Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə ölkəmizdə dövlət müstəqilliyinin bərpasının 20 illiyini, habelə Azərbaycan və Rusiya Federasiyası prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu işıqlandırmaq məqsədilə macar jurnalistlərindən ibarət qrup oktyabrın 10-da ölkəmizə gəliblər. Onlar ayın 16-dək respublikamızda səfərdə olacaqlar. (AzərTAc)
Beş nəfərlik qrupa ölkənin “Nepsabadşaq”, “Hepsava”, “Macar Hemzet”, “Macar Hirlap” qəzetlərinin və Macarıstan Xəbərlər Agentliyinin (MTİ) təmsilçiləri daxildirlər. Macar jurnalistlər Xarici İşlər Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində və Dövlət Neft Fondunda görüşlər keçirəcəklər. Onların Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov, Budapeştdə ömürlük həbs cəzası çəkən Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ailə üzvləri və Cəbrayıl rayonundan olan köçkünlərlə və s. görüşləri planlaşdırılır.
Macar jurnalistlər respublikamızın İsmayıllı, Qəbələ və Şəki rayonlarına səfər edəcək, müstəqillik illərində sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət sahələrində əldə edilmiş uğurlarla tanış olacaqlar.
Modern.az