Bakı şəhəri 207 nömrəli orta məktəbdə “Turan Cavid – Qadın Mərkəzi” İctimai Birliyinin (TCQM İB) təşkilatçılığı ilə Hüseyn Cavidin 128-ci ildönümü münasibətilə şairin xatirəsinə həsr olunmuş tədbir reallaşıb. Tədbirdə TCQM İB-nin sədri Sevda Cəfərova çıxış edərək Hüseyn Cavidin yaradıcılığından danışıb, görkəmli şairin qızı Turan Cavidlə bağlı xatirələrini bölüşüb. Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olduğunu vurğulayan 207 nömrəli məktəbin direktoru Sədaqət Seyidova tədbirin oktyabrın 26-da keçirilməsinin təsadüfi olmadığını, ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Uzaq Sibirdən sənətkarın nəşinin doğma vətəninə məhz oktyabrın bu günündə gətirildiyini diqqətə çatdırıb. Tədbirin keçirilməsində məqsəd dahi şair və dramaturq, özünün də dediyi kimi səma şairi olan Hüseyn Cavidi xatırlamaq, onun həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat vermək, Cavid sənətini gələcək nəsillərə tanıtmaqdır. Daha sonra tədbir bədii hissə ilə davam edib.