Bu gün M. F. Axundov adına Milli Kitabxanada Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bohm və Azərbaycanın aparıcı kitabxanalarının rəhbərlərinin və mütəxəssislərinin iştirakı ilə dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən M. F. Axundov adına kitabxananın direktoru Kərim Tahirov bildirib ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd Azərbaycan Milli Kitabxanası ilə Çexiya Milli Kitabxanası arasında ikitərəfli əməkdaşlığın yaradılmasıdır.
Kitabxananın direktoru onu da vurğulayıb ki, əməkdaşlığın bir sıra perspektivləri bugünkü dəyirmi masada müzakirə olunacaq ki, buraya kitab, informasiya və təcrübə mübadilələri, bununla yanaşı əlyazmaları sahəsində olan qarşılıqlı əməkdaşlıq aiddir.
K. Tahirov çıxışının sonunda bildirib ki, sabah qarşılıqlı əməkdaşlıq haqqında memorandumun şərtləri müzakirə olunacaq və bu ilin sonuna kimi ya Çexiyada, ya da Praqada təsdiq olunması və imzalanması gözlənilir: “Bununla yanaşı, sabah Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bohm Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək”.
Daha sonra çıxış edən Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bohm qeyd edib ki, Çexiya kitabxanasında çoxlu sayda Azərbaycana dair əlyazmalar mövcuddur: “Qarşılıqlı əlaqələrin yaradılması hər iki xalqın mədəni əlaqələrinin inkişafı üçün olduqca əlverişlidir”.
Tədbirin davamında Azərbaycanın aparıcı kitabxanalarının rəhbərlərinin və mütəxəssisləri öz dəyərli fikirlərini qonaqla bölüşüblər.