Söz Azadlığını Müdafiə Fondunun eksperti
“Şərqdə ilk dramaturgiya Azərbaycanda, ilk teatr Azərbaycanda, ilk opera Azərbaycanda, nəhayət, ilk demokratik Cümhuriyyət də Azərbaycanda” …
Bu fikirləri ilk müstəqil demokratik resrublikamızın ideoloqu Məmməd Əmin Rəsulzadə Lahıca sığınanda qələmə aldığı “Əsrimizin Səyavuşu” əsərində yazmışdı.
İlk demokratik cümhuriyyətin Azərbaycanda qurulmasından yaşanan fəxarət hissləri bu respublikanın İranda böyükelçisi işləmiş Adil xan Ziyadxanovun sonradan – Türkiyədə mühacir həyatı yaşadığı dövrdə ərsəyə gətirdiyi “Azarbaycan” sənədli-tarixi əsərində də xüsusi vurğuyla qeyd olunurdu. Adil xan cümhuriyyət ordusunun Bakı küçələri ilə ilk yürüşünü xatırladır. Qeyd edir ki, “insanlar sevinc, fərəh hissi ilə, əllərində gül-çiçək dəstələri milli ordumuzun pişvazına çıxmışdı. Hədsiz sevinc nidaları ilə ləşkərimizi salamlayan insanların arasında hətta təbəqə fərqi də hiss olunmurdu. Bu axının içərisində adi, imkansız insanlardan tutmuş, məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə qədər hamı var idi”.
Yaranmasından 90 il ötən Azərbaycan Xalq Cümhuriyyəti barədə söylənilənləri, yazılanları sadalamaqla qurtarmaq mümkün deyil. Heç şübhəsiz, ötən əsrin əvvəllərində yaradılan bu demokratik resrublikanın xalqımızın tarixində çox önəmli yeri var. Bu, bizim yaratdığımız tarixi salnamələr içərisində qürurverici, şərəfli səhifələrdən biridir. Bəlkə də qoca tarix qəsdən belə bir fürsəti müvəqqəti də olsa taleyimizə yazıb ki, Azərbaycanın allahın sevdiyi məmləkətlərdən sayıldığı bütün dünya xalqlarına əyan olsun. Cümhuriyyətin ilk parlamentinin sədri Əlimərdan bəy Torçubaşovun başçılığı altında nümayəndə heyətinin Fransada keçirilən Versal Sülh Konfransında və konfransdan sonra apardığı gərgin mübarizəni xatırlatmaq bu aspektdən yerinə düşər. O vaxt nümayəndə heyətinə dünyanın superdövlətlərinin liderlərinə “Azərbaycan müstəqil ölkə kimi yaşamağa qadirdir” ifadəsinin mahiyyətini anlatması üçün nə az, nə çox, düz altı ay vaxt lazım gəlmişdi. Təbii ki, bu yerdə həmin dövrün texniki-informasiya imkanları ilə çağdaş dövrümüzün analoji vəziyyəti arasında paralellər aparmaq olmaz. Amma bu faktı xatırlamamaq da tarixi ədalətsizlik olar ki, nümayəndə heyətimizin Versal Sülh Konfransında təmsil oluna bilməsinin əsl səbəbi bu dövrdə artıq müstəqil demokratik respublika elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu idi.
İndi Azərbaycan Demokratik Respublikasının yaranmasından 90 il ötür. ADR-in varisi elan edilmiş müasir Azərbaycan dövləti artıq beynəlxalq münasibətlərin tam hüquqlu subyektinə çevrilib. Dünyanın əksər dövlətləri ilə diplomatik, eləcə də siyasi-iqtisadi münasibətlər yaradılıb. Həyata keçirilməsində ciddi problemlər yaşanmasına baxmayaraq, Ayropaya inteqrasiya əsas meyar, strategiya kimi elan edilib. İndi bu inteqrasiyanı şərtləndirən amillər – daxildə gerçək demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna mane olmaq istəyən kifayət qədər mühafizəkar qüvvələr mövcuddur. Amma bütün bunlarla bərabər, ölkəmizin bir çox nüfuzlu, beynəlxalq təşkilatlara üzv qəbul olunmasını, çoxlu sayda beynəlxalq konvensiyalara tərəfdaş çıxmasını da irəliyə doğru atılan addımlardan hesab etmək mümkündür.
Amma sonradan bütün bunları əldə edə bildiyimizə görə, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu unutmamalıyıq. Əgər bu cümhuriyyət və onun bəlli sərhədləri dünya ölkələri tərəfindən rəsmən tanınmasaydı, onda biz SSRİ-nin tərkibinə suveren respublika kimi yox, bir əyalət, mahal kimi daxil ediləcək, bu imperiya süquta uğrayanda isə Rusiya Federasiyasının subyekti kimi qalacaq idik. Təxminən Dağıstan, Çeçenistan və ya Adıgeya resrublikaları kimi… Təkcə elə bu taleyi yaşamadığımıza görə, Azərbaycan Xalq Cümhuriyyətinə və onun vətənpərvər, ziyalı ideoloqlarına minnətdar olub, onları bir örnək kimi xatırlamağa dəyər.
“Üçrəngli bayrağa bürünmüş şairə” kitabından hissə