Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə hazırlıq tədbirləri davam etdirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəzindən AzərTAc-a bildirmişlər ki, Nizami Gəncəvinin irsinin araşdırılması komissiyasına daxil olmuş 100-dən artıq təklifin 40-a qədəri qurumun iş planına salınmışdır. Artıq dahi şairin adına təqaüdlərin təsis edilməsi təklifi reallaşmış, onun yubuleyi şərəfinə sikkələrin, döş nişanlarının, bəzək əşyalarının, buklet və müxtəlif çap məhsullarının hazırlanması üçün sifarişlər verilmişdir.
Bundan əlavə, Nizami irsinin təbliği və dünyada daha dərindən tanıdılması məqsədilə veb-səhifənin yaradılmasına da başlanılmışdır. Xüsusi dizaynla hazırlanan internet səhifəsində Nizaminin bütün əsərləri, dahi şair haqqında yazılar rus, ingilis, alman və fransız dillərində yerləşdiriləcəkdir.