Azərbaycan Mətbuat Şurası milli mətbuatın 135 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı hazırlayıb. Şuranın sədri Əflatun Amaşov APA-ya bildirib ki, plana əsasən Bakıda və rayonlarda tədbirlər keçiriləcək: “Biz bu tədbirlərə Həsən bəy Zərdabinin doğulduğu Zərdab rayonundan başlayacağıq”.
Ə. Amaşov xatırladıb ki, bu vaxta qədər Mətbuat Şurası Milli Mətbuat Gününə həsr olunmuş tədbirləri Prezident Administrasiyası ilə birgə keçirirdi: “Artıq mətbuatla bağlı fond yaradılıb və biz bu il tədbirləri KİV-ə Dövlət Dəstəyi Fondu ilə birgə keçirəcəyik”.
Ə. Amaşov iyunun 22-də – Milli Mətbuat Günündə ümumi tədbirin keçiriləcəyini, burada medianın inkişafında xidmətləri olan şəxslərə milli media mükafatının təqdim edəcəyini söyləyib. O bildirib ki, bu mükafat MŞ-nin təşkil etdiyi münsiflər heyətinin müəyyənləşdirdiyi şəxslərə təqdim olunacaq.