Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda Bəyannamə qəbul edilib. Azərbaycan Mətbuat Şurası Forumun Bəyannaməsini açıqlayıb. Modern.az Bəyannaməni olduğu kimi tədim edir.
– Azərbaycanın paytıxtı Bakıda keçirilən, türkdilli ölkə və toplumlar arasında iqtisadi, mədəni əlaqələrin qurulmasına, onların dünya informasiya məkanına daha sıx inteqrasiya etməsinin təminatına kömək göstərməyi başlıca hədəf olaraq müəyyənləşdirən Türkdilli Ölkələrin və Toplumların II Media Forumu Türkiyədən, Qazaxıstandan, Türkmənistandan, Qırğızıstandan, Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Tuva, Saxa, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən – İraqdan, Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, Kosovadan təşrif buyuran nümayəndələrin aktiv fikir mübadiləsi, mövzu ətrafındakı dolğun çıxışları və türk media birliyinin möhkəmləndirilməsinə yönələn dəyərli təşəbbüsləri ilə yadda qalaraq tarixə qovuşdu.
İdeya olaraq Bakıda 2009-cu ildə «Azərbaycan Türkiyə mediası: bənzərliklər və fərqliliklər» mövzusunda baş tutan konfransda formalaşan, 21-22 dekabr 2010-cu ildə Ankarada Türkdilli Ölkələrin və Toplumların I Media Forumunda həyata vəsiqə qazanan türk media birliyi təşəbbüsü bu gün daha səmərəli şəkildə inkişaf etdirilməkdədir.
Forumda səslənən dəyərli fikirlər beynəlxalq arenada ölkələr və toplumlar arasındakı əlaqələrin sağlam təməllər üzərində qurulmasının, ilk növbədə bu ölkələrdə yaşayan millətlərin qarşılıqlı anlayış, dialoq və mədəniyyət zəminində ortaq faydalar ətrafında birləşdirilməsinin mümkünlüyünü bir daha isbatladı. Bütün bunları nəzərə alaraq, biz Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun iştirakçıları Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Nizamnaməsini rəhbər tutur, inteqrasiya, işbirliyi proseslərinin dərinləşdirilməsi istiqamətində əməli addımların atılmasının zəruriliyini bəyan edir və qərara alırıq:
1. Türkdilli Ölkələrin və toplumların media qurumlarının ortaq tarix, dil, milli mənsubiyyət və mədəniyyətə əsaslanan ortaq mənfəətləri və əlaqələrini daha da inkişaf etdirməsi istiqamətində səylər artırılsın;
2. Media mənsubları, media qurumları arasındakı əlaqələrin inkişafını təmin etmək, təcrübə mübadiləsinin genişləndirilməsini həyata keçirmək istiqamətində addımlar atılsın;
3. Media birliklərinin türkdilli xalqlar və toplumların ortaq maraqlarının təbliği prosesinin daha da intensivləşdirilməsindəki rolu artırılsın;
4. Media sahəsindəki təcrübələrin paylaşılması və fikir mübadiləsinin dərinləşdirilməsi üçün qarşılıqlı ziyarətlərlə yanaşı, ortaq seminar, konfrans və s. tədbirlər təşkil edilsin;
5. Birlik üzvləri üçün önəmli olan məsələlərlə bağlı media qurumları və media mənsubları arasında ortaq düşüncə və yanaşma tərzinin formalaşdırılması istiqamətində fəaliyyət aparılsın;
6. Türkdilli ölkələrin və toplumların ortaq internet portalının qurulması, birliyə aid hər bir bölgədəki curnalistlərin yaradıcılıq məhsullarının həmin portalda yerləşdirilməsi, bu prosesin sistemləşdirilməsi istiqamətində addımlar atılsın;
7. Media təhsili sahəsində Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Nizamnaməsində nəzərdə tutulan digər əməkdaşlıq prioritetlərinin reallaşdırılmasına dəstək göstərilsin;
8. Türkdilli Ölkələrin və Toplumların III Media Forumunun Qırğızıstanda təşkili üçün tədbirlər görülsün.