərin azaldılmasının mümkün vasitələrindən biridir». «Knight Ridder»in alınması və onun ardınca 12 qəzetin satılması belə nəzər-nöqtəsini şübhə altına alır. Ciddi investorlar bazarla maraqlanmadıqda alverçilər sevinirlər.

Andrey Lomkin

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO