Əflatun Amaşov BMİ-nin Dünya Konqresində çıxış edib

Tayvanın paytaxtı Taypeydə Beynəlxalq Mətbuat İnstitutunun «Asiyada media əsri» mövzusunda keçirdiyi Dünya Konqresi işini yekunlaşdırıb. Azərbaycanın media nümayəndələrinin qatıldıqları tədbirin ikinci günü Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

Azərbaycanın xarakterik xüsusiyyətləri barədə məlumat verən Ə.Amaşov ölkəmizdə medianın özünəməxsus cəhətlərindən ətraflı söhbət açıb. O bildirib ki, rəhbəri olduğu qurumun başlıca missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Bununla yanaşı, Şura bəzi mühüm qanunvericilik təşəbbüsləri ilə də çıxış edib. Həmin təşəbbüslər içərisində diffamasiya ilə bağlı qanun layihəsinin hazırlanmasına toxunan Şura sədri layihənin ölkə parlamentinə təqdim edildiyini və tezliklə qəbuluna inandığını deyib. Ə.Amaşov Azərbaycanda kütləvi informasiya vasitələrinin məhkəmələrlə üzləşmələrindən söhbət açaraq bildirib ki, MŞ-nin fəaliyyəti mövcud istiqamətində göstəricilərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub. Hazırda ölkədə jurnalistlərin məhkəmələrlə üzləşmələrinə gətirə biləcək əksər məsələlər media müstəvisində – Mətbuat Şurasının müzakirələrində həllini tapır.

Konqresin sessiyaları çərçivəsində aparılan diskussiyalarda jurnalist təhlükəsizliyinin müxtəlif aspektlərinə, yeni texnologiyaların KİV-də tətbiqinə, yeni medianın xarakterik cəhətlərinə, medianın böhranlı situasiyalarda biznes strukturu kimi qalması yollarının müəyyənləşdirilməsinə və sair məsələlərə toxunulub. BMİ-nin 2011-ci il üçün Azad Media Pioneri mükafatının təqdim olunduğu toplantı Azərbaycan nümayəndə heyəti üçün çoxsaylı təmaslarla yadda qalan olub. Təmsilçilərimiz ABŞ-ın, Avstriyanın, Finlandiyanın, nüfuzlu KİV-lərinin nümayəndələri ilə görüşlər keçirərək onlara ölkəmizdə medianın hazırkı durumu barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, BMİ-nin Dünya Konqresində iştirak etmiş Azərbaycan nümayəndə heyətinin tərkibinə MŞ sədri Ə.Amaşovla yanaşı, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, həmçinin BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu, «APA-Group»un baş direktoru Vüsalə Mahirqızı, BAMF-ın Proqramlar və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Nik Nvolisa daxildir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO