Gündəlik nəşr edilən “Xural” qəzeti dünən çap edilməyib.
SalamNews-un məlumatına görə, bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna sözügedən qəzetin baş redaktoru Əvəz Zeynallı məlumat verib. Ə.Zeynallının sözlərinə görə, “Ekspress” mətbəəsi qəzetin çapından imtina edib.
Ə.Zeynallı mətbəənin imtinasının siyasi sifariş olduğunu güman etdiklərini deyib: “Texniki avadanlığımız tam müsadirə olunsa da, oktyabrın 20-də həmkarların, dostların ayırdığı noutbuklar hesabına çalışıb növbəti sayı çapa hazırladıq. Ancaq təəssüf ki, 10 ildir ki çap olunduğumuz “Ekspress” mətbəəsinin rəhbərliyi bizimlə əməkdaşlığı dayandırdığını bəyan etdi. Başqa mətbəə axtarmaq məcburiyyətindəyik, niyyətimiz qəzetin çap olunmasına nail olmaqdır”.
Xatırladaq ki, oktyabrın 19-da Nərimanov rayon məhkəmə icraçıları “Xural” qəzeti redaksiyasının əmlakına baxış keçirib və qəzet gündəlik dərc olunandan sonra alınan avadanlıqlar siyahıya alınaraq, daha sonra müsadirə edilib. Praktik olaraq müsadirə olunan mülkün çox az hissəsi “Xural” qəzetinə məxsus olub. Habelə məhkəmə icraçıları “Xural” qəzetinin redaksiyası ilə eyni binada yerləşən “liberal.az” saytının bir otaqlı ofisindəki əmlakın da “Xural” qəzetinə aid olduğunu ehtimal etdiklərini deyərək müsadirə ediblər.
“Xural” qəzeti 2002-ci il oktyabr ayından həftəlik, bu il sentyabrın 20-dən gündəlik dərc olunur.