Qənimət Zahid mətbuatdan getdi?


“Azadlıq” qəzetinin bir müddət əvvəl Türkiyəyə müalicəyə getmiş baş redaktoru Qənimət Zahidin səsi Fransadan gəlib.

Q.Zahid “Azadlıq”a məktub göndərərək Türkiyədən Fransaya yola düşdüyünü bildirib. Baş redaktor ailəsini Fransaya apararaq orada yerləşdirəcəyini qeyd edib.
O, məktubunda yazır ki, ailəsinə və uşaqlarına bu ilin aprelində hədə-qorxu gəlinib, mayda uşaqların məktəbə getməsinə icazə verməyib. İyunda Türkiyəyə müalicəyə gedən Qənimət Zahid ailəsini də özüylə götürüb: “Buna məcbur idim, onları orada qoya bilməzdim».

Baş redaktor deyir ki, Fransaya yola düşür, bunu beynəlxalq media təşkilatları tövsiyə ediblər:
«Ailəmin orada yerləşdirilməsi ilə bağlı texniki məsələləri yoluna qoyub Azərbaycana dönəcəm və bunun çox zaman alacağını düşünmürəm. Mən özümü Azərbaycanda demokratiya uğrunda hərəkatdan kənarda təsəvvür etmirəm, mənim həyatım bu proseslərdən ibarətdir…».

“Öz həyatım və təhlükəsizliyimlə bağlı istənilən qərarı verə bilərəm, amma söhbət övladlarımdan gedəndə risk edə bilmərəm. Bir daha vurğulayıram: söhbət onları ictimai-siyasi aktivliyinə görə gözləyən təhlükədən getmir. Onların sağlamlığına və həyatına istiqamətlənmiş təhlükə mənim fəaliyyətimlə bağlı idi”-deyə Q.Zahid məktubunda qeyd edib.

Bu arada yayılan bəzi məlumatlara görə, Qənimət Zahid əslində mətbauata qayıtmayacaq, qayıtsa belə, Fransadan yazacaq və ailəsinin yanında yaşayacaq.

Amma Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov Modern.az-a açıqlamasında Q.Zahidin Azərbaycana mütləq qayıracağını vburğulayıb:
“Qənimət Zahid yaxın günlərdə işdə olacaq. Yazdığı məktub redaksiyaya dünən göndərilsə də, bizim bu barədə əvvəlcədən xəbərimiz var idi”.

S.Şərifov Qənimət Zahidin Fransaya getməsinə münasibət bildirərkən deyib ki, baş redaktorun məktubu redaksiyada normal qarşılanıb. O, baş redaktorun Azərbaycana qayıtmayacağı barədə yayılan xəbərlərə inanmadığını vurğulayıb: “Hər şey məktubda yazıldığı kimidir, buna əmin ola bilərsiniz. Qənimət bəy mütləq geri qayıdacaq və yaxın günlərdə işdə olacaq”.

Hazırda “Azadlıq” qəzetinə kimin rəhbərlik etməsinə gəlincə, S.Şərifov qeyd edib ki, qəzetin hər bir əməkdaşı redaktor səviyyəsindədir.
“Qəzetdə illərdir, hətta rəhmətlik Nəcəf bəyin vaxtından oturuşmuş sistem var. İndi şükür Allaha, əməkdaşların hər biri redaktor səviyyəlidir. Ona görə də xüsusi bir problem yoxdur. Qənimət bəy illərlə həbsdə olub və siz görürsünüz ki, qəzetin işində hər hansı axsama baş verməyib. Deməli yenə də olmayacaq”-deyə S.Şərifov bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO