Milli Teleradio Şurası Televiziya Akademiyasının yaradılmasını zəruri sayır

“Azərbaycanda televiziya sahəsində mövcud olan kadr problemini həll etmək məqsədilə Televiziya Akademiyasının açılması məsələsini gündəmə gətirmək lazımdır”.
Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. O deyib ki, hazırda kadr problemi televiziya sahəsinin ən ciddi problemlərindən biridir.

Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, Azərbaycanda son zamanlar televiziya-radio kanallarının sayı xeyli artsa da, bu sahədə çalışanların çox cüzi hissəsinin ixtisası jurnalistdir. Bu da müəyyən problemlər yaradır.

MTRŞ sədri əlavə edib ki, hazırda Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və digər ali məktəblərdə jurnalistika fakültəsi fəaliyyət göstərsə də, bu, yetərli deyil.

Nuşirəvan Məhərrəmli həmin müəssisələrdə hazırlanan kadrların televiziya kanalları tərəfindən qəbul edilməməsinə də təəssüflənib.

“Telekanallar onların bilik keyfiyyətini aşağı hesab edirlər. Telekanal rəhbərləri də dəfələrlə bizə deyiblər ki, müsabiqədə iştirak edən zaman həmin jurnalistlərin bilik keyfiyyətinin çox aşağı olduğu qənaətinə gəliblər. Buna görə də kadr hazırlığı aparan müəssisələr çalışmalıdırlar ki, bu və ya digər yollarla kadrların peşəkarlığını artırsınlar”, – Şura sədri əlavə edib.

Bütün bu problemlərin həlli üçün Televiziya Akademiyasının yaradılmasını çox vacib sayan Nuşirəvan Məhərrəmli deyib ki, gələcəkdə MTRŞ Televiziya Akademiyasının yaradılması məsələsini gündəmə gətirməlidir. Bu akademiyada sırf televiziya ilə bağlı mütəxəssislərin hazırlanması işinə başlamaq lazımdır.

Nuşirəvan Məhərrəmli deyib ki, hazırda ayrı-ayrı dövlət qurumlarının nəzdində xüsusi akademiyalar fəaliyyət göstərir. Həmin akademiyalar sırf həmin sahə üçün mütəxəssislər hazırlayır.

Şura sədrinin fikrincə, eyni halı televiziya və radiolar üçün də etmək olar. Amma həmin akademiya hansısa televiziyanın deyil, MTRŞ-nin bazasında yaradılmalıdır. Çünki bu halda bütün televiziya kanalları üçün dəyərli kadr hazırlığı aparmaq olar.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO