“Seni asarlarsa, seni kaybedersem,
diyorsun,
“yaşayamam!”
yaşarsın, karıcığım,
kara bir duman gibi dağılır hatıram rüzgarda;
yaşarsın, kalbimin kızıl saçlı bacısı,
en fazla bir yıl sürer
yirminci asırlılarda
ölüm acısı”.
Nazim Hikmət acı reallığı cox sərt, amma bir o qədər də dəqiq formada qələmə almışdı. İnsanlar çox tez unudurlar. İnsanlar çox tez unudulurlar… Unutmağa coxları həvəslidir. Unudulmaqdan isə hər kəs qorxur. Görünən odur ki, hətta dahi Nazim Hikmət belə unudulmaqdan çəkinirmiş. Yuxarıdakı misralar da çox güman ki bu çəkinmənin nəticəsi olaraq meydana çıxıb. Uzun müddət həbsdə yatmış birinin unudulmaq qorxusu təbiidir bəlkə də….
***
Məmməd Nazimoğlu da unuduldu… Doğum günündə böyük töfhələr verdiyi mediada onu yada salan olmadı. Halbuki ən azı dostları “Böyük ustad səni unutmayacağıq” deyirdilər. Məmməd Nazimoğlu sıradan bir insan deyildi və belələrini ən azı doğum və ölüm günlərində yada salmaq, xatırlamaq lazım. Amma təəssüf ki reallıq biz istədiyimizdən çox fərqlidir.
***
Zəruri xatırlatma: Məmməd Nazimoğlu 1959-cu il sentyabrın 28-də Ağdaş rayonunun Qobuüstü kəndində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarındandır. “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans” qəzetlərinin, “525-ci qəzet”in yazarı, ANS telekanalında efirə gedən “Qulp” verilişinin müəlliflərindən biri, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olub. Məmməd Nazimoğlu 2008-ci il iyulun 6-da vəfat edib.
***
Mən jurnalistikanı atamın, Məmməd Nazimoğlunun və Hüseyn Əfəndinin sayəsində sevmişəm. Bir vaxtlar atam qəzetləri cox həvəslə izləyirdi. Hər gün evə ən azı, üç-dörd yeni qəzet gətirirdi. Bir neçə jurnala abunə yazılmışdı. Təsadüfü deyil ki, mən məktəbə getməzdən qabaq da höcələyə-höcələyə qəzet oxuya bilirdim, oxuduqlarımdan heç nə anlamasam da…
Yeri gəlmişkən atam məni də yaddan çıxarmırdı, “Murzilka” və “Savalan”ı evimizə, sonralar Qarabağ savaşında şəhid olan poçtalyon Gülçin gətirirdi. Onun gələcəyi günü səbirsizliklə gözləyir, qəzet və jurnalımızı acgözlüklə alır, bu arada Gülçinin velosepedinə həsrətlə baxmağı da unutmurduq. Mənim qəzetə, jurnala sevgim belə yaranıb.
***
Məmməd Nazimoğluyla Hüseyn Əfəndini də ilk dəfə atamın evə gətirdiyi qəzetlərdə görmüşdüm. Yaşım artır, bu insanların yazdıqlarını daha yaxşı anlayır, anlaya bildiyimə sevinirdim. Onlara rəğbətim birə-beş artırdı. Yazı yazmağı, sözlə işləməyi onlardan öyrənməyə cəhd göstərirdim. Və təsəvvür etmirdim ki, bu insanlarla nə vaxtsa qarşılaşa, üz-üzə gələ, salamlaşa bilərəm. Amma taleyin qismətinə bax ki, mən o insanlarla partiya yoldaşı oldum, birgə mübarizə apardıq. Bu, mənim üçün xoş və qürurverici idi.
***
Məmməd Nazimoğlunu əminliklə dahi Mirzə Cəlil məktəbinin davamçısı saymaq olar. Onda yumor hissi cox güclü idi və məhz bunun sayəsində gözəl satirik nümunələr yarada bilirdi. Dünya onun üçün satirik obyekt idi. O, insanların “hədiyyə etdiyi” zəngin ədəbi materialdan məharətlə faydalanmağı bacarırdı. Bəlkə də o gülə-gülə dünyasını dəyişdi. Amma Məmməd müəllimlə rastlaşanda onu həmişə qayğılı, fikrili və ciddi gördüm. Dünyasını dəyişindən sonra isə bildim ki, ümumi dərdlərlə yanaşı, şəxsi dərdlər də onu həddindən çox sıxırmış.
***
Çox tez unuduruq….Əminəm ki, bir gün bizi də unudacaq.
***
Camaat hökumətə:
– İş istəyirəm
Hökumət:
– Neçə il lazımdır?
Bunu Məmməd müəllim səhv etmirəmsə, “Ulus” qəzetində yazmışdı…
***
“Azadlıq” qəzetində üzərində tanınmış simaların ürək sözlərini yazdığı bir lövhə vardı. Qəzetin Xəqani 33-dəki redaksiyasında olanlar həmin lövhəni xatırlayırlar yəqin. Lövhədə Məmməd müəllimin ürək sözləri də vardı: “Allah bu ocağı var eləsin, ac gəlib ac getdik”.