Hüseyn Cavid haqqında yeni kitab çapdan çıxıb. APA-nın məlumatına görə, fəlsəfə doktoru Azər Turanın müəllifi olduğu “Cavidnamə” kitabında Hüseyn Cavidin ömür yolu, xüsusən onun İstanbul dövrü sistemli şəkildə tədqiq olunub, eləcə də yaradıcılığının ədəbi-fəlsəfi, tarixi, məfkurəvi, irfani, dini və elmi qaynaqları araşdırılıb.
Kitabın elmi redaktorları akademiklər Bəkir Nəbiyev, İsa Həbibbəyli və Türkiyənin Ege Universitetinin professoru Yavuz Akpınar, elmi məsləhətçisi millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevadır.
Hüseyn Cavid irsinin qaynaqlarını geniş ölçüdə ilk dəfə tədqiq edən müəllif dahi sənətkarın irsini əxlaqının da, düşüncələrinin də ehtiva olunduğu Vətən triadasının – türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq düsturunun fonunda araşdırır. Müəllifin fikrincə, Hüseyn Cavidi mənsub olduğu məfkurə sistemindən təcrid etmək, yaradıcılığını yalnız bədii-estetik yönlərinə istinadən araşdırmaq dahi sənətkarın ədəbi şəxsiyyətinin hüdudlarını məhdudlaşdırır. Ona görə də Hüseyn Cavidin yaradıcılığını tədqiq edərkən, XIX yüzilliyin sonu, XX əsrin əvvəllərində təkcə Azərbaycanda deyil, eyni zamanda, Türkiyədə baş verən ədəbi-məfkurəvi prosesləri nəzərə almaq zəruridir.
«Cavidnamə»də Cavid yaradıcılığının və şəxsiyyətinin milli-siyasi mahiyyəti ilk dəfə yeni istiqamətdən təhlil edilib.
Yeni elmi-tarixi faktların zənginliyi ilə diqqəti cəlb edən kitab canlı ünsiyyətdən yaranan yaddaş materialları ilə də zəngindir. Azər Turan Cavidin bioqrafiyasını dahi sənətkarın son yadigarı Turan Cavidin bu günəcən oxucuya məlum olmayan xatirə söhbətlərinin işığında təqdim edir.
Kitabda Mişkinaz, Ərtoğrol və Turan Cavidlər, Cavidin qardaşı Şeyx Məhəmməd, qardaşı oğlu Tahir Rasizadə haqqında da ayrıca bölmələr var.
Dekabrın 24-də kitabın təqdimatı keçiriləcək.