Azərbaycan və Qırğızıstan mədəni əlaqələrinin genişləndirilməsi çərçivəsində böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Biz bir gəmidəyik” şeirlər kitabı Bişkekdə qırğız dilində nəşrə hazırlanır. Bu barədə Türkdilli dövlətlərin siyasətinə dəstək fondundan məlumat verilib. Kitaba şairin “Gülüstan” poeması Azərbaycan, qırğız, rus və ingilis dillərində daxil edilib. Kitabının tərcüməçiləri Qırğızıstanın Xalq Şairi Baxtıgül Çoturova, Altınbek İsmailov və Mukan Asanaliyevdir. Şairin “Gülüstan” poemasıni qırğız dilinə birbaşa Azərbaycan dilindən Altınbek İsmailov, qırğız dilindən rus və ingilis dillərinə Mukan Asanaliyev tərcümə ediblər. Azərbaycan və Qırğızıstan tarixində Azərbaycan dilindən birbaşa qırğız dilinə bu, ilk tərcümədir. Məlumat üçün bildirək ki, bu yaxınlarda böyük Azərbaycan yazıçısı və alimi Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildliyi qırğız dilinə tərcümə olunaraq nəşr edilib. Həmin üçcildliyin Bakıda keçiriləcək təqdimat mərasimində Qırğızıstandan böyük rəsmi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.