Azərbaycan televiziyalarında müxtəlif sənət janrları üzrə müsabiqələr keçirilir. Estrada, muğam, xalq və bəstəkar mahnıları, aşıq musiqisi, meyxana, bədii qiraət, müxtəlif musiqi alətlərində solo ifaçılıq və s. sahələrdə qabiliyyəti olan çoxlu sayda insan bu yarışlarda özünü sınayır. Ölkənin musiqi, teatr, ədəbiyyat sahəsində öz peşəkarlığı ilə seçilən sənətkarlar da bu müsabiqələrin münsiflər heyətində təmsil olunur.
Bəzən bu sahələrdə bir elə istedadlı şəxs sayılmayanlar da “jüri” kürsüsündə oturur. Çox vaxt müsabiqələrin gedişində iştirakçı və münsiflər heyəti arasında yaranan qalmaqalların da səbəbkarı onlar olur.
Bizim teleməkanda yayımlanan elə bir yarışma yoxdur ki, orada qalmaqala yer olmasın. Əsas problem isə münsiflərin fikirlərinin üst-üstə düşməməsilə bağlıdır.
“Qızıl açar”, “Bakı payızı”, “Azəri Star”, “Yeni Ulduz”, “Xalq Ulduzu”, “Ozan-aşıq”, “Deyişmə”, Televiziya muğam müsabiqələri və s. kimi yarışların çoxunda münsiflər arasında ciddi fikir ayrılıqları yaşanıb. Qeyd etdiyimiz kimi, “jüri” o adamlardan seçilir ki, onlar təmsil etdiyi sahənin bilicisi sayılır. Amma onların iştirakçılara yanaşmasını görəndə adama bir anlıq elə gəlir ki, bu adamların öz sahələrindən xəbəri yoxdur. Halbuki, bu sənətkarların səhv qərar verməsinin səbəbi qeyri-peşəkarlıqları deyil, qərəzli olmalarıdır.
AzTV-nin keçirdiyi muğam müsabiqəsi ictimaiyyət tərəfindən çox maraqla qarşılanır. Ancaq əsas tərkibi xalq artistlərindən təşkil olunan münsiflər heyəti üzvlərinin fikirlərinin bir-birilə uzlaşmaması cəmiyyət tərəfindən pis qarşılanır. Uzağa getməyib, son iki-üç ay ərzində müsabiqələrdə münsiflər arasında baş verən qalmaqalları yadınıza salmaq istəyirik. Məsələn, xalq artisti, professor Arif Babayev bu müsabiqənin iştirakıçısı olan Ariz Hüseynovun bütün ifalarının ifaçılıq tələblərinə cavab verdiyini və onun düzgün oxuduğunu deyib. Lakin onun həmkarı, xalq artisti, tanınmış xanəndə Əlibaba Məmmədov isə, Arizin səsinin muğam üstə köklənə bilmədiyini və bu gəncin muğam sənətinə aidiyyəti olmadığını bildirib. Bu da onlar arasında kəskin mübahisəyə səbəb olub. Hər iki sənətkar xalqın hörmətini qazanan şəxsdir, ancaq onların iştirakçılara bu cür yanaşması camaata yaxşı təsir etmir. Belə bir rəy formalaşıb ki, o sənətkarlar iştirakçılara, ifaçılara sənətin gözü ilə yox, şəxsi maraqlarından çıxış edərək yanaşır.
Bir neçə ildir, yerli kanallardan birində nümayiş olunan “Xalq ulduzu” yarışmasının bütün dövrlərində münsiflər arasında ciddi qalmaqallar olub. Ötən il xalq artisti, bəstəkar Tahir Əkbər və kamança ustası Ağacəbrayıl Abbasəliyev arasında düşən dava da iştirakçılar üstündə baş vermişdi. Ağacəbrayıl müəllimin bəyənib üstün qiymət verdiyi ifaçıya Tahir müəllim aşağı bal verirdi, yaxud əksinə. Hətta mətbuatda tərəflər arasında bir neçə həftə davam edən söz atışması da oldu. Bir müddət əvvəl Aybəniz Haşımova ilə Ağacəbrayıl Abbasəliyev arasından da soyuq yel əsmişdi. A.Haşımovanın dəstəklədiyi bir gəncin həmkarı tərəfindən qəbul edilməməsi onu əməlli-başlı narahat etmişdi.
“Xalq ulduz”unda yeni qalmaqal isə gənc xanəndə, bu müsabiqənin münsif üzvü Almaz Orucova və Tahir Əkbər arasında yaşanıb. Onlar bir-birini əməlli-başlı söz atəşinə tutdu. O bunun peşəkarlığına şübhə ilə yanaşdığını dedi, bu da onun. Hətta bir-birini təhqir etməyi də özlərinə rəva gördülər. Bunun ardınca isə yenidən Aybəniz Haşımova və Ağacəbrayıl Abbasəliyev bir-birinin “üstünə qılınc çəkdi”. Hamısı da iştirakçıların üzündən. Aybəniz xanımın səsini bəyəndiyini Ağacəbrayıl müəllim bəyənmir, Tahir müəllimin seçdiyini isə Almaz xanım müsbət dəyərləndirmir. Onlar açıq-aşkar bir-birinin peşəkarlığına zərbə vurmağa çalışır.
Televiziyaşünaslardan biri bizimlə söhbətində bildirdi ki, heç bir müsabiqənin münsiflər heyətinin üzvü həmkarının ondan savadlı, bilikli görünməsini istəmir. Mütəxəssisin sözlərinə görə, “jüri”lərin çoxu müsabiqələrə istedadlı gəncləri seçib üzə çıxarmaq üçün deyil, öz şəxsi ambisiyalarını irəli sürmək üçün qatılır. Bir çox sənətkarların seçimlərə peşəkarlıqla yanaşmadığını bildirən televiziyaşünasın dediyinə görə, özünə hörmət edən sənət adamlarının əksəriyyəti belə işlərə qarışmır: “Müsabiqələrin çoxunda münsiflər heyəti üzvü kimi görünən adamların bir çoxunu sənət maraqlandırmır. Onların işi istedadlı gəncləri dinləmək, onların qüsurlarını düzəltmək, cavanlara yol göstərməkdir. Amma “jüri”lərin çoxu bunu unudur. Ya iştirakçıları təhqir edir, ya da həmkarlarını. Bu da ondan irəli gəlir ki, münsiflər heyətinin üzvləri düzgün seçilmir. Yaxşı sənətkar o demək deyil ki, o həm də obyektiv münsif üzvü ola bilər. Belə deyil. Bu seçim düzgün aparılmadığından problem yaşanır. Onlar arasında davalar həm də o zaman düşür ki, bu sənətkarlar daxilən bir-birini qəbul etmək istəmir. Bu da münasibətlərin gərgin olmasına gətirib çıxarır. Münsiflər mehriban olsa, bir-birinin sənətkarlığına hörmət etsə bu anlaşılmazlıqlar da baş verməz. Aybəniz Haşımova bilir ki, Ağacəbrayıl müəllimin hansısa bir iştirakçı haqda dediyi fikir tam obyektivdir, Amma ambisiyası imkan vermir ki, həmkarına dəstək versin. Hikkəsindən qeyri-obyektiv danışır. Ortaya şəxsi ambisiya qoymaq yersizdir. Azərbaycan musiqisinin gələcəyini düşünüb, istedadlı gəncləri seçib üzə çıxarmaq lazımdır. Bu qalmaqallar münsiflərə heç nə verməyəcək. Onlar əsassız olaraq dava edir. Bu da musiqi bilicilərini narahat edir”.
Digər bir televiziya işçisi isə bildirdi ki, müsabiqələr təşkil olunarkən təşkilatçılar münsiflər heyəti üzvlərinin seçimində düşünməlidir. Həmkarımız dedi ki, özünü reklam etmək xatirinə yarışlara münsiflik etmək iddiasında olan şəxslər bu müsabiqələrə buraxılmalı deyil.
Qeyd edək ki, 50-60 il əvvəl keçirilən istedad yarışmalarının münsiflər heyəti üzvləri iştirakçılara çox düzgün münasibət bəsləyirdi. Sənətkarlar bu məsələyə sənət nöqteyi-nəzərindən baxdığı üçün problem olmurdu. Hətta bir-birilə danışmayan, əlaqə saxlaman sənətkarlar bu kimi seçimlərdə bir-birinin fikrinə dayaq olurdu. Çünki onlar bu işin sənət naminə olduğunu anlayırdı. İndikilərin çoxu isə gündəlik salamlaşdığı sənət dostunu yüzlərlə tamaşaçı qarşısında yalançı çıxarır. Tamaşaçı da çaşıb qalır ki, görəsən münsiflərin hansı üzvü düz danışır? Filan iştirakçı yaxşı oxudu, yoxsa pis? Fikirlər ziddiyyətli olduğundan, tamaşaçılar seçim etməkdə çətinlik çəkir.
Sənət adamlarının şəxsi münasibətləri bir kənara qoyub gənclərə sənətin, ifaçılığın gözülə baxması çox yaxşı olardı. Tamaşaçılar qarşısında onların dava-qalmaqal etməsi musiqimizin xeyrinə deyil. Üstəlik, bu heç onların özünə də başucalığı gətirmir.