Müqəddəs Qurani-Kərimin dünya dillərinə tərcüməsi ilə bərabər, kitabın müxtəlif ölçülərdə, tərtibatda və mükəmməl poliqrafik icrada nəşri də daim diqqət mərkəzində olub. Dünya kitab nəşri tarixində Qurani-Kərimin ən kiçik ölçüdə – uzunluğu cəmi bir neçə santimetr və ən bahalı – qiymətli daş-qaşla bəzədilmiş nadir nüsxələri də vardır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu baxımdan ölkəmizin də kitab mədəniyyəti tarixində əlamətdar hadisə baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə müqəddəs kitabımız Qurani-Kərim çox nəfis və orijinal poliqrafik icrada işıq üzü görüb. Yüksək peşəkarlıq və zövqlə hazırlanmış Qurani-Kərimin bu nəşrinin onun nazil olduğu mübarək Ramazan ayında ictimaiyyətə təqdim olunması da təsadüfi deyildir.
Xüsusi texnologiya əsasında aşılanmış dəri ilə cildlənib kitabın üz qabığı Svarovski daşları ilə bəzədilib, səhifələr kalliqrafik naxışlarla səliqəli çərçivəyə salınıb. Futlyarında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hədiyyəsi” sözləri yazılmış Qurani-Kərimin bu nəşri də kitab mədəniyyəti tarixində layiqli yerini tutacaq.