Zibilin çeşidli yığılmasına əhalimiz hazırdırmı?

Müasir texnologiyalar və əhalinin həyat tərzində son 20 ildə baş vermiş dəyişikliklər tullantıların kəskin surətdə artmasına səbəb olmuşdur. Xarici məhsulların bazarımıza axını, qablaşdırma materiallarının və şüşə əvəzinə plastikin geniş istifadəsi və s. məişət tullantılarının həcminin və onlardan istifadə edilməsi problemlərinin kəskin artması ilə nəticələnmişdir. Bu zaman zibilin sonrakı emala yararlı olan komponentlərə ayrılmasının təşkili çox vacib əhəmiyyət kəsb edir, çünki üzvi tullantılarla bir konteynerdə olmuş xammalın işlənilməsi çətinləşir və ya ümumiyyətlə mümkün olmur (misal üçün kağız, karton və s.).
Bərk məişət tullantılarının azaldılması və emalı istiqamətində dünyada göstərilən səylər bu prosesin uğurunda zibilin çeşidli toplanmasının əsas həlledici rol oynadığını müəyyənləşdirmişdi. Çeşidləməyə əhalinin cəlb edilməsi isə həm ilkin mərhələdə çeşidlənmiş zibilin çeşidli halda toplanılması və daşınması, həm onun emalı effektivliyinin artırılması, həm də dövlətin emala xərclədiyi vəsaitin azaldılmasına xidmət edir. Qeyd etməliyik ki, qanunvericiliyimizlə istehsalçıların buraxdığı məhsulun emalına cavabdehliyi nəzərdə tutulmuşdur. Belə ki, 30 iyun 1998-ci il tarixli 514-iq saylı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasinin qanununda tullantılarla bağlı fəaliyyətdə ətraf mühitə dəyən zərərin zərər yetirən tərəfindən ödənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur (maddə 5). Eyni zamanda həmin maddəyə tullantıların toplanması və emalı üçün qanunvericilikdə müəyyən edilən qaydada iqtisadi həvəsləndirmənin təmin olunması da daxil edilmişdir.
Lakin reallıqda istehsalçıların fəliyyətləri nəticəsində ətraf mühitə vurulan ziyanın aradan qaldırılmasında iştirak etmirlər. Nəticədə yaranan zibilin həcminin azaldılması və emal üçün yararlı vəziyyətdə toplanılmasında əhalinin iştirakının əhəmiyyəti daha da artır. Beləliklə, sadə vətəndaşların və istehsalçıların tullantılarla davranma mədəniyyətinin artırılması məsələsi gündəmə gəlir.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi paytaxt sakinlərinin zibilin emalı problemlərinin dərk etmələri, onların zibilin evlərində çeşidləməyə hazır olmaları, məişət tullantılarının toplanması və emalı sisteminin dəyişdirilməsi sahəsində perspektivləri araşdırmaq məqsədi ilə 2010-cu ilin 16-19 may tarixində Bakı şəhərinin Binəqədi, Xətai, Səbail, Nərimanov, Nəsimi, Nizami və Yasamal rayonları ərazisində əhalinin rəy sorğusunu keçirmişdir. Sorğuda 247 nəfər iştirak etmişdir.
Paytaxt küçələrin təmizliyini qiymətləndirən respondentlərin yalnız 1,1%-i küçələrin təmiz və səliqəli olduğunu qeyd etmişdilər. 35,9% respondent küçələrin küçələrin o qədər də təmiz olmadığını, 23,9%-i isə natəmiz və səliqəsiz olduğunu demişdir. Rəyi soruşulanların 39,1%-i küçələrdə yaranan vəziyyətin dözülməz olduğunu hesab etmişdilər.
Qeyd etməliyik ki, sorğu anketinin bu və digər suallarına cavab verməyənlər ya olmayıb və ya onların sayı minimal olmuşdur. Bu da sosioloji sorğular zamanı az hallarda rast gəlir və araşdırılan problemin hamıya aid olduğunu göstərir.
Şəhərin küçələrinin təmiz olmamasını nədə gördüklərini izah edən respondentlər zibilliklərin mövcudluğu (89,1%), küçələrin zibilli olması (60,8%), dağılmış səkiləri (59,2%), zibil qutularının az olması və ya olmaması (46,3%), zibil konteynerlərinin açıq olması: estetik cəhətdən baxımsızlığı və zibilin havaya uçması (39,6%), işləməyən kommunikasiyaların mövcudluğu nəticəsində küçələrdən axan çirkab suları (38,7%), dağılmış yolları (32,6%), şəhərdə intensiv aparılan tikintilərin qaydalara uyğun aparılmaması (26,8%), açıq lyukları (12,6%), binaların estetik baxımdan pis görünməsi (9,4%), siçanların mövcudluğu (3,3%) kimi amilləri qeyd etmişlər. Şəhərin xarici görünüşündə heç bir problemin olmamasını rəyi soruşulanların yalnız 1,1%-i hesab etmişdir.
Paytaxt küçələrin vəziyyətinin qənaətbəxş olmamasını respondentlər ilk növbədə insan faktorunda görürlər. Belə ki, onların 71,7%-i əhalinin mədəniyyət səviyyəsinin aşağı olmasını qeyd etmişdir. Digər amillərdən zibilin yığılmasının düzgün təşkil edilməməsi (qutuların olmaması, vaxtlı-vaxtında daşınmaması) – 65,2%, zibilləməyə görə cəzaların tətbiq edilməməsi – 57,6%, kommunal xidmətin işləməməsi, dalandarların lazımi sayda olmaması – 56,5%, çoxlu tikinti işlərinin getməsi nəticəsində yük maşınlarının yolları dağıtmaları, tikinti zibili və tozunun şəhəri çirkləndirməsi – 43,5%, bələdiyyələrin işinin qənaətbəxş olmaması – 25,0%, müvafiq qurumların məsuliyyətsizliyi – 17,4%, dalandar və süpürgəçilərin işinin düzgün təşkil edilməməsi, şəhərin yalnız səhərlər süpürülməsi – 8,7%, əhalinin maarifləndirilməsi və təbliğatın zəif aparılması – 4,3%, sanitar epidemioloji xidmətin qənaətbəxş işləməməsi – 3,3%, məişət obyektlərinin rəhbərliyinin məsuliyyətsizliyi – 1,1% qeyd edilmişdir. Şəhərin kifayət dərəcədə təmiz olduğunu 1,1% respondent demişdir.
Zibilin çeşidlənmiş halda toplanmasına gəldikdə respondentlərin 45,1%-i məlumatlı olduqlarını, 20,9%-i bu haqda nə isə eşitdiyini, rəyi soruşulanların üçdə biri (34,0%) məlumatsız olduqlarını bildirmişlər.
Respondentlərin zibilin evlərində çeşidli halda toplanmasına razı olmaları öyrənildikdə onların 64,2%-i buna razı olduqlarını, 6,8%-i bunu necə edəcəklərini bilmədiklərini, 29,0%-i isə rədd cavabını vermişlər.
Zibilin çeşidli halda toplanılması bir qədər əziyyətli və səy tələb edən iş olduğundan könüllü əsaslarla bunu yalnız sərf etdiyin vaxtın və zəhmətin hədərə getmədiyini gördükdə və bunun zəruriliyini dərk etdikdə həyata keçirmək olar. Buna görə də evlərində zibili çeşidləməyə hazır olan respondentlər lazımi şəraitin yaradılması (xüsusi konteynerlərin yerləşdirilməsi) və çeşidli daşınmanın (37,5%), ciddi nəzarətin (34,9%), maarifləndirilmə kampani-yasının və sosial reklamların (19,3%) təşkil olunması məsələlərinin vacibliyini qeyd etmişlər. Rəyi soruşulanların 8,3%-i zibili çeşidlənmiş halda yığdıqlarını qeyd etsələr də, çeşidlənmiş zibili ümumi konteynerə tulladıqlarını demişlər.
Zibilin çeşidlənməsindən imtina edən respondentlər bunu aşağıdakı səbəblərlə izah etmişlər:
– mənasızdır, onsuzda ayrıca konteynerlər yoxdur, bir zibil maşınına yığacaqlar– 30,9%;
– bu heç kimə lazım deyil, nəzarət etməyəcəklər – 27,3%;
– mətbəxdə yerim yoxdur – 25,5%;
– zibil borusuna çeşidlənmiş zibil paketlərini necə atacağam? – 9,1%;
– vaxtım yoxdur / tənbəllik edirəm – 7,2%.
Beləliklə, aşağıda göstərilən nəticələrə gəlmək olar:
1. Əhali məişət tullantılarının çeşidlənmiş halda yığmağa müsbət yanaşır və buna ümumilikdə hazırdır;
2. Məişət tullantılarının çeşidlənməsini əhali tərəfindən təmin etmək üçün müvafiq konteynerlərin yerləşdirilməsi, zibilin çeşidlənmiş halda toplanılması və daşınması təşkil edilməlidir;
3. Şəhərdə zibil qutularının lazımi miqdarda yerləşdirilməsi və vaxtlı-vaxtında boşaldılmalarını təmin edilməlidir;
4. Paytaxt küçələrinin təmizliyini təmin etmə sistemi təkmilləşdirilməlidir;
5. Əhalinin maarifləndirilməsi məqsədi ilə müxtəlif tədirlərdən istifadə edilməlidir:
 aksiyalar və kampaniyalar (misal üçün “Təmiz şəhər hər birimizdən başlayır”)
 sosial reklamlar
 KİV vasitəsilə kampaniya
6. Şəhərin təmizliyinin saxlanılmasına ciddi dövlət nəzarəti təşkil edilməli, müvafiq cəza sanksiyaları tətbiq edilməli və həyata keçirilməsi üçün lazımi qurumlar yaradılmalıdır.
Beləliklə, rəy sorğusu ətraf mühitlə bağlı bir çox problemlərin məhz əhalinin fəal dəstəyi olduğu halda həll edilə bilər. Buna nail olmaq üçün ictimai rəyin formalaşdırılması, icma üzvlərinin ekoloji mədəniyyətinin artırılması, cəmiyyətdə ekoloji şüurun formalaşdırılması, əhalinin düşünmə və hərəkət tərzinin dəyişməsi istiqamətində əsaslı iş aparılmalıdır. Yalnız belə olduqda bərk məişət tullantılarının idarə edilməsində əhəmiyyətli nəticələr əldə etmək olar.
İradə Yaqubova,
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi
11/06/2010

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO