“İnter”i qələbə münasibəti ilə təbrik edirəm. “İnter” bizdən daha güclü komandadır. Komandamın gələcəyinə inanıram, yaxşı komandamız var”. Fanat.az xəbər verir ki, bu sözləri “İnter”lə oyundan sonra “Simurq”un baş məşqçisi Qyoko Hacievski deyib.
“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze isə “Simurq”a daha çox qol vurmalı olduqlarını bildirib: “Ümumilikdə oyundan razı qaldım. Məni razı salmayan qol vəziyyətlərindən istifadə etməməyimizdir. 6-7 real qol epizodunda “Simurq”un qapıçısı çox yaxşı oynadı”.
Gürcü mütəxəssis jurnalistə hədə-qorxu gəlib. Belə ki, Tsxadadze “Simurq”da icarə əsasında çıxış edən “İnter”in futbolçuları – Paulis Paknis, Baçana Tsxadadze və Tofiq Mikayılova “İnter”lə qarşılaşmada meydana çıxmağı qadağan edib. Halbuki, müqavilədə belə bir bənd qeyd edilməyib. Bundan xəbərdar olan jurnalist həmkarımız “İnter”in baş məşqçisinə “nəyə görə bu üç futbolçuya bu görüşdə oynamağa qadağa qoydunuz” sualını ünvanlayıb. Əvəzində Tsxadadze özündən çıxıb və jurnalistə kobudca cavab verərək, ona hədə-qorxu gəlib.