Bir KİV-də yazılan məqalələrin heç bir istinad göstərilmədən başqa mətbu orqanda verilməsi, səsləndirilməsi artıq Azərbaycan mediasında adi hal alıb. O gün olmaz ki, media qurumlarının biri digərindən material götürüb özününkü kimi təqdim etməsin. Məqalələrin bu cür istinadsız verilməsi təkcə yazının deyil, eyni zamanda inetellektual zəhmətin mənimsənilməsidir, plagiatlıqdır.
“Hər hansı məlumatın təqdimatında mənbə göstərilmirsə, bu huquq pozuntusu və plagiatlıqdır. Plagiatlıq qəbuledilməzdir. Müəllif Hüquqları Agentliyi bunu qətiyyətlə pisləyir”.
Bu sözləri Modern.az saytına Azərbaycan Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev mətbuatda jurnalist yazılarının istinadsız verilməsinə dair münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, indiyədək mediadakı plagiatlıqla bağlı agentliyə müraciət daxil olmayıb. “Bu məsələ ilə bağlı jurnalistlər müraciət etsə, lazımı tətbirlər görülə bilər. Əgər müəlliflik hüququ pozulan analitik yazılardısa, əvvəlcə Müəllif Huquqları Agentliyində qeydiyyatdan keçməlidir”.
N.İsavev bildirib ki, bu çür hallarla rastlaşan jurnalistlər və ya media qurumu mütləq məhkəməyə və ya Müəllif Hüquqları Agentliyinə müraciət etməlidirlər.
“Məsələ ilə bağlı hüquqi qaydada araşdırma aparılacaq və müaviq tədbirlər görüləcək”.
Modern.az