“Xural” qəzetinin həbsdə olan jurnalisti Aydın Caniyevlə bağlı qəzetin baş redaktoru Əvəz Zeynallı SalamNews-un bölgə müxbirinə bəzi açıqlamalar verib.
O bildirib ki, əgər Şeyx Həzrətləri istəsə, A.Caniyevi həbsdən buraxdırar. Onu həbsdə saxlatdıran Şeyxdir. Biz Bakıda çalışırıq ki, onun həbsdən çıxarılması üçün işlər görək. Medianı müdafiə edən təşkilatlara, “Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutu”na (RATİ) bu haqda müraciət etmişik. Onlar onun azadlığa çıxması üçün çalışırlar. Lənkərandan bizə bəzi siyasətçilər zəng vurub onun günahsız olaraq həbs olunduğunu deyirlər. Bunu deyənlərin içərilərində iqtidar yönlü olanlar da var, müstəqil olanlar da var.
Ə.Zeynallı həmçinin deyib ki, bizim elə böyük maliyyə imkanlarımız yoxdur ki, Caniyev üçün güclü vəkil tutaq onu həbsdən çıxartdıraq.
Xatrladaq ki, rayon polis şöbəsindən bildirilib ki, sentyabrın 7-də A.Canıyev sərxoş halda Lənkəranın Səpnəkəran kənd məscidinə girərək axund Mirbaba Tahirovdan pul tələb edib. İstəyinə çatmadıqda məscidin qapı-pəncərələrini sındırıb, icmanı təhqir edib. Yerli sakinlərin rayon polis şöbəsinə etdikləri müraciətdən sonra A.Canıyev saxlanılaraq şöbəyə gətirilib. Lənkəran Rayon Məhkəməsinin qərarı ilə o, 12 sutka müddətinə azadlıqdan məhrum edilib.
A.Canıyev barəsində Lənkəran Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.2 maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb, araşdırma aparılır.