Azərbaycan davamlı olaraq inkişaf etdikcə, ölkəmiz beynəlxalq arenada daha qüdrətli söz sahibinə çevrildikcə xarici siyasi dairələrin qısqanclığına, narahatlığına, onların qeyri-obyektiv fikirlər səsləndirməsinə səbəb olur. Dövlətimizin əldə etdiyi ardıcıl uğurları sırasında bütün sahələr – həm mədəniyyət, həm siyasət, həm də iqtisadiyyat kimi amillər dayanıb ki, bu mövcudluq, bu reallıq həmin dairələr tərəfindən həzm olunmur. Xüsusilə burada anti-Azərbaycan meyilli qüvvələrin “canfəşanlığını” vurğulamaq mümkündür. Həmin qüvvələrin müəyyən qərb mətbuatı vasitəsilə dəridən-qabıqdan çıxmaları araxasında da məlum məsələlərin dayandığı şəksizdir və həmin məsələlərin başıca faktoru söz sahibinə çevrilən dövlətimizə qara ləklər yaxmaq cəhdidir…
Belə ki, Böyük Britaniyada nəşr olunan “Guardian”, “The Ekonomist” kimi mətbu orqanların ölkəmizdə keçiriləcək “Eurovision” beynəlxalq musiqi yarışması ətradında qərəzli məqalələr dərc etmələri özündə heç bir həqiqəti əks etdirmir. Ümumiyyətlə, adıçəkilən Britaniya nəşrlərinin özündə mədəniyyəti ehtiva edən bir yarışma haqqında yazarkən bunu siyasi motivə yönəltmək cəhdləri məqalələrin bilavasitə sifariş xarakterli olmasına dəlalət edir. İngilis mətbuatı əlində heç bir dəlil-sübut olmadan guya Azərbaycanda media azadlığının olmamasını, insan haqlarının pozulmasını qələmə almaqla görünür Britaniyada baş verən hadisələri arxa planda gizlətməyə səy göstərir. Yəni əsil faktı bir kənara qoyub dezinformasiya yaymaqla məşğuldur. Əgər “Guardian”, “The Ekonomics” kimi qəzetlər bu qədər “demokratiya aşiqləridirlərsə” nəyə görə yay aylarında məlum London iğtişaşları zamanı həbs olunan və hələ də həbsdə saxlanılan “Facebook” məhbuslarının (Perri Satkliff və Cordan Blekşou 4 il müddətinə azadlıqdan məhrum olublar – R.N.) azadlığa çıxması istiqamətində mübarizə aparmır? Nəyə görə “demokratik” Britaniya mətbuatı London hadisələrini işıqlandırmamaqla, öz dərd-sərinə qalmamaqla (buraya “News of the World”, “The Sun” qəzetlərinə qarşı yönəldilən təzyiqləri də aid etmək olar-R.N) digər dövlətlərin, xüsusilə Azərbaycanın daxili işlərinə qarışır, hər vəchlə onlara verilmiş siyasi sifarişləri yerinə yetirir? Əgər onlar bu qədər “demokratiyaya xidmət” edirlərsə, ölkələrində qoyulmuş media qadağalarının, məhdudlaşdırmaların aradan qaldırılması üçün müvafiq işlər görsünlər. Görmürlərsə, demək əsil anti-demokratiya küləyi elə Britaniyanın özündə istədiyi səmtdə əsir. Lap ingilis bayrağı kimi…
Kökü BBC-də qoyulmuş qərəz
Onu da xatırlatmaq yerinə düşərdi ki, bu ilin avqustunda hakimiyyətlə vətəndaşlar arasında yaranmış hadisələr səngiməmiş, Britaniyanın BBC adlı media qurumu Azərbaycana qarşı ardıcıl hücumlar etməyə başlamışdı. Bu hücumlar təbii ki, heç bir nəticə verməməklə yanaşı, bir daha sübut etdi ki, əslində İngiltərə mətbuatı asılı vəziyyətdə, sifarişlər əsasında fəaliyyət göstərir. Bu isə “demokratiya” bağıran müvafiq qərb mediasının tam əks sifətini ifşa edir. Daha dəqiqi desək, bu gün “Guardian”, “The Ekonomist” kimi qəzet nəşrləri kökü BBC-də qoyulmuş qərəzdən maksimum şəkildə “faydalanırlar”.
Guya Azərbaycanda insan haqlarının, media azadlığının pozulduğunu iddia edən Britaniya mətbuatı “Eurovusion” yarışmasının ölkəmizdə keçirilməsinin “düzgün olmadığını” iddia etməklə, əslində London-2012 olimpiadasının İngiltərədə keçirilməsini sual altında qoyur. Çünki məhz bu ölkədə media azadlıqları dövlət səviyyəsində məhdudlaşdırılır. Və heç kim zəmanət verə bilməz ki, olimpiada zamanı hadisələri qeyd etmək istəyən jurnalistlərə Britania polisi təzyiq etməyəcək. Çünki bu hal artıq Britaniyada ənənə şəklini almışdır. Ona görə də kökü BBC-də qoyulmuş qərəzin digər mətbu orqanlarda yayılması həm də İngiltərədə baş verənlərin gizlədilməsi anlamını verir.
“Facebook” və “Twitter” yasağının ardınca “sıfır dözüm” proqramı
Lakin Britaniya siyasi dairələri bu deyilənlərlə də işini bitmiş hesab etmir. Yəni onlara məxsus mətbu orqanlarında sifarişli yazılar dərc etdirən Britaniya hökuməti demokratiyaya, söz və fikir azadlığına daha da qarşı çıxmaq üçün ABŞ-da icra edilən anti-demokratik variantdan istifadə etməyi məqbul hesab etdi. Belə ki, Britaniyanın siyasi dairələri ABŞ-a bununla bağlı müraciət edərkən, “sıfır dözüm” proqramının uyğulanmasına başladı. Bəs “sıfır dözüm” proqramı nədir? Belə ki, bu proqram ən az, seçilməyəcək qədər qanun pozuntusuna görə insanlara qarşı ən sərt, aqressiv tədbirlərin reallaşmasını nəzərdə tutur. Tutaq ki, Londonda gəzirsən və kağız tullantısını zibil urnasına atarkən, kağız urnaya deyil, yerə düşür. Bu isə London polisinin gözündən yayınmır. Nəticədə əl-qolunu burub aparırlar polis məntəqəsinə. Qısacası məhkəmə bu əməlinə görə sənə 1 il iş kəsir (?!) Budurmu insan azadlığının qorunduğu ABŞ və Böyük Britaniya demokratiyası?! Hər halda İngiltərənin baş naziri Devid Kemeronun vətəndaş azadlıqlarının məhdudlaşdırılması, vətəndaş məsuliyyətinin artırılması, internet istifadəçilərinə qarşı ciddi cəza tədbirlərinin görülməsi barədə etdiyi “tarixi” çağırışları “sıfır dözüm” proqramına tərəf atılan utanc addımıdır.
“Eurovision” 2012 yarışması bütün mövcud həqiqətləri belələrinin üzünə sillə təki vuracaq
Hələ bu ilin mart və aprel aylarında Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət partiyaları xarici qüvvələrin ssenarilərinin icraçısına çevrilərək sosial şəbəkələrdə hakimiyyətə qarşı qanunazidd addımlar atmağa çağırışlar edirdilər. Lakin bütün bunlara baxmayaraq ölkəmizdə nəinki internet, eləcə də sosial şəbəkələrə çıxışlar məhdudlaşdırılmadı. Bu gün Britaniya mətbuatı məhz bu barədə yazmalı, öz ölkələrində yaşayan vətəndaşlarına Azərbaycandakı demokratiyadan ibrət, nümunə göstərməlidirlər. Bu əsnada yetərincə bəlli olur ki, öz səhvlərini, anti-demokratik addımlarını müxtəlif vasitələrlə gizlətmək istəyən Britaniya başbilənləri Azərbaycanın qazandığı yüksək imicə xələl gətirə bilmək iqtidarında deyillər. Çünki Azərbaycan demokratik və azad ölkədir.
Sonda onu da vurğulamaq mümkündür ki, Azərbaycan 155 dövlət müdafiə edir. Bunu BMT –dəki seçkilər də təsdiq etdi. Anti-Azərbaycan fəaliyyətə daha çox vəsait xərcləyən siyasi dairələri isə nigarançılıqda qoyan odur ki, 2012-ci ildə “Eurovision” Azərbaycanda baş tutarkən, ölkəmizin həqiqətləri, demokratik mühiti, inkişaf tendensiyası bütün dünyanın gözü qarşısında olacaq. Onlar bu reallıqdan güclü təlaş hissləri keçirirlər. Məhz bu səbəbdəndir ki, Britaniya mətbuatının sifarişlə işləyən media qurumları siyasi güdazlara gedirlər. Bu isə onların ziyanınadır ki, xeyirlərinə deyil. Çünki Azərbaycanda keçiriləcək “Eurovision” 2012 yarışması bütün həqiqətləri belələrinin üzünə sillə təki vuracaq!