Tanınmış jurnalist: “Təəssüf ki, ad günüm belə bir tarixə təsadüf edir”

Tanınmış jurnalist, “Azərbaycan” qəzetinin mədəniyyət şöbəsinin redaktoru Flora Xəlilzadənin bu gün ad günüdür. Modern.az Flora xanımı təbrik edərək onun ad günü təəssüratlarını öyrənib.

Flora Xəlilzadəni təbrik etdikdə “yaman yaralı yerimə toxundunuz” dedi. Ardınca da əlavə etdi: “Bu gün Füzuli və Cəbrayıl rayonlarının işğal günüdür. Təəssüf ki, mənim doğum günüm belə bir tarixə təsadüf edir. Anamı itirəndən sonra isə demək olar ki, ad günümü qeyd etməyi sevmirəm. Çalışıram ki, evdən səssiz çıxım, kimsə görməsin, xatırlamasın. Amma axşam evə qayıdanda görürəm ki, övladlarım mənim üçün süfrə açıb, dostların yığılıb”.
F.Xəlilzadə ad günün unutmaq istədiyini, ancaq doğmalarının, dostlarının buna icazə vermədiyini vurğulayır.

Həmsöhbətimiz ad günüdə qəribə-tərifini deyə bilmədiyi hisslər keçirdiyini söylədi: “Anam sağ olanda doğum günümü qeyd etməyi çox xoşlayardım, sevinirdim. Anamı itirəndən sonra ad günümü bacımla birgə qeyd edərdim. İndi heç biri həlyatda yoxdur. Buna görə çox təəssüflənirəm. Bu gün desəm ki, sevinirəm yalan olar, desəm ki, böyük kədər hiss edirəm, bu da yalan olar. Deyə bilmədiyim hisslər keçirirəm”.

F.Xəlilzadə bütün bunlara baxmayaraq, ailədə rahatlıq tapdığını bildirdi.
“Nəvələrimin balaca, toppuş əlləri ilə boynumu qucaqlaması və xoş sözlər deməsi mənim üçün dünyanın ən gözəl hədiyyəsidir”-deyə tanınmış jurnalist əlavə etdi.

Qeyd edək ki, Flora Xəlilzadə Zəngəzur mahalının Sisyan rayonun Urud kəndində dünyaya gəlib. 1977-ci ildə ADU-nin jurnalistika fakültəsini bitirib. “Azərbaycan təbiəti” jurnalında, “Azərbaycan müəllimi” qəzetində çalışıb, bir müddət “Azərbaycan qadını” jurnalının redaktoru olub.

1972-ci ildən mətbuatda bədii və publisistik yazıları dərc olunan F.Xəlilzadə yüzlərlə elmi, ədəbi, publisistik məqalələrin və 12 kitabın müəllifidir. Azərbaycan Yazıcılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdir.

Sədaqət SÜLEYMANOVA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO