Kinokampaniya


Kamran Həsənlinin xoşlamadığım verilişləri də olub. Bunlar daha çox “dövrün tələbləri”ndən yaranan şou xarakterli proqramlara aiddir. Ancaq o ifrat şouçuluğun içərisində də az-çox milli koloritin yer almasına cəhdləri yüksək qiymətləndirmişəm. Azərbaycan teleməkanında nələri eləməyin mümkünlük dərəcəsi baxımından bu verilişlər təbii ki, daha çox şou, bir qədər milli, bir qədər digər mental dəyərlərimizə yaxınlıq kimi qiymətləndirilə bilər. Ancaq təbii ki, baxışlar, yanaşmalar müxtəlifdir. Bu verilişləri kəskin tənqid edənlər də olub, ifrat dərəcədə öyənlər də, bunlarla işimiz yox.

İndi Kamranın yeni bir revanşı ortaya çıxıb. Yaşadığımız dövrdən fərqli bir zamanda və fərqli bir dövlətdə yaranan Azərbaycan milli kinolarının müzakirəsinin təşkili.

Maraqlı və fərqli bir cəhət var bu verilişdə. Qərb ölkələrinin çağdaş dönəmdəki jurnalistikasının tələblərindən irəli gələn “yönləndirməmək” anlayışının təzahürlərini görürük burada. Kamranın müzakirələrin başlanğıcında verdiyi girişi nəzərə almasaq. Ancaq bu giriş sözü də tez bir zamanda qızğın müzakirələrin içərisində əriyib yox olur. Kamranın bir aparıcı, müəllif kimi üstünlüyü özü müzakirələrin subyektinə çevriləndən sonra qonaqları yalnız həmin istiqamətdə danışmağa məcbur etməməsindədir. Azərbaycan teleməkanındakı bu yeniliyə görə mən barmaqla sayılacaq verilişlərdən biri kimi “kinokampaniya”ya sona qədər tamaşa edə bilirəm.

Müzakirələr… Bu haqda ayrıca danışmağa lüzum var. “Bəxt üzüyü”ndən “məhəllələr” səviyyəsinə salınmış kino yaradıcılığının indiki sönüklüyü fonunda sovet ideoloji maşınının gilyotinli vaxtlarında tamaşaçıya çatdırıla bilən ictimai yüklü hər cümlənin, hər sözün gec də olsa dəyərinin verilməsinin nə qədər vacib olduğunun fərqindəyəm. Ancaq bəzən fetişləşdirmə, şişirtmə hallarını görür və buna görə məyusluq hissləri də keçirirəm. Gəray bəyin komsomolların əli ilə öldürülməməsi, amma filmin bu şəkildə saxlanılması üçün onun guya dəli olmaq dərəcəsinə çatdırılması faktlarını biz onsuz da bilirdik. Ancaq rəhmətlik Yusif Səmədoğlunun ssenarini büsbütün komsomolçuluğun, bolşevizmin əleyhinə təsdiqlətdirə bilməsi kimi fikirlərdə mütləq şişirtmələr var və gəlin razılaşaq ki, belə şişirtmələr bizə heç zaman fayda verməyib. Hansı istiqamətə köklənməsindən asılı olmayaraq. Yaxud “Böyük dayaq”dakı Rüstəm kişi obrazını bizim həmkarlarımız, istedadlı dostlarımız elə bir durumda təqdim elədilər ki… Rüstəm kişi nə ağılsız, nə namussuz adam deyildi axı. Onun yeganə “bəlası” o dövrün dəbdə olan “yeniliyi”ni qəbul edə bilməməsi idi. Ancaq “yeniliyi” təbliğ edənlərsə zamanında təsərrüfatı idarə edə biləcək kolxoz sədri kimi ancaq o “köhnə kişi”dən (hərçənd əsl kişilər köhnəlmir. N.Q.) bərk-bərk yapışmağa məcbur olmuşdular. Gəlininin Salmanla yaylağa gəlməsi hissəsində isə o, (bu faktı müzakirələrə qatılan müğənni Tünzalə Ağayeva tutdu) Salmana acıqla “öz atını ver gəlinə” deməklə öz azərbaycanlı mənini ortaya qoymuş oldu. Ancaq burda bir məqam qabardı ki, Rüstəm kişi yalnız ssenariyə yerləşdirilmiş özünün də qulluq etdiyi ideologiyanın qarşısında acizdir.

Həmin ideoloji təsir özünü sonuncu müzakirəyə çıxarılan “Uşaqlığın son gecəsi” filmindəki Elya obrazında da var idi. Elya kim idi? Elyanın ərini kimlərəsə dəyişməsini tənqid hədəfinə çevirməmişdilər ki bu filmdə. Onu bəyəm bu hərəkətlərinə görə qınayan bircə təpkiyə, sözə rast gəlirik? Hətta elə təsvir edirlər ki, guya onun rəsmi həyat yoldaşı da buna görə bir o qədər də narahat deyil. Mənə elə gəlir ki, Elya qədər də onun bu yapalaq ərinin müzakirəsinə ehtiyac var idi. Söhbət təbii ki, mənəvi müstəvidə aparılanda… Əslində Elyanın cinayətini göstərirdilər. Qalan məsələlər sanki adi bir həyat normasıdır. Amma bu fikirlə razılaşmaq olar ki, rejissor Arif Babayev bu adı təsadüfən seçməyib. Onun arxasında böyük həqiqətlər dayanır. Rüstəmin körpə quzunu bıçaq altından çıxarmaqda Elyaya köməkliyinin onun da cinayətə bulaşdırılmasının başlanğıcı kimi qələmə verilməsi fikri isə özünü bir o qədər də doğrultmayan faktordur. Bu Rüstəmin insani, sadəlövh və ən əsası məhəbbəti (o məhəbbətin çalarları bir ayrı söhbətin mövzusudur) yolunda atdığı addımdır. Yox əgər onu bu faktla məhv etmək istəyirdilərsə, elə bu körpə quzu gənc kadrın ləkələndirilməsinə və ya “verbovka”sına kifayət edərdi.

Amma filmə o vaxtkı Bakının koloritinin hardasa 90 faizi sığışdırılıb. Bax bu təqdirəlayiq, öyrəniləsi, indiki lentkorlayanların diqqətinə çatdırılası faktdı. Bütövlükdə verilişi uğurlu telelayihə adlandırmaq olar. İllərlə efirdə olmuş Kamran Həsənlini bu yeniliyə görə təbrik eləməyə dəyər. Sükanı belə saxlasa…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO