Musa Yaqubun poetik dünyasına səyahət
Köhnə dəyirmana sözüm
Unutqanlıq… Təəssüf ki, bu böyük əksəriyyətimizə xasdır. Başımıza gətirilən bəlaların kökündə unutqanlıq hissimizin müstəsna mənfi çalarları var.
Ölkələr, xalqlar təkcə qılınc, top-tüfəng, raketlərlə işğal olunmur. Bundan daha dəhşətlisi insanı milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq, onun tarixi nişanələrini məhv etmək, onu təkləyərək özünküləşdirmək, assimilyasiyaya məruz qoymaq, cılızlaşdırıb zaman-zaman yox etməkdir.
Amma digər canlılardan fərqli olaraq düşünmək, ortaya məntiq, şüurlu yanaşmalar qoymaq iqtidarında olan insan istisnasız olaraq öz tarixini, milli-mənəvi dəyərlərini, bu dəyərlərin atributlarını, mədəni irsi və s. qorumağı başlıca vəzifəsi hesab etməlidir.
Bəzən hansısa bir daş kitabəni qorumağın vacibliyini hamı dərk edə bilmir. Şair, millət vəkili Sabir Rüstəmxanlının bu xüsusda heç vaxt yadımdan çıxmayan misraları var:
Qədim bir yurd uçuğundan
Daş aparmaq qənimətin,
İndimizə yük olduğun bəs deyilmiş,
Kökünə də od vurursan bu millətin.
İntellektual səviyyələrin müxtəlifliyini, hamıda yetərincə olmamasını düşünərək bu tipli faktların üzərindən sükutla keçmək istəyirik. Amma Sabir Rüstəmxanlı, Musa Yaqub kimi ziyalıların diqqətindən nə həmin tarixi atributlara hörmətsizlik, nə də onlara hörmətsizlik edənlərə qarşı mübarizə yayına bilərdi. Musa müəllimin “Min ilin son gecəsi”, “Köhnə dəyirmana sözüm” poemaları unutqanlıq hisslərinə son verilməsinə hesablanmış poeziya nümunələri kimi ərsəyə gəldi.
…Dəyirmanın insanın dostu, yoldaşı, çətinliklərlə mübarizədə məsləkdaşı olduğunu qeyd etmişdik. Ancaq bu onun işlədiyi, hamıya gərək ola bildiyi dövrünə aid idi. Maddi gərəklilik… Mənəvi, tarixi gərəkliliksə pərlərin fırlanıb-fırlanmaması ilə ölçülə, məhdudlaşa bilməz:
– Durmusan yol qırağında
Burda səni görən varmı?
De, bu qədər adamlardan
Sənə salam verən varmı?
Heç qapıdan girən varmı?
Yarı uçuq divarını
hörən varmı?
Olmayacaq dəyirmanım,
olmayacaq.
Eh, indi ki,
Dən verib un almayacaq.
De səndən kim nə umacaq?
Umacağı yoxsa əgər
Kimdi sənə salam verən,
Kimdi sənə divar hörən.
…İndi heç kimin salam verib halını soruşmadığı, sınıb dağılmış pərlərini, şingədanını, oxlarını bərpa etməyi düşünmədiyi köhnə dəyirmanın tarixin canlı şahidləri sırasında xüsusi yeri var. Olub-keçənləri xatırlamaq üçün şairin köhnə dəyirmandan yaxşı bələdçisi kim ola bilər?! İnsanlardan soruşanda onlar olub keçənləri çatdırsalar da mütləq özlərinə sərf edən əlavələrlə danışacaqlar. Artıq tarixdəki və insanların həyatındakı istisnasız rollarını qeyd etdiyimiz dəyirmansa gördüyü həqiqətləri bütün çılpaqlığı ilə qoruyub saxlaya bilib. Və təkcə öz başına gələnləri yox:
Dəyirmanım,
Sən yaxşını, sən yamanı
görürsənmi?
Sən zamanı görürsənmi?
Sən zamanın işlətdiyi
Dəyirmanı görürsənmi?
Görürsənmi səni necə üyütdü,
Almayıb heç nəyi vecə, üyütdü.
Dəyirmanla söhbət daha nələri üzə çıxarır? Keçmişimiz və bu günümüzlə səsləşən ifadələrin zəngin fikir tutumuna diqqət yetirək:
Üyütdü, çıxmadı səsin, nəfəsin,
Vardı bir düz çəkən köhnə tərəzin.
О nizam-tərəzi, çəki üyündü.
Bu əlin о ələ ərki üyündü.
Görürsən zamamn sərt dəyirmanı,
Heç kəsə, heç nəyə verməz amanı
Yamanlar boş yerə öyünüb gedib,
Çox-çox yaxşılıqlar üyünüb gedib.
Çox təzə üyünüb köhnə adıyla,
İgidlər üyünüb səmənd atıyla,
Üyünüb çox ali şöhrətlər, adlar.
Nə bilim, üyünüb bir çox elatlar.
Klassik ədəbi nümunələr yaratmağın daha hansı zirvələri var, bilmirəm. Ancaq mənə elə gəlir ki, cuzi istisnaları nəzərə almasaq, ədəbi tənqid Musa Yaqub dəryasına baş vurmaqda çox gecikir. Çağdaş poeziyamızın böyük şairi özü də bunda çox maraqlı görünmür. İşıqlı insanlara məxsus çöhrəsində əbədi həkk olunan həya onun klassik nümunələr sayılacaq əsərlərini təbliğ etdirməsinin qarşısını alır. Ancaq bu əsərlər təkcə Musa Yaqub üçün deyil. Onun eləmədiklərini cəmiyyət özü tələb edib ortaya çıxarmalıdır, tələb edib təkrar-təkrar ictimailəşdirməli, dərslik kitablarına salıb məktəblilərə oxutdurmalıdır. Bu əsərləri oxuyan məktəblinin dəyərli ölkə vətəndaşı olmayacağını kimsə iddia eləyə bilərmi?!
…Yolumuz “Min ilin son gecəsi”nə doğrudur.
(davamı var)