Dərviş deyil ki, könülsüz olaq



Məmməd Nazimoğlu 1959-cu il sentyabrın 28-i Ağdaşda doğulub. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarından, “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans” qəzetlərinin, “525-ci qəzet”in yazarı, ANS telekanalında efirə gedən “Qulp” verilişinin müəlliflərindən, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olub. 2008-ci il iyulun 6-da vəfat edib.

Bu qədər böyüyəndən sonra ölkə müxbiri,
Gözəl bir ad da qoyduq ona: “bölgə müxbiri”.
Qaxdan, Mingəçevirdən, nurdan, işıqdan yazır,
Qaranlıq bir bucaqda, küncdə kölgə müxbiri.
Rayonlarda işgüzar, Bakıda boş-bekardır,
Əlbəttə, tanıdığınız bu, Həsənov İlqardır.

Mətləb NAĞI,
Bakı-Ələt-Salyan-Bakı

Mən biləni, bu ona həsr edilmiş ilk nəzm parçasıdı. Düzdü, həmin nəzm parçası onun işgüzar fəaliyyətini tam əhatə eləmir. Üstəlik, cəmiyyətdəki ictimai dəyərini və yerini yetərincə işıqlandırıb gələcək nəsillərə lazımınca çatdıra da bilməyəcək. Amma məndə dərin bir inam hissi var ki, o, şəninə qoşulmuş şeiri dəyərləndirməyi bacaracaq. Çünki yaxşı bilir: yarısı Ələtdə, yarısı da Salyanda yazılmış poeziya nümunəsi ilə Peredelkinoda qələmə alınmış alovlu misralar arasında mütləq fərq olmalıdı.

Neynək, təqsir nə şairdə, nə də onun qəhrəmanındadı. Bütün günahlar zəmanədədi. Hərçəndi ki, indiyədək onun zəmanədən şikayətləndiyini heç kəs eşitməyib. Çünki o, şair deyil, jurnalistdi. Elə bu adi səbəbdən böyük intizarla Bakı-Ceyhanın ölkəmizə gətirəcəyi milyardları gözləyir. Çox sevdiyi Səməd Vurğundan balaca bir improvizə, şübhəsiz, ürəyincə olar: “Büdcə bol olanda jurnalistlərin də işləri “xod” gedir”. İllah da rəsmi qəzetlərin bölgə müxbirlərinin “blatı” artır: rayonlardakı tikinti-quruculuq və abadlıq işləri yazmaqla qurtarmır, mövzu tükənmir, hər gün və hərdən hər saat bölgələrdən yeni-yeni nailiyyətlər barədə xoş xəbərlər gəlir. Qəzetlər əjdaha kimi ağızlarını açıb informasiya, məqalə, xəbər, geniş xəbər, zarisovka, hətta oçerk gözləyirlər. Hərdən felyeton janrına da üz tutulur.

İlqar Həsənovun mübariz qələmi bu janrların hamısında sınaqdan çıxıb. Bax, Mətləb Nağı onun bu məziyyətlərini dərindən bildiyindən öz hisslərini məhz nəzmə çevirərək xalqa və təbii ki, həm də İlqarın çalışdığı “Xalq qəzeti”nin çoxsaylı kollektivinə çatdırmaq məcburiyyətində qalaraq ürəyinin səsini vərəqə köçürüb. Bir yandan da 1959-cu ildən üzü bu yana hər il avqustun 24-də İlqar Musa oğlu Həsənovun ad günü müxtəlif səviyyələrdə qeyd edildiyindən şair yaşının bu vədəsində 47 yaşlı kişi xeylağına şeir həsr eləməkdən vaz keçə bilməyib.

Bu il heç, gələn il də heç, üç ildən sonra İlqar Həsənovun 50 yaşı tamam olur. Bu yaşda Sabir Rüstəmxanlı “Şöhrət” ordenindən imtina etmişdi. Bizimki, əlbəttə, orden-medal sarıdan keçib. Amma ümid də yaxşı şeydi. Nə bilmək olar, bəlkə iki ilə bir qanun çıxacaq ki, məhz 50 yaşa sağ-salamat çatdığına görə insanları təltif edəcəklər, onlara fəxri ad verəcəklər. Bəyəm İlqar Musa oğluna “Əməkdar zarafatcıl” fəxri adı verilsə, dünya dağılar? Əksinə, o özündə bir qədər də məsuliyyət hiss eləyib dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində zarafatlarını bir qədər də artırar.

Tooba, mən zarafat eləmirəm. Azərbaycanı və Azərbaycan dövlətini İlqar Həsənov qədər sevən tək-tək olar. Çünki bu boyda yer üzündə onun sevdiyi məkan cəmi-cümlətanı 86 min kvadrat kilometr təşkil edir ki, həmin məkanın da 16 min kvadrat kilometri əlimizdə deyil. Necə ki, balığı sudan çıxarıb quruya tullayırsan və balıq da çapalayıb-çapalayıb canını tapşırar, İlqar Həsənov da eləcə Azərbaycandan qıraqda bircə gün də yaşaya bilməz. Gürcülər buna ta olmazın qulluq göstəriblər, bunun qayğısına, necə deyərlər, hərtərəfli qalmağa çalışıblar. İntəhası, səhərəcən ilan vuran yatıb, amma İlqar Həsənovun gözünə çimir getməyib. Halbuki cəmisi iki yüz neçə il əvvəl ilk dəfə Tiflisə yolu düşən Molla Pənah Vaqif “Mərhaba, Tiflis imiş cənnəti dünya yerinin” deyib azərbaycanlıların inşa etdiyi bu gürcü şəhərini o ki var tərif etmişdi. Amma İlqar Musa oğlu həmin o “cənnəti dünya yeri”ndə Hacıqabulla Kürdəmirin arasındakı boz çölləri yadına salıb, torpağı sanı yaşasın, Məmmədəmin Rəsulzadə kimi, az qalırmış “Vətən, Vətən, ay Vətən” deyib həsrətdən alışıb-yansın. Bilmirəm İlqar azərbaycanlıdır, yoxsa bütöv azərbaycançı. Bunu da bilmirəm o, Təbrizdə neçə günsə qala bilər, ya yox.

Bildiyim odur ki, İlqar xalq adamıdı. Onun üçün iri villaya qonaq getməklə, adi bir daxmaya, alaçığa müsafir olmağın heç bir fərqi yoxdu. Təki orda azərbaycanlılar olsun. Təki qapının qənşərində onu azərbaycanlı qarşılasın, ona “xoş gəldin, qadan alım” desinlər. Nə bilim, bəlkə də o, Azərbaycandan kənarda yaşamağı buna görə ağlına gətirmir. Məsələn, Amerikada, yaxud İngiltərədə onu kim dinləyib anlayasıdı ki? Lap elə Təbrizin özündə də onu anlamazlar. Lətifəsi ondan uzaq, tısbağanı ya öldürdün, ya da arxası üstə çevirdin, eyni şeydi. İlqar Həsənov da ya zarafatından qaldı, ya da iraq-iraq, canını tapşırdı, heç təvafütü yoxdu.

O, tək qalmağı xoşlamır. O, təklikdən qorxur. Buna görə də mən onu düşüncələriylə baş-başa qaldığı vəziyyətdə təsəvvürümə gətirə bilmirəm. Hər ay yollarda neçə kilometr şütüyür. Onun dilindən aşağıdakı misraları bəlkə də min dəfə eşitmişəm:

Bu yolla o qədər gəlib-getmişəm
Onun hər cığırı mənə tanışdır,
Bu yolla o qədər dostluq etmişəm,
Bizim aramızda sirr qalmamışdır!

Dediyinə görə, maşında bağrı çatlayır. Yaxşı ki, Allah bir balaca səs verib. Bu səs zilə qalxa bilməsə də, pəsdən oxuyanda karına gəlir. Maşının içərisində, sükanın arxasında fonoqramsız, mikrofonsız, tamaşaçısız, yalnız özündən ötrü oxuyur. Oxuyur ki, tək qalmasın. Bülbül yanında olsun, Rəşid Behbudov yanında olsun, Mirzə Babayev yanında olsun, Flora Kərimova yanında olsun…

Hərdən maşında onunla birgə oluram. Hiss edirəm ki, mənim onun yanında olmağımla olmamağım arasında elə bir fərq yoxdu. Çünki oxuyur. Düz eləyir. Biz 28 ildi söhbət edirik. Mən onu, o da məni hüceyrəmizəcən tanıyırıq. Mənə deyir ki, sən dərsindən beşsən. Yəni bic adamsan. Mən də cavab verirəm ki, mən bic adam deyiləm, yekəlik olmasın, istedadlı adamam. O da cavab verir ki, hələ mən sənin bir normal cümlənə rast gəlməmişəm, sən söz oynadıb camaatın başını qatırsan, amma belə şeylərnən məni aldatmaq olmaz. Mən deyirəm ki, hələ 26 il bundan qabaq mənim divar qəzetində yazım çıxmışdı, “imenni” sən gəlib məni öpüb təbrik elədin. Cavab verir ki, o elə-belə, səni həvəsləndirmək üçün idi…

Başqa yol yoxdu. Ya biz belə şeylərdən danışmalıyıq, ya kiminsə qeybətini eləməliyik, ya da o, mən yanında ola-ola tək qalıb oxumalıdı: “Kimlər gəldi, kimlər keçdi, bu dünyadan, bu dünyadan, Arif olan nakam getməz, bu dünyadan, bu dünyadan…” İnsafən pis oxumur. Qınayan olmasa, deyərdim ki, onun ifası Mirzə Babayevinkindən az-maz kəmdi.

Onun dostu yoxdu. Onun qohum-əqrəbası və dostları var. O bəzən dostlarından birinin əmisi oğlunun dayısı qızının toyunda iştirak eləmək üçün bir günlüyə Zaqataladan Bakıya gəlir, iştirak edir, ertəsi gün təzədən Zaqatalaya qayıdır. Ərinmir. Baxırsan ki, canından yorğunluq tökülür, amma o, bircə qırıq da gileylənmir. Toya gedib özünə (daha doğrusu, özümüzə) görə yaxşı bir nəmər salır, doyunca yeyib-içir, mikrofonu alıb söz deyir, oynayır, sonra da bizə zəng atır ki, gözləyin, gəlirəm. Biz onu bəzən gecə saat birəcən gözləyirik. Gözləməsək, inciyər. Onun inciyən damarı çox üzdədi. Kövrək insandı axı. Bir adam ki, hər dəfə “Ögey ana”ya baxıb İsmayılla birgə hönkür-hönkür ağlaya, ta özünüz hesabınızı aparın də.

Bu, onun həyat tərzidi. O, başqa cür yaşaya bilməz. O nə dəyişə bilər, nə də onu dəyişdirmək mümkündü.

Bir də ki, niyə dəyişməli, yaxud dəyişdirilməlidi axı? Deyib-gülən, əltutan, dar macalda qabağa düşən, xeyirə-şərə yarayan, anasının ayağının altını cənnət bilən, balalarını korluq çəkməyə qoymayan, həyatını onlara həsr edən, göz yaşları kirpiklərinin ucunda olan adi, yaxşı bir azərbaycanlı elə belə olur də. Bəyəm yaxşı adamlar o qədər çoxdu ki, birini də biz dəyişdirməyə çalışaq?

Bu gün onun 47 yaşı tamam olur. Min yerdən zənc gələcək. Hamıyla mehriban danışacaq. Abrı bükülən tək mən olacam. Bu yazını oxuyub “Sən nə vaxt mənim barəmdə normal bir şey yazassan? Mən o günü görəcəm? Burda çətin iş nə var ki, hər gün bir cümlə yazsan, ildə 365 cümlə eləyir. 365 cümlə də babət bir məqalədi”.

Açığını deyim ki, ötənilki danlaqdan sonra mən hər gün bir cümlə yazmağa cəhd göstərdim. Hətta belə bir şey də yazdım ki, “O son vaxtlar mənə qədim misirlilərin Günəş Allahı Ranın şərəfinə bişirdikləri kökələri xatırladır. Kömbə, Günəş rəngində sapsarı kökələr. Adamın əl uzadıb yeməyi gəlir”. İntəhası, sonra bu fikirdən vaz keçdim. Çünki onun haqqında yalnız birnəfəsə yazmaq mümkündü. Çünki o, qəliz və qarışıq adam deyil. Mövlanə demişkən, olduğu kimi görünən, göründüyü kimi olan bir kəsdi.

Amma o, dərviş kimi könülsüz deyil. Və noolsun ki, könülsüz deyil… Hər könülsüz olan dərviş olmadığı kimi, yəni hər könlü olan İlqar ola bilər ki? Biz neyləsək də, İlqar olammarıq.

Neynək, anamız bizi elə doğmayıb də.

24 avqust 2006-cı il

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO