Modern.az saytının “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsini bu həftə də davam etdirir. Bu dəfə füsünkar təbiəti ilə seçilən Şamaxı rayonu haqqında yazırıq. Şamaxıdan olan jurnalistlər rayonun sosial-iqtisadi vəziyyətini, əhalinin yaşayış tərzini, təhsil və səhiyyə sistemini necə qiymətləndirdikləri barədə müşahidələrini bölüşüblər.
İlk müsahibimiz müstəqil jurnalist kimi fəaliyyət göstərən Mirzə Sakit bildirib ki, Şamaxı da daxil olmaqla ölkənin hansı rayonuna gedirsə, ordakı vəziyyəti ürək ağrısı ilə qarşılayır.
“Özümü bu vətəndə yaşayan qərib insan kimi hiss edirəm. Sanki mənim babalarım bu torpaqda yaşamır. Azərbaycanın mövcud siyasi hakimiyyəti ölkəni və ölkənin vətəndaşlarını elə məhrumiyyətlərə düçar edib ki…
Şamaxı Azərbaycan xalqına dahi mütəfəkkirlər vermiş bir diyardır. Çox təəssüflər olsun ki, həmin dahilərdən əsər-əlamət yoxdur”.
Mirzə Sakit “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində əməli işlərin görülmədiyini vurğulayıb: “Bu Dövlət Proqramı ölkə ictimaiyyətini aldatmaq üçün verilən məlumat idi. Hər rayonda olduğu kimi, Şamaxıda da Olimpiya mərkəzi, Diaqnostika mərkəzi tikiblər. Bununla iş bitmir axı…”.
Həmsöhbətimiz rayonda iş yerlərinin olmaması ucbatından insanların xarici ölkələrə və ya Bakıya fəhlə işləməyə axın etdiyini söyləyib. Onun sözlərinə görə rayonda mövcud olan üzüm plantasiyalarından xeyli sayda insan çalışırdı. Ancaq həmin plantasiyaların ləğvi insanların işsiz qalmasına səbəb oldu.
“İnsanların işləməsi üçün elə bir zavod, fabrik, digər müəssisələr yoxdur. Rayon camaatı dolanışığını kənd təsərrüfatından çıxardır. İşsizlikdən insanlar immiqrasiya edir. Bir qismi qazanc dalınca Rusiyaya gedir, bir qismi də Bakıya gəlib burada fəhləliklə məşğul olur. Bir sözlə büdcədən maliyyələşən müəssisələri çıxmaqla heç kimin daimi iş yeri yoxdur. Elm adamlarının vəziyyəti isə daha bərbaddır. Bir ölkədəki onun mollası, axundu elm adamından yaxşı yaşasın, o ölkə artıq iflasa uğramış kimidir”.
Mirzə Sakit rayonda əhalinin istilik təminatında da problemlərin olduğunu bildirib. Deyib ki, Şamaxının bəzi kəndlərinə qaz xətləri çəkilsə də, əksəriyyət kəndlərdə mavi yanacaq hələ də yoxdur.
“Mənim doğulduğum kənddə qaz yoxdur, amma o kəndin yaxınlığından böyük diametrdə qaz borusu keçir. Həmin qaz borusu Rövnəq Abduillayevin meşənin içində düzəltdirdiyi istirahət zonasına gedir. İşığa gəlincə isə o da rayonda fasilələrlə verilir”.
Həmsöhbətimiz Şamaxının yollarının Bakı yollarından o qədər də fərqlənmədiyini vurğulayıb. Onun fikrincə, rayonun mərkəzi hissəsində prospekt Heydər Əliyevin adına olduğu üçün ora mütləq abadlaşdırılır.
“Bakının mikrorayonları, 8-ci km qəsəbəsi, Əhmədlinin yolları necədirsə, Şamaxının da yolları o vəziyyətdədir. Kənd yollarından isə danışmağa dəyməz. Sovet dövründən qalma yollardır. O dönəm yollar yaxşı idi, amma indi çox bərbad vəziyyətdədir”.
Təhsildəki vəziyyəti Azərbaycanın böyük bəlası adlandıran Mirzə Sakit hesab edir ki, Şamxadı təhsil ölkənin hər yerində olduğu kimidir.
“Az sayda oxuyan şagird öz üzərində çalışıb bir təhər oxuyur. Misir Mərdənovun yaratdığı təhsil sistemi elə məqsədli şəkildə proqramlaşdırılıb ki, Azərbaycan xalqı təhsilsiz, savadsız olmalıdır. Çünki təhsilli, savadlı insanlar onlardan çox bilə bilərlər. Azərbaycanda təhsil bərbad vəziyyətdədir, rüşvət, korrupsiya baş alıb gedir”.
Səhiyyə sisteminə gəlincə müsahibimiz bu sahədə də eyni vəziyyətin müşahidə oldunduğunu qeyd edib.
“Əli İnsanovu çıxarıb, Oqtay Şirəliyevi gətdirdilər, ondan da bərbad vəziyyət yarandı. Ancaq rüşvət… Dövlət xəstəxanalarının pulsuz olduğu deyilir, amma yalandır. Əməliyyatlar, dərmanlar, xəstəxanada qalmaq – hamısı pulla həyata keçirilir. Rüşvət verməsən, xəstə cərrahiyə stolunun üstündə ölür”.
M.Sakit bu vəziyyətin ölkənin hər yerində müşahidə olunduğunu deyir.
Müsahibimiz Şamaxı rayonun istər yeni, istərsə də ondan əvvəlki icra başçılarının əhali ilə görüşlər keçirmədiyini, keçirilən görüşlərin reklam xarakteri daşıdığını, onların heç birinin rayonun inkişafı, insanların rifah halının yaxşılaşdırması üçün tədbirlər görmədiyini qeyd edib.
Rayonu hazırda Milli Məclisdə kimin təmsil etdiyini bilməyən Mirzə Sakit bundan əvvəlki deputatın da heç bir iş görmədiyini söyləyib.
“Əvvəlki deputat Maqsud İbrahimbəyov o vaxtı seçiciləri ilə görüşə gələndə qoltuğunda balaca it daşığırdı. Lazımsız kitablarını gətirib camaata sırıyırdı. Rayonda heç kimin deputatlardan xəbəri yoxdur. Azərbaycanın bir nömrəli qanunverici orqanı olan Milli Məclisin deputatları təyin olunubsa, onlar hansı seçicilərlə maraqlana bilərlər?”
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də Şamaxıda əhalinin vəziyyətinin acınacaqlı olduğunu bildirib. O hesab edir ki, Şamaxı kənd təsərrüfatı rayonu olmasına baxmayaraq, dövlət dəstəyi olmadığı üçün əhali əkin-biçin məsələsində çox passivdir.
Rayonun abadlaşdırılması üçün büdcədən çoxlu pullar ayrılır. Ayrılan 6-7 milyon pulla yalnız Şamaxının mərkəzi hissəsinin abadlaşdırılır. Ümumiyyətlə hər yeni gələn icra başçısı köhnənin tikdirdiklərini sökdürür, büdcədən ayrılan pulları yenidən abadlışdırmaq adı ilə korrupsiya yolu ilə mənimsəyir. Şamaxı da bu cəhətdən istisna deyil, büdcə vəsaitləri çox məsuliyyətsiz yolla dağıdılır, əhaliyə dövlət dəstəyi yoxdur. Adamlar aclıqdan yaxa qurtarmaq üçün müxtəlif ağır işlərdə çalışırlar”.
Qənimət Zahid deyir ki, rayonda əhalinin əsas dolanışıq mənbəyi əkinçilikdir. İnsanlar əsasən taxıl əkir.
“Amma məhsuldarlıq çox aşağıdır və əkilən taxıl bir ailənin bir ili yola verməsinə ya çatar, ya çatmaz. Bundan başqa, heyvandarlıqla da məşğul olanlar var, amma bununla bağlı da bir sıra məhdudiyyətlər var”.
Örüş qıtlığının olduğunu deyən həmsöhbətimiz bunu yaradan əsas səbəbini həmin sahələrin ölkənin oliqarxlarının əlində cəmləşməsilə bağlayıb.
“Oliqaraxların özlərinin böyük heyvan sürüləri olduğu üçün örüş yerləri də xeyli dərəcədə onlar tərəfindən zəbt olunub. Digər tərəfdən böyük miqdarda torpaq sahələri onların əlinə keçib. Məsələn, bilirəm ki, Kəmaləddin Heydərovun Şamaxıda 200 hektardan çox torpaq sahəsi var. Çox böyük sahələr alınıb, üzüm plantasiyaları salınıb. Üzüm plantasiyalarında çalışanlar isə onlara qul kimi aşağı şərtlərlə işə cəlb olunur”.
Şamaxıda qaz, işıqla bağlı problemlər olmasa da, rayonda su çatışmazlığı var. Baş redaktor rayonun suyu bol olan zona olmasına baxmayaraq, mərkəzdə dəhşətli su qıtlığının olduğunu bildirir. Onun sözlərinə görə, hər il milyonlarla pul şəhərin abadlaşdırılmasına xərclənir, amma şəhərin su təhcizatı həllini tapmır ki, tapmır.
Müsahibimiz eyni zamanda qeyd edib: “Bütün Azərbaycanda olduğu kimi, Şamaxıda da təhsil sistemi çox dağınıq, çökmüş haldadır. Xüsusilə kənd məktəbləri yarıdan az göstərici ilə işləyirlər. Məktəbyaşlı uşaqlar kənd təsərrüfatında əməyə cəlb olunur”.
Həmsöhbətimiz rayonun səhiyyə sistemində də problemlərin olduğunu vurğulayıb. “Xəstəxana çox yaxşı təmir olunub. Orada yaxşı həkimləri mən də tanıyıram. Amma kəndlərdə səhiyyə xidməti yoxdur. Diaqnostika Mərkəzi tikilsə də, qiymətlərin baha olması səbəbindən yerli əhali ora müraciət edə bilmir”.
Rayonun icra başçısının fəaliyyətinə gəlincə, Qənimət Zahid insanların onun fəaliyyətindən xəbərsiz olduğunu bildirib.
“İcra başçısı Akif Məmmədov icra aparatının işçiləri ilə yola getmir. Rayon birinci müavini ilə bu yaxınlarda adamların gözünün qarşısında əlbəyaxa döyüşü olub”.
Azərbaycanda hər hansı deputatın seçiciləri ilə maraqlanması barədə məlumatı olmadığını deyən baş redaktor Şamaxının hazırkı deputatı Elxan Süleymanovun şübhəli reputasiyaya malik olduğunu deyib.
“Mən seçkilərdən sonra onun Şamaxıda olması barədə heç bir informasiya sahibi deyiləm. Yerli proseslərə heç bir tanışlığı, imformasiyası olmayan bir adamdır. Avropa Şurasında nümayəndə heyətinin tərkibində olduğunu bilirəm, ancaq onu da bilirəm ki, o ingilis dilində və ya hansısa başqa dildə o qədər də mükəmməl bilmir. Onun hansı keyfiyyətlərə görə ora daxil edilməsi isə artıq başqa mövzudur. Qeyd etdiyim kimi, Elxan Süleymanovun Şamaxı seçiciləri qarşısında heç bir öhdəliyi yoxdur” deyə Qənimət Zahid əlavə edib.
“Unikal” qəzetinin əməkdaşı İlman Elmanoğlu hesab edir ki, ölkədə yaranmış sosial-iqtisadi vəziyyəti hələlik normal qiymətləndirmək mümkün deyil. Bu baxıəmdan Şamaxı da fərqlənmir. O, Şamaxıda olduğu zaman əhalinin yaşayış səviyyəsinin o qədər də yaxşı olmadığını müşahidə etdiyini bildirib.
“Düzdür, rayonda müxtəlif zavod və fabriklər fəaliyyət göstərir, amma əhalinin məşguliyyətində kənd təsərrüfatı önəmli yer tutur. Bu da əhalinin yaşam səviyyəsinin kənd təsərrüfatından asılı olduğunu ortaya qoyur. Ancaq onu qeyd edə bilərəm ki, son vaxtlar üzümçülüyə marağın artması rayonun əvvəlki üzümçülük şöhrətini bərpa edə bilər”.
Müsahibimiz Şamaxıda insanların əsas dolanışıq mənbəyinin kənd təsərrüfatı sahəsi olduğunu bildirib.
“Bundan başqa rayonda büdcədən maliyyələşən müəssisələrdə də çalışanlar var. Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı səsləndirilən fikirlərlə rayonun iqtisadi durumu o qədər də uyğun gəlmir. Ölkənin başqa rayonlarında olduğu kimi, Şamaxıda da əhalini vəziyyətinə və yaşamına normal deməkdə çətinlik çəkirəm. Çünki Azərbaycanın regionlarında Prezidentin sərəncamlarına düzgün icra olunmur. Bu eyni zamanda Şamaxıya da aiddir”.
İ.Elmanoğlu rayonun qaz, işıq problemlərindən də danışıb. Jurnalistin sözlərinə görə rayon mərkəzində işıqla bağlı problem olmasa da, qaz verilməsində hələ də müəyyən fasilələr qalmaqdadır.
“Belə ki, rayon mərkəzində qaz fasilələrlə verilir ki, bu da əhali arasında narazılığa səbəb olur. Kəndlərə qaz xətləri çəkilsə də, əhali hələ də mavi yanacaq üzünə həsrət qalıb. Əhali istilik təminatı üçün məcburən Pirqulu meşələrindəki ağacları qırır. Bu da rayonun gələcəkdə turizm mərkəzinə çevrilməsi ehtimalını da sıfıra endirir. Ona görə rayonda Prezidentin fərmanına uyğun olmayan məqamlar baş verir. Belə ki, kəndlərdə “kəndxudalar” hələ də ağalıq edirlər. Bu cür hallar əhali arasında narazılığa səbəb olmaqla yanaşı, normal yaşama da mane olur” deyə həmsöhbətimiz əlavə edib.
Şamaxının problemlərinin bununla bitmədiyini deyən İlman Elmanoğlu rayonun təhsil və səhiyyə sisteminin də iflic vəziyyətdə olduğunu qeyd edib.
“Rayon məktəblərində şagirdlərin dərsdən yayınma hallarının hələ də qarşısı alınmır. Bundan başqa sakinlər öz övladlarının yaxşı təhsil alması üçün məktəblərdən ayırıb özəl liseylərə və ya fərdi müəllim yanına göndərməyə məcbur olurlar ki, bu da əhalinin normal olmayan yaşamını daha iflic vəziyyətinə salır.
Şamaxının səhiyyə sistemində də bəzi axsamalar var. Rayonda istifadəyə verilən Diaqnostika Mərkəzi müasir ixtisaslı həkim üzünə həsrət qalıb. Mərkəzin müasir avadanlıqlarla təchiz olunmasına və pulsuz xidmət əmrinə baxmayaraq, hələ də rüşvət verməyənlərin tibbi müayinəsi mümkün deyil. Mən bütün bunların şahidi olduğum üçün əminliklə deyə bilərəm ki, pul verilməyəndə həkimlər xəstəyə ögey münasibət bəsləyirlər”.
Həmkarlarından fərqli olaraq İlman Elmanoğlu yeni icra başçısının fəaliyyətindən razıdır.
“Yeni icra başçısı ilk vaxtlar mənə də xoş təsir bağışlamamışdı. Amma onun sonradan etdiyi hərəkətlər fikrimi dəyişməyə məcbur etdi. Rayonda ən çox kədərləndiyim vəziyyət Mirzə Ələkbər Sabirin heykəlinin ucaldığı yer idi. Heykəl demək olar ki, tamamilə dağılmışdı. Amma yeni icra başçısının müvafiq göstərişlərinə əsasən, onun abidəsinin ətrafı təmir olunur. İcra başçısının şəhərdə apardığı abadlıq işlərini hələlik normal qiymətləndirmək olar”.
Sonda doğulduğu rayondan seçilən deputat barədə danışan müsahibimiz “Şamaxıdan seçilən deputatın rayon caamatına son Qurban bayramında etdiyi yardımlar təqdirəlayiq addım oldu. Amma yerli camaatla görüşlərdə deputatın aktivliyi hiss olunmur. Ona görə də arabir xalqla görüşmək deyil, mütamadi olaraq xalqın arasında olmaq və onların problemlərini həll etmək lazımdır. Seçicilərlə görüş o qədər də əhəmiyyətli deyil. Əsas olan əhalinin sosial durumundakı problemlərin Milli Məclisdə müzakirəsinə nail olmaqdır. Əgər bu proseslər baş verərsə, gələcəkdə xalq öz deputatına sadiqlik nümayiş etdirə bilər. Deputatın da öz növbəsində xalqdan səs tələb etmək haqqı olacaq” deyə əlavə edib.