Dünən Azərbaycan Mətbuat Şurasının (MŞ) «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının və Şuranın tərkibində fəaliyyət göstərən Apellyasiya Qrupunun birgə iclası keçirilib.
Şuradan APA-ya verilən məlumata görə, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru, komissiya və qrupun rəhbəri Vüqar Rəhimzadə iclası açaraq milli mətbuatın 135 illiyinin respublikada miqyasında keçirilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncam imzaladığını xatırladıb. Onun sözlərinə görə, yubileylə əlaqədar MŞ-yə çoxsaylı müraciətlər daxil olmaqdadır. Müraciətlərin bir qismi Şura tərəfindən «reket nəşr» elan olunaraq «qara siyahı»ya salınmış qəzet və jurnalların təsisçiləri və baş redaktorlarındandır. Onlar öz fəaliyyətlərində dönüş yaradacaqlarını və bundan sonra «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın tələblərinə sayğısız yanaşmayaCaqlarını bildirərək Şuradan «qara siyahı»dan çıxarılma ilə əlaqədar müvafiq ölçü götürməyi xahiş edirlər. O, MŞ İdarə Heyəti sonuncu iclasında bu müraciətlərin dəyərləndirilməsini «apellyasiya qrupu»na həvalə edildiyini qeyd edib və bildirib ki, bunun əsasında Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar «qara siyahı»dakı KİV-lərin bir qisminin bağışlanaraq oradan çıxarılması üçün yeni prinsip və şərtlərin müəyyənləşdirilməsi dayanıb.
İclasda qrupun üzvlərindən millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas məsələ ətrafında fikir və mülahizələrini səsləndiriblər. Bildirilib ki, adları «qara siyahı»ya salınan nəşrlərin oradan çıxarılması ilə bağlı prosedurlar «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimat»da əksini tapıb. İclasda həmin prinsip və şərtlər dəqiqləşdirilib və bildirilib ki, bunların əsasında milli mətbuatın yubileyi ərəfəsində KİV-lər «qara siyahı»dan çıxarılacaq və ya orada saxlanılacaq. Ümumilikdə son qərar isə MŞ İdarə Heyəti tərəfindən veriləcək.
LENT.AZ