Respublikada 4000-dən çox qəzet qeydiyatdan kecib. Bunlardan yalnız 33 qəzet gündəlik nəşr olunur. Hazırda ölkə əhalisinin qəzet oxuyan təbəqəsinə siyasətçilər, QHT-çilər və ictimai-siyasi aktivliyi olan vətəndaşlar daxildir. Onlar hər gün çap olunan qəzetləri acgözlüklə oxuyurlar və informasiya təşnələrini söndürürlər. Amma bu qəzetlərdəki yazıları ərsəyə gətirənlər barədə az məlumatlı olurlar.
Avropa ölkələrində, lap elə Rusiya, Türkiyədə qəzeti və ictimai fikri öz arxalarınca aparan jurnalistlər var. Bu jurnalistlərin yazıları, təhlilləri, müsahibələri siyasi, mədəni dairələrdə rezonans yaradır və uzun müzakirələrə səbəb olur. Qəzet naşirləri bu jurnalistlər üstündə əsim-əsim əsirlər, hər nazı ilə oynayırlar.
Bizim cəmiyyətin tanımış simaları necə ölkə mətbuatını gündəlik olaraq izləyirlərsə, həftə ərzində hansı yazını yadda saxlayır və onu daha maraqlı hesab edirlər.
Modern.az bununla bağlı həftəlik layihəyə start verir. Biz bu layihə çərçivəsində hər həftəsonu tanınmış şəxslərdən qəzet oxuyarkən yadında saxladığı yazı və onun müəllifini xəbər alacağıq. İlk olaraq sualımızı bir sıra tanınmış şəxslərə ünvanladıq.
Sabiq millət vəkili Pənah Hüseyn bildirdi ki, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini gündəlik olaraq izləyir.
““Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin abunəcisiyəm. Maraqlı yazıları oxuyuram”.
Onun sözlərinə görə, yazılarda müəllifləri xüsusi olaraq ayırmır, maraqlı olan yazıları oxuyur.
“Adətən Zamin Hacının yazılarını oxuyuram, köşə yazılarını izləyirəm”. P.Hüseyn hesab edir ki, hazırda informasiya dövrüdür və buna görə də daha çox informasiyalar oxuyur.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov bildirdi ki, daha çox istimai -siyasi xəbərləri və QHT ilə bağlı xəbərləri izləyir. Müsahibimiz hesab edir ki, ötən həftə ərzində bu sahədə xususi əhəmiyyəti ilə secilən, səs-küyə səbəb olan hər hansı bir hadisə və ya xəbər olmayıb.
F.Qurbanov bildirdi ki, gündəlik mətbuatı izləyir. Daha çox isə elektron mətbuata diqqət yetirir. “Təbii ki, gün ərzində ölkə gündəmində baş verən hadisələrə diqqət yetirirəm, daha çox elektron mətbuata barıxam. Gün ərzində APA, Modern.az, “Mediaforum”, “Qafqazinfo” kimi elektron mətbuatı izləyirəm”. O, müəllif adı şəkməkdə çətinlik çəkdi. Çünki yazıları oxuyduqdan sonra ancaq sonda imzaya diqqət yetirmir. F.Qurbanov deyir ki, daha çox xəbər janrında olan informasiyaları oxuyur.
“Daha çox istimai-siyasi həyatda baş verən hadisələri izləyirik, öz işimizlə əlaqədar olaraq QHT xəbərlərinə diqqət yetirirəm. Amma, analitik yazıları, köşə yazılarını oxumağa vaxt olmur. Bu baxımdan müəllif yazılarını qiymətləndirməkdə çətinlik çəkirəm”.
Hüqüqşunas Aslan İsmayılov bildirdi ki, daha çox elektron mətbuatı izləyir. “Mətbuatı izləyirəm, amma daha çox elektron mətbuatdan xəbərlər oxuyuram. Lent.az-ı demək olar ki, hər gün izləyirəm. Qəzetlərdən isə “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini oxuyuram”. Ötən həftə ərzində hansı müəllifin yazısını oxuduğu və yaddaşına həkk olmasına gəlincə, müsahibimiz bildirdi ki, Rasim Əliyevin “Dünyada dürüstlüyün olmaması atom bombasından daha təhlükəlidir” başlıqlı yazı onun yaddaşındadır.
“Hesab edirəm ki, Rasim Əliyevin yazısını hər bir azərbaycanlı oxumalıdır. Olduqca əhəmiyyətli yazıdır. Bundan əlavə, deyə bilərəm ki, Laura (jurnalist Laura Cəbrayıllı nəzərdə tutur-red) adlı bir müəllif var idi, o, Hüseyn Cavidlə bağlı yazı yazmışdı və o yazı indiyə qədər mənim yaddaşımdadır”.
“525-ci qəzet” in baş redaktoru Rəşad Məcid bildirdi ki, ötən həftə ilə bağlı yadında qalan yazı olmayıb.
Şair Qulu Ağsəs bildirdi ki, mətbuatı gündəlik olaraq izləyir. Onun sözlərinə görə, xəbər portallarını daha çox izləyir və ədəbiyyat və mədəniyyətlə bağlı yazıları oxuyur. Qəzetlərə gəlincə Q.Ağsəs bildirdi ki, “Ədəbiyyat”, “525-ci qəzet”, “Azadlıq” qəzetlərini oxuyur. Ancaq ötən həftə ərzində bu qəzetlərin səhifələrində onun xüsusi marağına səbəb olan yazı olmayıb.
“Qəzetləri gündəlik olaraq oxuyuram, ötən həftə ərzində xüsusi maraqlı yazı olmayıb. Bəlkə də olub, mənim diqqətimdən yayınıb”.
Q.Ağsəs araşdırma yazılarını oxumağa üstünlük verir. “Çox istərdim ki, araşdırma yazıları olsun. Jurnalist 1-2 ay düşsün bir mövzünün dalınca, araşdırsın, nəsə maraqlı yazı ortaya qoysun. Təəssüf ki, bu yoxdur”. Müsahibiz hesab edir ki, ötən həftə mətbuatda mərhun yazıcı Eyvaz Əlləzoğlunun həyat yoldaşının intihar etməsi ilə bağlı oxuduğu xəbər həftənin, hətta ayın hadisəsidir.