Milli.Az-ın yaranmasından 1 il ötür

Online-xəbər məkanında özünəməxsus yeri olan Milli.Az xəbər portalı ötən ilin yanvar ayında yaradılıb, fevralın 1-də isə artıq rəsmən fəaliyyətə başlayıb. Beləliklə, bugünlərdə Milli.Az-ın 1 yaşı tamam olur… Portal “Day.Az” Media Şirkətinə məxsus brendlərdən biridir. Bu şirkət www.Day.Az, www.Today.Az və www.Milli.Az saytlarını birləşdirir.
Milli.Az xəbər portalının baş redaktoru Sevda İlhamqızının sözlərinə görə, əvvəl Day.Az media şirkətinə məxsus rus və ingilis dillərində portallar var idi, Azərbaycan dilində isə yalnız radio fəaliyyət göstərirdi: “Ana dilimizdə də xəbər saytı, təbii ki, olmalıydı və yaradıldı. Potal dünyada və Azərbaycanda baş verən mühüm və maraqlı hadisələr barədə operativ xəbərlər yayımlayır. Portalımızda siyasət, iqtisadiyyat, mədəniyyət, şou-biznes, krimal və fövqəladə hadisələr, idman xəbərləri, dünyada baş verən olaylar barədə məlumatlar verilir. Həmçinin cəmiyyət həyatının ən müxtəlif sahələrinə dair maraqlı yazılar, araşdırmalar, ictimai-siyasi proseslərin təhlili, anatilik materiallar hazırlanır. Saytımız eyni zamanda maraqlı video görüntülər və fotosessiyalar da yayımlamaqla, canlı xəbər effektini aşılamağa çalışır. Bir sözlə, Milli.Az insanların məlumatlanmasına, maariflənməsinə və intellektual istirahətinə xidmət edir. Bunun üçün müasir internet texnologiyalarının və ümumiyyətlə, media təsisatının bütün mümkün imkanlarından istifadə edirik”.
S.İlhamqızı deyir ki, müşahidələrə əsasən, Milli.Az bir xəbər portalı kimi özünü doğrulda bilib: “Bu, bəlkə subyektiv cavab olacaq, amma real göstəricilərə əsaslanaraq deyə bilərəm ki, qarşıya qoyulan məqsədə və əsas hədəfə çatmışıq. Bütün təşəbbüslər oxuculara hesablanıb və fəaliyyətimiz də onlar üçündür. Oxucu auditoriyasının genişlənməsi daim hərəkətdə olan prosesdir və bu dinamika yüksələn xətt üzrə gedir. Hər gün Milli.Az saytını 8-10 min insan oxuyur. Təbii ki, bu rəqəm artacaq. Nəzərə alaq ki, Milli.Az yarandığı gündən indiyə qədər onun geniş reklam təbliğatı aparılmayıb. Halbuki reklam hər bir istehsalatda ən mühüm rol oynayan amildir, tanıtımın əlifbasıdır – insanların sizi tanıması, bilməsi üçün mütləq reklam kampaniyanız aparılmalıdır. Amma biz, öz informasiya resurslarımız istisna olmaqla, bu təbliğatı hələ ki aparmamışıq. Amma nəticəyə baxaq – portal yaranan gündən çox qısa müddət ərzində böyük reytinq qazandı. Beynəlxalq sayğac göstəricilərini yada salsaq, sayt açılanda elə ilk aydaca 2500 nəfər oxucu cəlb edə bildik. Bu, Azərbaycanın internet məkanında ilk belə hal idi. Azərbaycanda İnternet istifadəçilərinin böyük əksəriyyəti gənc nəslin nümayəndələri hesab olunur və onların maraq dairəsinə əsasən, əyləncə tipli saytlar daxildir, bu baxımdan, ciddi saytların, xəbər resurslarının istifadəçiləri, təəssüf ki, onlarla müqayisədə, çox azdır. Bu baxımdan, yeni yaradılmış xəbər resursunun tez bir zamanda geniş kütləni əhatə edə bilməsini yüksək göstərici hesab etmək olar. Üstəlik, biz bu kontingenti nəinki saxlaya bildik, onun genişlənməsinə, oxucularımızın hər gün sayının artmasına nail olduq. Bu gün artıq 10 minə yaxın insan bizim gündəlik istifadəçimizdir. İnkişafımızın bu templə davam edəcəyinə inanırıq və yaxın gələcəkdə oxucularımızın sayı onminlərlə ölçüləcək”.
Baş redaktorun dediyinə görə, portalın kollektivi peşəkar kadrlardan formalaşıb: “Portal təsis olunduğu ilk gündən kadr seçimində yalnız peşəkarlığa üstünlük verilib. Bizim qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün yalnız peşəkarlardan ibarət komanda ilə işləmək lazım gəlir. Uzun illər mətbuatda çalışan, imzaları, fəaliyyəti ilə tanınan, seçilən insanlar toplaşıb burada. Amma mətbuat daim yenilənən, gəncləşən bir fəaliyyət sahəsidir, media orqanları gənc jurnalistlər yetişdirir, zaman-zaman yeni imzalarla tanış oluruq. Bu, çox təbii və təqdirəlayiq haldır. Ona görə də hesab edirəm ki, yetişməkdə olan gənc jurnalist nəslinə şərait yaratmaq, bununla da onların formalaşmasına, gələcəyin peşəkarlarına çevrilməsinə kömək göstərmək lazımdır. Məsələn, bizim əməkdaşlıq etdiyimiz jurnalistlər arasında uzun illərin təcrübəsinə malik şəxslərlə yanaşı, jurnalistliyə yeni başlayan gənclər də var. Burada məqsəd, qeyd etdiyim kimi, yeni jurnalist nəslinin yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır. Amma portalın işində əsas ağırlıq, sözsüz ki, öz üzərimizə düşür. Əməkdaşlıq etdiyimiz yazarlar da çoxdur, eyni zamanda, bütün istedadlı yazarlar, öz işində peşəkar olan jurnalistlər bizimlə əməkdaşlıq edə bilərlər”. S.İlhamqızı Milli.Az-ın bir illik fəaliyyətinin ən əlamətdar cəhətləri barədə bunları deyib: “Bir il bizim üçün heç də asan keçmədi. Saytın yüksək reytinq göstəricilərini bizim ötən bir ildəki fəaliyyətimizə verilən əsas qiymət kimi götürmək olar. Qazanılan populyarlıq özünü ictimai qiymətləndirmədə də əks etdirdi. 2010-cu ilin yekunlarına görə, Milli.Az xəbər portalı “İlin şirkəti” Milli Mükafatına layiq görüldü. “MiniMax Media Holding”in nəşri olan “Consulting&Business” jurnalı tərəfindən hər il biznes sahəsindəki uğurlara görə verilən bu nüfuzlu mükafat, “İlin xəbər portalı” nominasiyasında Milli.Az-a təqdim olundu. Bildiyiniz kimi, ötən ilin sonunda Gülüstan Sarayında bu mükafatın təntənəli təqdimat mərasimi də keçirildi. Təbii ki, uğurların göstərici yalnız mükafatlarla ölçülmür. Bizim ən böyük uğurumuz qazandığımız oxucu auditoriyasıdır. Onların etimadını qazanmaq, dostuna çevrilmək, hər gün müraciət etdiyi, inandığı bir mənbə rolunu oynamaq – bizim üçün çox sevindirici haldır, həm də üzərimizdə böyük bir məsuliyyətdir. Onu da qeyd edim ki, bizi təkcə sıravi oxucular, qeyri-media sahəsinin təmsilçiləri oxumurlar. Ölkənin, demək olar ki, bütün kütləvi-informasiya vasitələri Milli.Az xəbər portalının yaydığı materiallardan istifadə edirlər. Deməli, biz təkcə öz oxucularımızı məlumatlandırmırıq, həm də digər informasiya resursları üçün xəbər mənbəyiyik. Televiziyalar, radiolar, ən müxtəlif saytlar, qəzetlər Milli.Az xəbər portalının məlumatlarını, yazılarını yayımlayırlar. Amma təəssüflə qeyd etməliyəm ki, bu zaman saytımıza istinad olunmur. Bu da KİV sahəsinin bir ciddi problemidir”.
Planlar haqqında söz açan S.İlhamqızı bildirib ki, saytın inkişafı, oxucu auditoriyasını maraqlandıran sahələrin daha geniş işıqlandırılması üçün işin həcmini və keyfiyyətini daha da artırmaq fikrindədirlər: “Milli.Az-ın internet istifadəçilərinin ən sevimli saytı olmasına çalışırıq”.
S.İlhamqızı əlavə edib ki, onun xəbər sahəsində ilk rəhbərlik işi Trend Agentliyində başlayıb və bir neçə mərhələdən keçib: “Bir neçə il müxbir vəzifəsində çalışdıqdan sonra, Trend Agentliyində Türkiyə redaksiyasını yaratdıq və bu sahəyə cavabdeh şəxs oldum. Bir ildən sonra Trendin Mətbuat Mərkəzinin rəhbəri təyin olundum. Yenə də bir ildən sonra Trendin Multimedia Agentliyini yaratdıq və paralel olaraq, o işə də rəhbərlik etmək mənə həvalə olundu. Mətbuat Mərkəzinin və Trend Multimedia Agentliyinin direktoru kimi iki il fəaliyyət göstərdim. Bundan sonra Day.Az media şirkəti tərəfindən yeni bir layihəyə rəhbərlik etmək təklifi aldım. Milli.Az xəbər portalının baş redaktoru olmağımı fəaliyyətimdə xüsusi dönüş mərhələsi hesab edirəm və buna görə çox sevinirəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO