Artıq bir ildir ki, Solmaz Mirzəyeva aramızda yoxdur. Uzun illər “Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru olmuş jurnalistin dünyasını dəyişməsi Azərbaycan mətbuatı ilə yanaşı, ölkənin dəmiryolu ictimaiyyəti üçün də ağır itkidir.
S.A.Mirzəyeva 8 iyul 1938-ci ildə Bakı şəhərində anadan olub. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil alıb.
1962-1968-ci illərdə “Azərnəşr”in elmi-kütləvi, uşaq ədəbiyyatı, bədii ədəbiyyat və tərcümə redaksiyalarında kiçik redaktor, 1968-ci ildən isə redaktor vəzifələrində çalışıb.
S.Mirzəyevanın jurnalistlik fəaliyyətində “Azərbaycan dəmiryolçusu” qəzeti mühüm rol oynayıb. Jurnalistlik fəaliyyətinin 30 ili bu nəşrlə bağlı olub. 1980-1993-cü illərdə qəzetdə redaktor müavini vəzifəsini tutub. Yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətilə seçilən qələm sahibi 1993-cü ildən qəzetə redaktor vəzifəsinə təyin edilib və ömrünün sonuna kimi ona tapşırılan çətin və məsuliyyətli işi şərəflə yerinə yetirib.
Mətbuat sahəsindəki səmərəli fəaliyyəti “Ustad” Ali Jurnalistika Mükafatı və Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə dəyərləndirilib.
Şuranın dünənki açıqlamasında daha sonra deyili: “Görkəmli jurnalist Valid Möhsün oğlu Sənani yanvarın 23-də vəfat edib. O, 76 il yaşayıb, ömür-gününün 56 ili mediamızla bağlı olub.
Özündən sonra Azərbaycan jurnalistikasına, media təmsilçilərimizə yüksək peşəkarlığı və məsuliyyətilə diqqəti çəkən orijinal yaradıcılığı, sözə, sənətə sayğılı münasibəti təlqin edən irsi yadigar qalıb.
Valid Sənani sevilən, adı, xatirəsi əbədi yaddaşlarda qalan peşəkar jurnalistlərdən, səmimi, qayğıkeş insanlardan biri idi. Heç şübhəsiz, belə keyfiyyətlərin formalaşmasına Azərbaycanın Möhsün Sənani kimi möhtəşəm aktyorunun ailə ocağında boya-başa çatmaq, sənət sevgisinin nə olduğunu əxs etmək təsirsiz ötüşməyib.
O, 12 may 1935-ci ildə Bakı şəhərində anadan olub, 7 saylı orta məktəbdə təhsil alıb. 1957-ci ildə Bakı dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirib. Lakin tale yolunu 1955-ci ildə Azərbaycan radiosunda diktor kimi fəaliyyətə başlaması ilə müəyyənləşdirib. 3 il sonra radionun “Xəbərlər” baş redaksiyasına keçirilib. Düz bir qərinə orada işləyib.
Redaktor, böyük redaktor, baş redaktorun müavini, baş redaktor, nəhayət proqram baş redaksiyasının direktoru işləyib. Valid Sənani bu illər ərzində teleradio məkanımızda peşəkarlıq meyarlarının formalaşmasında misilsiz xidmətlər göstərib.
Respublikada və dünyada baş verən hadisələrin dolğun və operativ çatdırılmasında səylərini əsirgəməyib. Ən əsası, Azərbaycanda kamil diktorluq məktəbinin yaradıcılarından biri kimi bu sənətin onlarca istedadlı nümayəndəsinin püxtələşməsinə kömək göstərib.
Ölkə televiziyası tarixinə ilk futbol şərhçisi kimi daxil olan V.Sənani yüksək məharətilə tamaşaçılara saysız-hesabsız sevincli, həyəcanlı anları yaşadıb. Onun bu sahədəki peşəkarlığı da müasirləri və özündən sonrakı futbol şərhçiləri üçün örnək sayılır.
V.Sənani 1991-ci ilin martında Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini seçilib və ömrünün sonunadək bu vəzifədə çalışıb.
Zəngin təcrübəsini burada da həvəslə sərf edib. 1989-cu ildə “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layıq görülüb. Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyası Şurasına üzv seçilib.
V.Sənani həm də səmimi, qayğıkeş ailə başçısı olub. Həyat yoldaşı, tanınmış televiziya diktoru Ofelya Sənani ilə birgə bir oğul, bir qız boya-başa çatdırıb. Üç nəvə, bir nəticə sevincini yaşayıb. Onun ən böyük mükafatı isə, heç şübhəsiz, qəlblərdə yaşayan əziz xatirəsidir.
Allah rəhmət eləsin!