İnternet tariflərinin aşağı düşməsi niyə hiss edilmir?

ANS PRESS-in araşdırması bəzi mətləblərin üstünü açdı

Oktyabrın 1-dən etibarən Azərbaycanda internet tarifləri aşağı endirilib. Hələ avqust ayının 31-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) İnternet üzrə Əlaqələndirmə Şurasının toplantısında ölkədə mövcud internet tariflərinin sentyabrın 1-dən etibarən orta hesabla 130 manatdan 60 manatadək endirilməsi qərara alınmışdı. İclasda bununla yanaşı ölkənin aparıcı internet provayderi olan “Delta Telecom” şirkətinin oktyabrın 1-dək 1 MBt/saniyə sürəti üçün tarifin 275 manatdan 110 manatadək endirməsinə dair qərar qəbul olunmuşdu.

RİTN-nin avqustun 31-də çıxardığı qərarı “Delta Telecom” şirkəti sentyabrın 1-dən tətbiq etməyə başladı. Bu vaxtdan etibarən aparıcı provayder şirkətlərə internet trafikini əvvəlki qiymətlərdən ucuz satmağa başlayıb. Dövlət internet provayderləri olan “Aztelekom” və “Bakinternet” şirkətləri isə oktyabr ayının 1-dən genişzolaqlı internet xidmətlərinin qiymətlərinin aşağı salındığını elan etdi. Kanalın sürətindən asılı olaraq tariflərin 25-50 faiz endiriləcəyi bildirilir. Ümumilikdə isə orta hesabla qiymətlərin 40 faizi aşağı düşəcəyi məlumatı verilir. Bundan başqa oktyabrın 1-dən etibarən provayderlərin xidmətlərinə əvvəllər qoşulmuş abonentlərin kanal sürətinin artırılacağı deyilir. Məsələn, əvvəllər 1 Mbit/s kanal sürəti üçün 20 manat ödəyən abonent, oktyabrın 1-dən etibarən internetə 2 Mbit/s sürəti ilə daxil olacaq.

Gründüyü kimi RİTN internet tariflərinin aşağı salınması üçün öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Bəs rəsmi qurumun gördüyü tədbir reallıqda internet bazarındakı qiymətlərə təsir göstərdimi? Bu suala cavab tapmağa çalışdıq.

İnternet klublarında qiymətin aşağı düşməsi müşahidə edilmir

Əvvəlcə sualımıza cavabı Bakıda fəaliyyət göstərən internet klublarda tapmağa çalışdıq. “Elmlər Akademiyası” metrostansiyasının ətrafında yerləşən internet klublarından bəzilərində olduq. Müşahidələrimiz əsasında belə qənaətə gəldik ki, Azərbaycanda internet tariflərinin ucuzlaşması hələ ki, internet klublara sirayət etməyib. Belə ki, “Elmlər Akademiyası” metrostansiyası ətrafında fəaliyyət göstərən internet klublarda internetdən bir saat istifadənin qiyməti 60-40 qəpik arasında dəyişir. Sürətin 4096 kbts olduğu iddia edilən internet klublarda isə qiymət hətta 70-80 qəpikdir. Ancaq belə internet klublarda internetin sürətinin həqiqətən təqdim edildiyi kimi olmadığı internetdən istifadə etdiyin ilk andan etibarən aydın olur.

Biləcəri qəsəbəsində yerləşən internet klublarda apardığımız araşdırmalar nəticəsində tarifin ötən aylardan fərqlənmədiyi məlum oldu. Belə ki, Biləcəri internet klublarının əksəriyyətində internetdən istifadənin bir saatı 40 qəpiyədir. Ancaq internet klublarından gündəlik istifadə edən bəzi müştərilərlə söhbətimizdən aydın oldu ki, Biləcəri internet klublarında qiymət aşağı düşməsə də keyfiyyət baxımından irəliləyiş hiss olunmaqdadır.

Oktyabrın 1-dən tətbiq edilən tariflər son hədd deyil

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz də internetin qiymətinin aşağı salınmasının hiss edilməməsinə aydınlıq gətirib. O, hazırda Azərbaycanda 30 provayderin fəaliyyət göstərdiyini və bu provayderlərdən isə yalnız 15-20 faizinin tarifləri aşağı saldığını bildirir: “Bizim əsas təsir etmək imkanlarımız dövlət provayderlərinədir. Söhbət təbii ki, ictimai təsirdən gedir. Özəl provayderlərin bir neçəsi istisna olmaqla böyük əksəriyyəti qiymətləri aşağı salmayıb. Ümumilikdə, 30 provayderdən yalnız 7-8-i qiymətləri endirib. Düşünürəm ki, internet tariflərinin enməsi daha çox ölkəmizdə rəqabət mühiti formalaşdıqdan sonra müşahidə ediləcək. Düşünürəm ki, vaxt gələcək insanlarımız keyfiyyəti yüksək, qiyməti aşağı olan provayderlər üzərlərində seçim edəcəklər. Bunun üçünsə müəyyən vaxt tələb olunur”.

Osman Gündüz oktyabrın 1-dən əsasən dövlət provayderləri olan, bazarda 20 faiz xüsusi çəkisi olan “Bakinternet”, bundan başqa “Aztelekom” və regionlarda fəaliyyət göstərən “Dataplus” kimi provayderlərin tarifləri endirdiklərinə diqqət çəkib. “Adıçəkilən provayderlər tarifləri əsasən iki istiqamətdə endirdilər. Onlar həm qiyməti saxlayaraq sürəti artırdılar, həm də əlavə xidmət almaq istəyənlər üçün yeni tarif tətbiq etdilər. Əgər əvvəllər 1 MBt/saniyə internet almaq üçün 20 manat xərc çəkilirdisə, indi bunun üçün 10 manat ödəmək kifayətdir”, – deyə Osman Gündüz bildirib.

AİF-nin prezidenti oktyabrın 1-dən tariflərin endirilməsi ilə bağlı monitorinqlər apardıqlarını da dedi. “Mən deməzdim ki, hər şey yüzdəyüz yaxşıdır. Hələ də internetdə keyfiyyətsizlik amilləri mövcuddur. Bunun günahı isə təkcə proveydərlərdə deyil. Provayderlərin internet oğurlamaqları halları da mövcuddur. Bunu etiraf etmək lazımdır. Ancaq Azərbaycanda internetin keyfiyyət məsələsi əsasən infrastrukturun standartlara cavab verməməsi ilə bağlıdır. Bildiyiniz kimi Azərbaycanda internet verilişi əsasən telefon xəttləri üzərindən keçir. Əgər bu telefon xəttləri calaqdırsa, xəttlər su ilə dolu kanalizasiya quyuları üzərindən keçirsə, o zaman şübhəsiz ki, internetin sürəti aşağı düşmüş olacaq”, – deyə AİF-nin prezideni bildirib.

Elektronlaşdırılan təkcə ATS-lərin daxilidir. Telefon xəttlərinin özü isə elektronlaşdırılmayıb

Osman Gündüz istifadəçilərə aşağı qiymətlə yanaşı keyfiyyətli internetin təqdim edilməsinin vacibliyindən söhbət açdı. Mütəxəssis bunun üçün isə ilk növbədə infrastrukturun yenilənməli olduğunu vurğuladı: “RİTN-dən bildirirlər ki, ATS-lər elektronlaşdırılır. Mən isə bildirirəm ki, elektronlaşdırılan təkcə ATS-lərin daxilidir. Telefon xəttlərinin özü isə elektronlaşdırılmayıb. Bax elə problemin kökü də buradadır”.

Osman Gündüz Azərbaycanda oktyabrın 1-dən tətqib edilən tariflərin hələ son hədd olmadığını hesab edir. “Düşünürəm ki, qiyməti hazırkı həddə saxlayaraq internetin sürətini artırmaq üçün imkanlar var. Azərbaycanda indi qiymətləri aşağı olduğu üçün 1 və 2 MBt/saniyə sürətlər daha çox istifadə olunur. Bu sürətlərin qiyməti isə 15-30 manatdır. İnkişaf etmiş ölkələrə baxdıqda isə 25-30 dollara 4-6 və ya 8 MBt/saniyə sürət ala bilərsiniz. Düşünürəm ki, Azərbaycanda qiyməti saxlamaqla 6-8 MBt/saniyə sürət vermək olar”, – deyə Osman Gündüz bildirib.

İnternet tarifləri 5-50 manat aşağı endirilib

Azərbaycanda dövlət provayderləri olan “Bakinternet” və “Aztelekom”dan da ANS PRESS-ə İnternet tariflərinin aşağı salınmasını təsdiq etdilər. “Bakinternet”dən verilən məlumata görə, təklif olunan sürətdən asılı olaraq tariflərdə minimum 5, 50 manatadək endirim olub. “Aztelekom”un ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Vidadi İsmayılın ANS PRESS-ə veridiyi məlumata görə, oktyabrın 1-dən etibarən şirkət istifadəçilərə təklif etdiyi internet tariflərini aşağı salıb. Endirim əsasən sürətdən asılı olaraq 5 manatdan başlayaraq 50 manatadəkdir.

Özəl provayderlərin dövlət şirkətlərinə nisbətən daha keyfiyyətli İnternetlə təmin etdiklərini və adi istifadəçilərin əsasən özəl şirkətlərinə üstünlük verdiyini nəzərə alsaq, adi istifadəçilər üçün çox şeyin dəyişmədiyi aydın olur. Belə çıxır ki, özəl provaydelərin endirimlər tətbiq edəcəyi təqdirdə, internet qiymətinin aşağı düşməsini yalnız kağız üzərində deyil, reallıqda da hiss edəcəyik.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO