Nazirlik jurnalistləri balıqartırma zavoduna aparıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi”nin qeyd olunması ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə Nazirliyin əməkdaşları KİV nümayəndələri ilə birgə Neftçala rayonundakı Xıllı Nərə Balıqartırma zavodunda olublar.

Jurnalistlər müəssisədə yetişdirilən nərəcinsli balıqların saxlanılması, artırılması və ümumilikdə, zavodun fəaliyyəti ilə tanış olmuş, eyni zamanda, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Nazirlik bildirib ki, 2003-cü ildən fəaliyyət göstərən zavoddan Xəzər dənizinə indiyədək 43 milyon ədəd nərə cinsli balıq körpələri buraxılıb ki, onlardan 2 milyon ədədi bu ilin payına düşür.

15 hektar ərazini əhatə edən, inkubasiya, dairəvi hovuzlar, elektron sexlərin fəaliyyət göstərdiyi zavodun illik istehsal gücü ildə 15 milyon ədəd balıq körpələrinə bərabərdir. Kür çayından sudurulducu qurğular vasitəsilə götürülən sularda 150-200 qramdan 10 kiloqrama qədər balıqlar böyüdülür.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara uyğun olaraq 1978–ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur ki, bunun da əsas məqsədi dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorların diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO