Milli.Az xəbər portalı bildirir ki, dekabrın 22-də İtaliyanın “İl Foglio” qəzeti “Bakıya böyük üzrxahlıq” adlı redaksiya məqaləsini dərc edərək Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevadan üzr istəyiblər.
İtaliya qəzetinin məqaləsində bildirilir ki, dekabrın 3-də “İl Foglio” Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva haqqında həqiqətə uyğun olmayan, yalan material dərc edib.
“Məqalə Bakıda çox mənfi reaksiya doğurdu ki, bu da qəzetimizdə təəssüf və narahatlıq hissi yaratmaya bilməz”, – italyan qəzetinin məqaləsində bildirilir.
“İl Foglio”da bu gün dərc edilmiş təkzibin müəllifləri Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, Azərbaycan Prezidenti İlham Əliyev, habelə bütün Azərbaycan xalqından üzr istəyirlər.
“Azərbaycan xalqı bizə ünvanladığı məktublarda birinci xanıma olan sevgi və bağlılığı ilə bizi heyran etdi”, – məqalədə deyilir.
“İl Foglio” redaksiya məqaləsində etiraf edir ki, onun xəbər mənbələri tamamən etibarsızdır, dekabrın 3-də dərc edilmiş məqalənin özü isə aşkar şəkildə əxlaqsız formadadır: “Bunu etiraf edir və üzr istəyirik”.
Eyni zamanda qəzet ümid edir ki, “İl Foglio”da dərc edilmiş, jurnalist səhvinin nəticəsi olan böhtan ruhlu və həyasız məqalə azərbaycanlılarla italyanlar arasındakı gözəl münasibətlər və qarşılıqlı rəğbətə təsir etməyəcək.
Xatırladaq ki, bir qədər əvvəl Azərbaycanın birinci xanımının protokol xidməti italyan qəzetini yalan və böhtan yayımladığını bəyan etmişdi.
Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın protokol xidmətinin bəyanatında deyilirdi: “Biz bu il dekabrın 3-də “İl Foglio” qəzetində dərc edilmiş və Azərbaycanın birinci xanımının şərəf və ləyaqətini ləkələyən böhtan və iftiralardan son dərəcə hiddətləndiyimizi bildiririk. Biz rəsmi olaraq bildiririk ki, məqalədə ifadə olunmuş, guya alman diplomatlarından alınmış “sensasiyalı məlumatlar” ağ yalan və iftiradır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan parlamentinin deputatı Mehriban Əliyeva mədəniyyətlərin və sivilizasiyaların dialoqunun fəallaşdırılmasına, dünya mədəni irsinin qorunmasına, siyasi və ictimai həyatda qadınların rolunun artırılmasına yönəlmiş aktiv və çoxşaxəli fəaliyyəti ilə ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınır. Aydındır ki, Azərbaycanın birinci xanımının, mürəkkəb geosiyasi şəraitdə, münaqişələrlə dolu regionda yerləşən ölkənin artan nüfuzu bəzi dairələrdə əsəbi reaksiya doğurur.
Biz başa düşürük ki, jurnalistlərin öz informasiya mənbələrini gizli saxlamaq hüququ bir sıra bulvar və aşağı səviyyəli nəşrlər tərəfindən açıq-aşkar böhtan, o cümlədən ölkəmizin nüfuzunun və Azərbaycanın birinci xanımının beynəlxalq nüfuzunun artmasında maraqlı olmayan müəyyən qüvvələrin sifarişi ilə iftiralar dərc etmək imkanı kimi şərh olunur.
Azərbaycanın birinci xanımının Protokol xidməti hamı tərəfindən etik normaları və bütün beynəlxalq və Avropa sənədlərində təsbit edilmiş insanın böhtandan müdafiə olunması və şəxsi həyatının toxunulmazlığı hüquqlarını rəhbər tutaraq Azərbaycanın birinci xanımından dərhal üzr istəməyi və yuxarıda göstərilən məqalə barədə təkzib dərc etməyi “İl Foglio” qəzetindən rəsmi surətdə tələb edir. Ölkəmiz, həmçinin Azərbaycanın birinci xanımının şərəf və ləyaqətinin müdafiə olunması barədə iddia ilə İtaliya və beynəlxalq məhkəmə instansiyalarına müraciət etmək hüququnu özündə saxlayır”.
Milli.Az