Dünən Yevlax Şəhər Elektron Kitabxanasında “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Bu konfransla Azərbaycan Respublikası prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” 17 iyun 2010-cu il tarixli sərəncamından irəli gələn tədbirlərin icrasına başlanılıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Mətbuat Şurasının həmçinin rayon və ətraf rayonların dövlət qurumlarının təmsilçiləri bölgə qəzetlərinin redaktorları iştirak edib. Konfrans iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Yevlax şəhərindəki abidəsini ziyarət edib. Yevlax şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyev konfrans iştirakçılarını salamlayaraq milli mətbuatın 135 illik yubileyilə əlaqədar ölkə miqyaslı tədbirlərə bu bölgədən başlanmasını bütün yevlaxlılar üçün yüksək etimad kimi dəyərləndirib.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev ölkə başçısının müvafiq sərəncamında Azərbaycan mətbuatının təşəkkülü və inkişafının dolğun ifadəsini tapdığını vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təməli Həsən bəy Zərdabinin “Əkinçi” qəzetilə qoyulan milli jurnalistikamızın 135 ildə keçdiyi yol barədə söhbət açıb. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qurumun fəaliyyəti barədə ətraflı söhbət açıb.