Mətbuat Şurası ilə Gəncə şəhər İcra Hakimiyyəti birgə tədbir keçirəcək

Oktyabrın ilk ongünlüyündə Gəncədə «Dövlət müstəqilliyimiz və media» mövzusunda ümumrespublika konfransı keçiriləcək.

Mətbuat Şurasından Modern.az saytına verilən məlumata görə, dövlət müstəqilliyimizin bərpasının 20 illik yubileyinə həsr olunmuş toplantı Azərbaycan Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə baş tutacaq.

Tədbirdə ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, habelə dövlət rəsmiləri və ziyalılar iştirak edəcəklər.

Konfransda Azərbaycan mətbuatının tarixi ənənələrindən söhbət açılacaq, onun 1918-ci ildə dövlət müstəqilliyinin qazanılmasındakı rolu təhlil olunacaq, həmçinin XX əsrin sonlarına doğru müstəqilliyin bərpası yolundakı xidmətləri müzakirə olunacaq. Ötən 20 ildə medimızın əldə etdiyi uğurlar, üzləşdiyi problemlər ətrafında fikir mübadiləsinin aparılacağı toplantıda həmçinin milli müstəqilliyimizin əldə edilməsində müstəsna xidmətləri olan kütləvi informasiya vasitələrinin, eləcə də ayrı-ayrı jurnalistlərin mükafatlandırılmaları, fəxri fərmanlarla təltifi nəzərdə tutulur.

Qeyd edək ki, konfrans çərçivəsində müstəqil Azərbaycanın ilk paytaxtı olan Gəncədə 18 oktyabr tarixinə həsr olunmuş incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramının təşkili, həmçinin tarixi şəhərdə son vaxtlar həyata keçirilən işlərlə bağlı jurnalistlərin geniş məlumatlandırılması da nəzərdə tutulur.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO