Azərbaycan mətbuatında Məhəmməd Peyğəmbərin tənqid işartıları yolverilməz sayıldı

Azərbaycanda milli-dini tolerantlığın bərqərar olduğu artıq dünya miqyasında öz təcəssümünü tapıb. Ölkəmiz bu sahədə əldə etdiyi böyük uğur və nailiyyətlərinə görə bütün dünyaya örnəkdir. Azərbaycan ərazisində qədimdən tolerantlıq düşüncə tərzi hökm sürüb. Bunun nəticəsidir ki, burada İslam, Xristian, buddist dinlərinə, zərdüştlüyə sitayiş edənlər həmişə özlərini tam sərbəst hiss edib.

Ölkəmizdə hətta ateistlərə də hörmətlə yanaşılır. Amma təəssüf ki, ara-sıra ölkədə fəaliyyət göstərən bəzi mətbu orqanlar İslam dini və Məhəmməd peyğəmbəri təhqir edən yazılarla çıxış edir. Belə ki, bu günlərdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Azərbaycan İslam Partiyası (AİP) “Alma” qəzetilə bağlı olaraq Mətbuat Şurasına müraciət ünvanlayıb. Burada onlar sözügedən mətbu orqanda İslam Peyğəmbərinin təhqir olunduğunu bildiriblər. Müraciətdə onlar məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş edir. Yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə yaşayan insanlar böyük əksəriyyətlə burada fəaliyyət göstərən hər bir dinə və dini icmalara hörmətlə yanaşırlar. Bunu İslam dini və Peyğəmbərimiz də təbliğ edirdi. Vaxtilə Məhəmməd peyğəmbər bütün səmavi dinlərə hörmətlə yanaşmağın, onlara da sayğı göstərməyin vacib olduğunu bildirib. Bunun nəticəsidir ki, İslam ölkəsi sayılan Azərbaycanda bütün dinlərə normal münasibət bəslənir. Düzdür, bəzən, üç-beş ildən bir bəzi bədxahlar özünün də mənsub olduğu İslam dinini və onun peyğəmbərini təhqir edən yazılarla çıxış edir. Bununla da onlar bilərəkdən və ya bilməyərək Danimarkada, İsveçrədə olan bəzi həmkarlarının bu tip hərəkətlərini sanki təkrarlayırlar. Bildiyimiz kimi, demokratiyanın çiçəkləndiyi Danimarkada bir sıra qəzetlər dəfələrlə Məhəmməd peyğəmbəri təhqir edən yazılar yazıb, karikaturalar verib. Bununla onlar, heç şübhəsiz, tolerantlığa zidd olaraq islam ümmətinin heysiyyətinə toxunub. Azərbaycandakı bəzi məddahlar da onlara qoşularaq belə mənəviyyatsız əməllərə qol qoyub. Bu hal, istər-istəməz, ölkədə mövcud olan dini tolerantlığa pis mənada təsir edir. Burada təhqir olunan müsəlmanlardır. Belədə öz etiqadına sadiq müsəlman oxucusunda sözügedən qəzetdə peyğəmbərə qarşı edilən təhqir hərəkətinin xaricdən, məsələn, Danimarka kimi xristian ölkələrindən qaynaqlandığı fikri formalaşa bilər. Nəticədə isə onda haqlı mənada qəzəb hiss formalaşar. Bu qəzəb hissi də sonradan digər dinlərə olan tolerant münasibətin, tolerant düşüncə tərzinin zəifləməsinə gətirib çıxarar. Bu isə, yolverilməz olmaqla yanaşı, xalqımızın istəklərinə də tərs-mütənasibdir. Bu kimi hallar düşmənlərimizin, bizdəki milli-dini tolerantlığı həzm edə bilməyənlərin dəyirmanına su tökməyə bənzəyir. Onlar belə neqativ hallardan sui-istifadə edərək, ölkəmizdəki dini tolerantlığı pozmaq cəhdlərində buluna, dini düşmənçilik sala bilər. Düzdür, əvvəllər də buna oxşar cəhdlər olub. Amma hər dəfə belə halların qarşısı elə xalqın özü tərəfindən layiqincə alınıb. Yəni ölkə vətəndaşları böyük əksəriyyətlə hər zaman dini düşmənçiliyin, dini ayrıseçkiliyin əleyhinə olub. Bu mənada, bizi istəməyənlərin sözügedən istiqamətdə etdiyi cəhdlər həmişə boşa çıxıb və çıxacaq. Sözügedən təəssüfedici olayın ölkədəki dini tolerantlığa nə kimi mənfi təsir etmək imkanında olduğu barədə mütəxəssislərin də fikrini öyrəndik.

Dinşünas Vaqif Cəliloğlu bu kimi halları xoşagəlməz hesab etsə də, onun ölkədə mövcud olan dini tolerantlığa hər hansı bir xələl gətirməyəcəyi qənaətindədir: “Azərbaycanda əhalinin 96 faizindən çoxu müsəlmandır. Onlar Allaha və onun elçisi Məhəmməd peyğəmbərə iman gətirən şəxslərdir. Ürək ağrısı ilə onu da qeyd etməliyik ki, 5-6 ildən bir bəzi mətbu orqanlarda İslam qaydalarına, Allah kəlamlarına qarşı müəyyən mənada bir dözümsüzlük nümayiş etdirilir. Özü də elə bəzi müsəlmanların özləri tərəfindən. Belə qəzetlər, az da olsa, Azərbaycanda var. Son zamanlar Həzrəti Peyğəmbər barəsində bəzi xoşagəlməz, qeyri-islami fikirlər səslənir. Bu əksəriyyətin fikri də deyil. Azərbaycanın tolerant və dözümlü ölkə olması və onun bu sahədə dünyaya örnək olması nəzərə alınarsa, insan haqq və azadlıqları müstəvisində hər kəsin öz fikri var. Amma burada heç bir vəchlə təhqirə yol verilməməlidir.

Eyni zamanda, güman edirəm ki, tək-tük baş verən belə neqativ hallar çağdaş Azərbaycandakı tolerantlıq və dözümlülüyə xələl gətirməyəcək. Belə hallar xoşagəlməz olmaqla bərabər, o tolerant düşüncənin pozulmasına heç bir halda gətirib çıxarmayacaq.

Buna əminəm, xalqımızın tolerant düşüncə tərzinin qədimliyi məndə belə əminlik yaradıb. Bu, sadəcə olaraq, ayrı-ayrı şəxslərin subyektiv fikridir. Əlbəttə, onlar təhqirə yol verməməlidir. Belələrinin fəaliyyət dairəsi çox məhduddur və onlar formalaşmış çoxluğun düşüncəsinə heç bir halda neqativ təsir göstərə bilməz”.

Yazı Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dəstək Fondunun maliyyə dəstəyilə çap olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO