Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyi bu ölkənin mediasının bilik və təcrübəsini azərbaycanlı jurnalistlərlə müzakirə edəcək. Səfirlikdən Modern.az saytına verilən məlumata görə, bu məqsədlə səfirlik böyük bir tədbir təşkil edəcək.
Bununla bağlı Türkiyədən Azərbaycana böyük bir nümayəndə heyəti gələcək. Qəzet və jurnallarda səhifə dizaynı, televiziya xəbərçiliyi və televiziyada reportaj texnikaları, görüntülü xəbər vermə texnikaları, video reportajların hazırlanmasındakı son inkişaflar, Türkiyə və dünya mediasında reklam, Türkiyədə mətbuatla dövlət qurumları arasındakı problemlərin həlli mövzularına aid seminar dekabrın 2-də saat 10:30-da Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzində həyata keçirələcək.
Tədbirdə Səfirliyin mətbuat müşaviri Həbib Kaya ilə yanaşı, Türkiyə Baş Nazirlik Mətbuat-Nəşr və İnformasiya şöbəsinin baş direktoru Mutad Karakaya və dairə başçıları Bahəddin Akyön, Abdullah Uzun və İsmayıl Kozanın qonaq olaraq, Radio Televiziya Yayım Şurası sədr müavini prof. dr. İlhan Yerlikaya, doç. dr. Mustafa Şəkər, TRT xəbər müdiri Bünyamin Şahin ilə elan xidmətləri müdiri Mehmet Nail Duran çıxış edəcəklər.
Nümayəndə heyəti dekabrın 1-də Bakıya gələcək.
Modern.az