Azərbaycanın görkəmli şairi Musa Yaqub bu ilin qışında itirdiyi həyat yoldaşı Zöhrə xanımın xatirəsinə həsr etdiyi və heç yerdə çap olunmayan şeirləri “Qafqazinfo”ya göndərib. Biz də bu şeirləri oxuculara təqdim edirik.
Kimsə gözləyir
Mənimçin yuxudur o ölüm, itim,
Ürəyim darıxdı qoy durum gedim,
Təzədən əkilib bağımda bitim
Məni o torpaqda kimsə gözləyir
Olmaz ki, qurumuş qarağac qala
Dağdağan dediyim o ağac qala
Altda ocaq yana, üstə sac qala
O ocaq sahibi qalmaya, olmaz,
Məni o ocaqda kimsə gözləyir
Bizə gələn cığır haça-haçadır,
Bir az bağça-bağdır, həyət bacadır,
O silib, süpürüb, çarpışıb durub;
Fikrini göndərib biz tərəflərə
Özü məhəccərə yapışıb durub –
Məni o eyvanda kimsə gözləyir,
Qaranquş yuvada – kimsə gözləyir.
Yəqin tənhalıqdan bezib bu dəfə,
Axır durub keçib qonşu tərəfə –
Getdiyi yolla da dönüb gələcək
Allah mələkləri goydən endirib
O da hardan isə enib gələcək
Məni o pünhanda kimsə gözləyir,
Əzizinəm varam, əzizinəm yox,
Dərdə sinə gərən elə sinəm yox,
Mənim kimdən başqa bir kimsənəm yox
O gözlər kimindir?- kimsə gözləyir
Bəlkə rəhmi gələ qoca yaşıma
Gəlib birdən-birə çıxar qarşıma
Kölgəsi düşəcək qara daşıma
Məni bu yaşımda kimsə gözləyir
O qara daşımda kimsə gözləyir.
Xoşlanıb çəmənin çiçəkləriylə,
Bir az göy-göyərti biçib gələcək
Enib Canalının ətəkləriylə
Sonra bu körpüdən keçib gələcək
Bu körpü altında arxım axacaq,
Arxın aynasına o da baxacaq.
Məni o baxışda kimsə gözləyir
Bir xoş aldanışda kimsə gözləyir .
Yaz, 2011 Bakı
Dərdimin yanında durma
Ömür yoldaşım Zöhrənin xatirəsinə
Həyatın asıldı iynə ucundan
Canımız sızladı ağrı-acıdan
Ağır əzablardan keçmisən, yetər;
Zülümdən çıxmısan yat,dincəl bir az
Dərdimin yanında durma bu qədər,
Yuxumun yanında durma bu qədər,
Ruhunu dalimca yorma bu qədər.
Vallah, mən yaxşıyam, hələ yaxşıyam,
Özümlə gəlirəm dilə yaxşıyam
Xırda kef-damaqla hələ aram var,
Süfrəmiz açıqdır qonaq-qaram var,
Heç kəsin yanında pərt deyiləm, yox,
Nəvələrə qarşı sərt deyiləm, yox
Baxma üst-başıma, çıxma qarşıma
Durub əhvalımı sorma bu qədər,
Yolumun üstündə durma bu qədər
Əzabdan çıxmısan yat dincəl bir az…
Əllərin havada o çağrışların
Yetmədi tanrıya yalvarışların
Təzədən mənə də duaçı olma
Uyma xayalıma uyarçı olma.
De göndər ruhunu ulu dərgaha
Mən də tənhalığa öyrənim daha
Qoşul mələklərə tay-tuşun olsun
Öz əlin, öz başın, öz xoşun olsun
Mən də tək qanadla uçmağı bilim
Bir qürub çağını uçmağı bilim.
Sən allah ruhunu yorma bu qədər,
Dərdimin yanında durma bu qədər,
Yuxumun yanında durma bu qədər
Əzabdan çıxmısan yat, dincəl bir az.
Yanvar, 2011 Bakı
Cüt misra
Gözüm qaldı durnaların köçündə
Yox qanadım o əvvəlki gücündə
Mən qalmışam bax, bu gölün içində
Daha olmaz qoşalaşıb uçmağım
Uçub-ucub buludları qucmağım
Başım üstə göylər açıq dərvaza
Uğur dedim qanadları pərvaza
Tək qanadla çıxmaq olmur pişvaza
Göylər mənim qanadımı neylədin?
Cüt misralı bayatımı neylədin?
Durnam, məni öz gölümdə qərib say
Zambağımı su üstünə sərib say,
Dərdlərimi ürəyimə girib say
Yan-yörəmdə göy qamışdan hörgülər
Tənha könlüm bu hörgüdə mürgülər
Yağış düşdü sahildəki daşlara
Qoy qarışsın gözdən axan yaşlara
Bir də baxım qoşa yaşılbaşlara
Göydən düşüb yerdə qalan könlüm vay!
Tənhalıq vay, ayrılıq vay, ölüm vay.
Mart, 2011 Bakı
Yaxşı ki…
Yaxşı ki, qış vaxtı getdin dünyadan
Qaldı qar altında xatirələrin
Bu həyət-bacada olmusan haçan?!
Hardadır məkanın, təzə yurd yerin?!
Ağ süküt içində səssizdir hər yan
Qalıb qar altında bütün ev-eşik.
Sən heç o eyvanda dayanmamısan
O dəmir körpüdən biz keçməmişik
O qaya bizə hec qucaq acmayıb
Yoxdur nam-nişanın cığırda-izdə
Heç vaxt o dağdağan yarpaq açmayıb,
Sən də olmamısan, o süfrəmizdə
Vələs budağında donub ahımız
Damcılar incidir o boz tənəkdə
O şaxda acmayıb gülsabahımız
Səndə olmamısan, o gül-çiçək də
O iş otağıma yəni yolun var?
Dağdağan yandırıb buz çılçırağı
Acılmış varaqdır daş stolum qar
Qanımla yazıram bu ağ varağı.
Yenə arxımıza qardı ələndi
Canımdan atəşi, odu apardı
Deyəsən sən idin arx kölgələndi
Daşda surətini yudu apardı
Səni pozan kimdi, məni yazan kim.
Sən indi ağ donlu soyuq mələksən
Dünyanın ən xöşbəxt adamısan ki,
Mənim ölməyimi görməyəcəksən.
Qış, 2011 Bakı-Buynuz
Getdilər
Başımı qaldırıb baxa bilmədim,
Döşdə lalələrim solub getdilər.
Qovdu bir-birini topa buludlar
Axır dərələrə dolub getdilər.
Ay Allah, nə qədər “Getdilər”olar ,
Ömürdə nə qədər “bitdilər” olar
Aşiqlər kamına yetdilər ola?
Yoxsa yana-yana qalıb getdilər?!
Zərif duyğularla doldurun məni,
Əjdər Ol olanda oldurun məni,
Ayə, təzə dostlar, qaldırın məni,
“Köhnələr” mehrimi alıb getdilər.
Çox şey əfsanədir, bir az bayağı
Kəsildi qapımdan elin ayağı,
O dəstə kimdi bəs? – Şair qonağın
Cümə namazını qılıb getdilər.
Yaz, 2011 Buynuz
Baş daşına yazı
İllərimiz necə keçdi bilmərəm ,
Gül ömrümüz bir xalçanın çeşnəsi.
İndi burda bir məzardı, bir mənəm,
Əlimdə də 45 ilin heçnəsi…