Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 2011-ci ildə ilk iclası keçirilib. İclasın gündəliyinə 4 məsələ daxil edilib.
Öncə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Şuranın 2010-cu ildə gördüyü işlərə dair hesabatını təqdim edib. Hesabatın istiqamətləri barədə məlumat verən Şura sədri vurğulayıb ki, sənəddə komissiyaların fəaliyyətinə, Mətbuat Şurasına daxil olan şikayət və müraciətlərin araşdırılmasına, qərar və rəylərin qəbuluna, “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinə, diffamasiya təşəbbüslərinin reallaşdırılmasına, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı ilə əlaqədar məsələlərə, milli mətbuatın 135 illiyi ilə əlaqədar Prezident sərəncamından irəli gələn vəzifələrin həllinə, müxtəlif mövzularda konfrans, seminar və “dəyirmi masa”ların təhlilinə, beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlərə geniş yer ayrılıb.
Müzakirələrdən sonra hesabat yekdilliklə məqbul qiymətləndirilib və sənədin müəyyən əlavələrlə xüsusi toplantıda geniş ictimaiyyətə çatdırılması, həmçinin ayrıca kitab şəklində buraxılması barədə qərar qəbul edilib.
Gündəlikdə duran ikinci məsələ Azərbaycan Mətbuat Şurasının 2011-ci ilə dair iş planı ətrafında müzakirələr olub. Plan müəyyən əlavələrlə təsdiq olunduqdan sonra qərara alınıb ki, 2011-ci ildə diffamasiya haqqında qanunun ölkə parlamentinə təqdimatı sahəsindəki işlər davam etdirilsin. Həmçinin mətbuatın iqtisadi durumunun yaxşılaşdırılmasına yönələn səylərin davamı kimi rəsmi qurumların elan və reklamlarının KİV-lərdə yerləşdirilməsi məsələsinə dair işlər görülsün. İş planına internet jurnalistika və müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar tədbirlər daxil edilib. Milli müstəqilliyimizin bərpasında mətbuatın roluna dair xüsusi konfransın təşkili razılaşdırılıb. “Şuşa” qəzetinin 100 illiyi ilə bağlı məsələyə toxunularkən qərara alınıb ki, işğal altında olan bölgələrin media orqanlarını bir araya gətirən tədbirin təşkili də aktual səciyyə daşıyır.
İclasda Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 2010-cu ilin dekabrında çıxardığı rəylər əsasında 3 qərar qəbul olunub. İH üzvləri xüsusən “Salamnyus” İnformasiya Agentliyinin “Tarixi şəxsiyyətlər” jurnalına qarşı şikayəti ilə bağlı daha geniş müzakirələr aparıblar. Bildirilib ki, jurnalın 2010-cu ildə çıxan səkkizinci sayında ölkəmizin xəritəsinin təhrifi, qonşu dövlətə məxsus xeyriyyə cəmiyyətinin Bakı ofisinin fəaliyyətini əks etdirən xəritə sxeminin yanlış şəkildə təqdimatı jurnalın cəmiyyətə xidmət və mövqeyini şübhə altına qoyur. İdarə Heyəti bütün bunları əsas götürərək “Tarixi şəxsiyyətlər” jurnalına ciddi xəbərdarlıq edilməsi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müvafiq məlumat göndərilməsi barədə qərara gəlib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Gündəm siyasət” qəzetinə qarşı şikayəti əsasında çıxarılan qərarda isə mətbu nəşrə xəbərdarlığın olunması məqbul sayılıb. İclasda həmçinin “Reytinq” qəzetinə Azərbaycan Mətbuat Şurasının sonuncu xəbərdarlığı edilib.
Qərara alınıb ki, KİV-in bir aylıq saylarının monitorinqi aparılsın.