Bir millətin dilini kəsib yerindən qoparmaq elə də asan başa gələn bir şey deyil. Hər bir xalqın dili onun gələcəyinin aynasıdır. Bir xalqın tarixi, mədəniyyəti, soy kökü və mənəviyyatının ölçü vahidi onun dilinin zənginliyindən irəli gəlir. İnsanın vətənpərvərliyi onun təkliyində hiss olunmur. Hər bir insan qürbətdə olduğu zaman patriot hisslərə qapılır və dilini, bayrağını və ona mənsub olan hər bir kiçik detalları belə mənimsəməyə, qısqanmağa başlayır.
Əslində, bu duyğu hiss etdiklərimizin qürbətdə üzə çıxmasına şərait yaradır. Düzdür, hər bir insana bu xüsusiyyəti aid etmək olmaz, ancaq mənliyini və şərəfini sevən hər bir şəxs öz dilini digər dillərdən bir neçə pillə üstün tutmalı və onu gələcək nəsillər üçün öz qızıl sandığında gizlətməlidir. Bəzən dillərin məhv olması “ölü dil”lərin tarixə düşməsinə gətirib çıxarır. Bu “ölü dillər” isə digər dillərə “əgər sənə də baxmasalar, sən də mənim kimi ölə bilərsən” ismarıcı ilə bir növ qorxu psixologiyasını yaşadır. Buna görə bir çox nəhəng dövlətlər dil siyasətini inkişaf etdirməklə virus şəklində bu dilləri digər xalqların içərisinə buraxır və bu, cəmiyyətdə birmənalı qarşılanmır. Bu gün biz bu cür hallarla kifayət qədər rastlaşırıq və onun ağır nəticələrini tarxi boyu görmüşük. Əslində, biz ağıllı xalqıq. Sevməyi bacarmaqla özümüzü sevdirməyi də bacaran bir xalqıq. Bizi sevənlərin içərisində bizim dilimizdə daha ahəngdar səslənən musiqilərimizi olduğu kimi köçürən, onun aranjemanında heç bir dəyişiklik etmədən onu xalq musiqisi adı ilə verən insanların sevgisini qazanmışıq. Bəlkə də, dilimizi buna görə sevirlər. Bəlkə də, buna görə vaxtilə separatçılıq meyarlarını gənclər arasında yayıb Azərbaycanı bölməyəçalışırdılar. Bu cür ideoloji ölüm silahları ilə silahlanmış bir qrup ermənipərəst mövqedən çıxış edən insanlar məhz dilimizi, yəni mədəniyyətimizi, tariximizi, mənəviyyatımızı – bir sözlə, bizi biz edən bütün varlıqları buna görə bizdən almaq istəyirdilər.
Əlbəttə, hər bir dilin özəlliyi və özünəməxsus ahəngdarlığı var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin analoqu yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Vaxtilə əcnəbi dillərə meyilli olan insanlar ana dilində danışmağı özlərinə ar bilirdilər. Hətta elə bir məqam yaranmışdı ki, Azərbaycanın rəsmi dairələrində, dövlət idarələrində özgə dildə danışmağa üstünlük verilirdi. Quruluşun sərt rejimi bir sıra məmurlar arasında doğma dilimizə qarşı ögey münasibət yaratmışdı.
Bütün ziddiyyətli dövrlərdə Azərbaycanın yazıçı və şairləri dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirdilər. Onlar ana dilindəyazıb yaratdılar. Bunun da nəticəsində dilin şirinliyi, təbiiliyi qorunub saxlandı.
Tarix kimi keçmişi gələcəyə calayan ikinci bir güclü vasitə heç yerdə tapılmaz. Tarix də göstərir ki, ulu öndərin hakimiyyətə gəlişindən sonra, 70 illik sovetdənqalma söz yığını dilimizin yataq otağına daxil olmuşdu. Bu sözləri dilin yataq otağından çıxarmaq üçün bir çox işlərin görülməsi labüd idi. Ulu öndər bunu çox gözəl anlayır və bu iş üçün tədbirlər planı hazırlamışdı. Təbii ki, ölkə başçısının bu missiya uğrunda çalışmağı üçün ilk növbədə gənc nəslin üzərinə böyük öhdəliklər düşürdü. Çünki sovetlərin ardından orta nəslin dil bazası, demək olar ki, ruslaşmış və özündə bu cür böyük ideoloji yük daşıyan siyasəti beyinlərdən silmək çox çətin bir işə çevrilmişdi. Ancaq gənc nəsil ölkəmiz kimi gənc idi və onların hər ikisi biri-birinə tutunaraq böyüm əyə çalışırdı. Məhz belə də oldu. Həyat göstərdi ki, Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq onu sevməklə bərabər, keşiyində də mərdliklə dayandı, nüfuzunu qaldırdı, tərəqqisi üçün illərlə mübarizə apardı və istəyinə nail oldu. Elə bu şərəfli xidmətin nəticəsidir ki, ana dilimizin adı çəkilən kimi ulu öndəri xatırlayırıq. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində ümummilli lider Heydər Əliyevin xidmətləri unudulmazdır. 18 iyun, 2001-ci il tarixində ümummilli lider tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman verildi. Həmin tarixi fərmanda Azərbaycan ədəbi dilinin portreti çox aydın çəkildi, keçdiyi tarixi yola ətraflı işıq salındı. Həmin fərmanda deyilirdi:
“Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək onu
Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər”.
Bu tarixi fərman Azərbaycan ədəbi dilinin taleyinə, sözün həqiqi mənasında, yaşıl işıq saldı.
Bu gün artıq öz dilimizdə mətbuat, kitablar, elektron xidmətlər və bir sıra nəşrlər çap olunur. Unutmaq lazım deyil ki, gənclik cəmiyyətin lokomotivi və onun avanqardıdır. Bu lokomotiv isə heç zaman odunsuz və kömürsüz öz yolunda irəliləyə bilməz. Bizim gəncliyimizin məhz mənəvi qidası onun dilidir. Hər bir Azərbaycan vətəndaşı bu dilin zənginliyini
öz sərvəti kimi qorumalı və onu gələcək nəsillərə çatdırmalıdır. Necə ki ulu öndər Heydər Əliyev deyib: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanliyam”.