“Jurnalistlər üçün tikiləcək yaşayış binasının təməlinin qoyulacağı günü bu məsələ ilə bağlı sənədləşmələr bitəndən sonra açıqlayacağıq”.
Bu sözləri Modern.az saytına açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
O qeyd edib ki, bu prosesin belə uzanması binanın tikilməsinin gecikməsi demək deyil.
“Jurnalistlər hesab edirlər ki, binanın tikintisi gecikir. Amma bu yubanma deyil. Sadəcə bir sıra texniki işlər var ki, onlar mütləq həll olunmalıdır. Hər şey qaydasındadır və bina vaxtında tikilib jurnalistlərin istifadəsinə veriləcək” deyə icraçı direktor əlavə edib.
2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb, Bibiheybətdə torpaq sahəsi ayrılıb. Bir il ötsə də, jurnalistlərin evinin bünövrəsi hələ qoyulmayıb. Bu isə müxtəlif söz-söhbətlərə səbəb olub.
Təməlqoyma mərasiminin bu il – Milli Mətbuatın 136 illiyi münasibəti ilə keçiriləcəyi gözlənilirdi, amma bu baş vermədi. Bununla belə, binanın yaxın 2 il ərzində tikilib başa çatdırılacağı söylənilir.