Açıq Cəmiyyət İnstitutu Yardım Fondu 2011-ci il “Media və İctimai Vəsaitlərin Şəffaflığı” layihəsi çərçivəsində jurnalist müsabiqəsi elan edir.
Fonddan SalamNews-a verilən məlumata görə, müsabiqədə iqtisadiyyat (ictimai vəsaitlərin istifadəsində hesabatlılıq, şəffaflıq və səmərəlilik) sahəsində təcrübəsi olan peşəkar yazarlar, o cümlədən adı çəkilən sahəyə marağı olan və özünü sınamaq istəyən jurnalistlər iştirak edə bilərlər.
Araşdırmalar 2 mərhələli qiymətləndirmə sistemi ilə seçiləcək. İlk mərhələdə seçilmiş mövzular üzrə konsepsiya təqdim edilməli, və yalnız birinci mərhələdə uğurlu olan konsepsiya müəllifləri ikinci mərhələdə araşdırma yazısı hazırlamalıdırlar.
Araşdırma mövzularının seçimində təklif olunan məsələlərin sosial-iqtisadi aktuallığı, hazırkı dövr üçün ictimai əhəmiyyəti, həmçinin təklif olunan araşdırma istiqamətləri üzrə xərclənən ictimai vəsaitlərin həcmi kimi meyarlar əsas götürülür.