Dünən Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirilib. Qurumdan verilən məlumata görə, toplantını açan komissiya sədri, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ötən müddətdə həyata keçirilən işlər barədə məlumat verib. Onun sözlərinə görə, komissiya əsasən iki istiqamətdə fəaliyyət göstərib. Birincisi, Şikayətlər üzrə Komissiyasının təqdimatlarının araşdırılması, ikincisi, Mətbuat Şurasına daxil olan şikayətlərlə bağlı monitorinqlərin aparılması.
Komissiya üzvlərindən «İki sahil» qəzetinin əməkdaşı Elçin Namazov, «Ekspress» qəzetinin əməkdaşı Qalib Məmmədli, «Ədalət» qəzetinin əməkdaşı ceyhun Musaoğlu və digərləri çıxışlarında hər iki istiqamət üzrə görülən işlərin kifayət qədər əhatəli olduğunu vurğulayıblar və əldə edilən nəticələrin yekun rəylərin çıxarılmasında əsas kimi götürülməsinin vacibliyini önə çəkiblər. Onlar bildiriblər ki, komissiya üzvlərinin mətbu reketçilik ehtimalı ilə bağlı yerlərdə araşdırmalarını genişləndirməsi zəruridir və bu təcrübə artıq bir sıra nəticələrin qazanılmasına yol açıb. Belə ki, bəzi qəzetlərin təmənnalı fəaliyyətinə dair konkret sübutlar mövcuddur. Müzakirələrdən sonra MŞ-nin Şikayətlər üzrə Komissiyasının təqdimatına əsasən, 11 kütləvi informasiya vasitəsindən 6-ı barədə müvafiq rəy çıxarılıb. Rəylərdə MŞ İdarə Heyətinə həmin KİV-lərin «reket nəşr» elan olunaraq adlarının bu qəbildən olan media vasitələri üçün tərtib edilən «qara siyahı»ya salınması əksini tapıb. Digərləri ilə bağlı araşdırmaların aparılması məqsədəuyğun sayılıb.
Qeyd edək ki, bu iclas «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının genişləndirilmiş tərkibdə ikinci toplantısıdır. MŞ İdarə Heyətinin müvafiq qərarına əsasən qurumun fəaliyyət intensivliyinin artırılması üçün onun tərkibinə ölkənin aparıcı KİV-lərinin nümayəndələri də daxil ediliblər.