Nuşirəvan Məhərrəmli: “İnternet televiziyası yalnız həvəskarlar üçündür “

“Gələcəkdə internetlə televiziya birləşəcək. Televiziya imkanları ilə internet imkanlarının birləşməsi nəticəsində daha mükəmməl yayım vasitəsi əmələ gələcək”. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli SİA-ya açıqlamasında belə deyib.

Şura sədri bildirib ki, bununla da insanlar televiziya vasitəsilə internetin xidmətlərindən istifadə edə biləcəklər. İnternetin arxasında bir adamın oturduğunu, televiziyaya isə adamların ailəlikcə baxdığını deyən şura sədri vurğulayıb ki, televiziya monitorunun çox böyük imkanları var. Onun sözlərinə görə, yaxın gələcəkdə internetin imkanları televiziyaya keçərək daha güclü informasiya vasitəsi əmələ gətirəcək.

İnternet teleradio sahəsinə gəlincə, Nuşirəvan Məhərrəmli qeyd edib ki, bu tək Azərbaycanda deyil, bütün dünyada həllini tapmayıb. İnternet televiziyasının özünü doğrultmayan bir sahə olduğunu deyən şura sədri bildirib ki, insanlar daha çox efir vasitəsilə baxmağa üstünlük verirlər: “İnternet televiziyası yaratmaq üçün böyük bir studiya qurmaq lazımdır, bundan əlavə, o, 24 saat fəaliyyət göstərməli, televiziyanın yayım cədvəli olmalıdır. Bu, çox böyük işdir. Dünya ölkələrində belə bir şey yoxdur, yalnız bu sahə ilə məşğul olmaq istəyən həvəskar insanlar var. Ancaq bizim insanlar bunu şişirdirlər. Abunəçilər arasında kabel televiziyası necədirsə, internet televiziyası da elədir. Televiziyanın imkanları geniş olduğundan insanlar efir televiziyasına üz tuturlar. İnternet televiziyası isə yalnız həvəskarlar üçündür”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO