Şuşalı jurnalistlərin Şuşa haqda düşüncələri…

Azərbaycanın Şuşa rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 18 il keçir. Şuşa 1992-ci il mayın 8-də işğal edilib. Bu gün müxtəlif mətbuat oqranlarında xeyli şuşalı jurnalist çalışır. Onlardan bəziləri Şuşa ilə bağlı hisslərini Modern.az-la bölüşüb.

“Media forum” portalının redaktoru Hikmət Sabiroğlu:
“Onlar unudulmazdı – Aşağı Daşaltı, Qayçı göl, Uzun göl, Müsrüf gölü, Qotur bulaq, Şor bulaq, Xəlfəli çayı, Cıdır düzü, həyətimizdəki yasəmən, armud ağacı…heç xoruzumuzun pipiyi də yaddan çıxmayıb. Amma torpaq hər şeydən öncə adamları ilə vətəndir… …Üstündən nə qədər ötüb, yaşımızın üstünə neçə yaş gəlib, bu illər ərzində başımız nə müsibətlər çəkib, amma məktəb xatirələri solub-solağımır, həmişə diridir….

…“Şuşa yerində olsaydı”. Bilmirəm niyə həmişə bu cür deyirik: “Şuşa yerində olsaydı”. Şuşa yerindədi elə. Biz orda deyilik. Şuşa bizi qoyub heç hara getməyib. Biz onu qoyub getmişik. Şuşa heç qayıdan da deyil. Biz ora qayıda bilərik…

…Mən çox inanırdım ki, Şuşanı ala bilməzlər. Fikirləşirdim, Bakı qoymaz Şuşa getsin, çünki Şuşanın əldən getməsi Azərbaycanın sonu demək idi. Fikirləşirdim ki, dünya qoymaz Şuşa getsin, çünki onda müharibə Dağlıq Qarabağın sərhədlərini aşırdı. Demə, bundan betər şeylər də mümkünmüş. Həm Bakı adına, həm dünya adına…

…Evdən ancaq bir-iki xalça – palaz, bir də bacımın yüngülvari cer-cehizini çıxarmağa razı oldum. Son gün – martın 12-də maşın qapıda gözləyəndə divar şkafımızı bir də açıb baxdım. Kitablar. Dədəmin kitablar, öz kitablarım. Hansını götürüsən, hansı qalsın? Dəymədim.
Şkafın bir küncündə şəkil albomları qalaqlanmışdı, babamın şəkilləri, dədəmin şəkilləri, öz şəkillərim. Hansını götürəsən, hansı qalsın? Orta məktəb vinetkam lap üstə idi. 1983-cü ildən bəri mən bəlkə min dəfə o vinetkamı açıb baxmışdım, o vinetka mən əsgərlikdə olanda yuxuma da girmişdi. Bir də açıb baxdım…
…Qaytarıb yerinə qoydum. Şkafı örtdüm. Mən həmişəlik getmirdim. Ən azı vinetkaya görə qayıtmalıydım…

…Biz Şuşadan çıxandan iki gün sonra xəbər gəldi ki, evimizə mərmi düşüb. Hər şey yanıb. Vinetka da….
…Qarabağın beş kəndinin adını bilməyənlər oturub-durub “Lazım gəlsə, Qarabağı qaytararıq” deyirlər. Lazım nə vaxt gələcək, yollar nə vaxt açılacaq, yola düşməyə kimlər qalacaq?..
…Uzun bir yoldu Qarabağ söhbəti…”
(Müəllifin “Qarabağ Söhbətləri” kitabından seçmələr)

“525-ci qəzet”in əməkdaşı Bəxtiyar Məmmədli:
”Şuşanı axırınci dəfə 1992-ci il fevral ayının 27-də səhər tezdən gördüyümdü. O vaxt mənim 11 yaşim vardı. Uşaqlıq dövründə Şuşanı bir o qədər xatırlamırdım. Lakin yaşa dolduqca gəzdiyim yerlər bir-bir xəyalımdan keçir, özü də bir kino lenti kimi. Ən çox isə yadımda qalan Daşaltı, Soyuqbulaq, İsabulağı, Cıdır düzü, Bazarbaşı meydanı və demək olar ki, şəhərdə olduğum digər yerlərdir. Mən sonradan qohumlarımdan eşidirdim ki, Şuşada bunlardan əlavə daha gözəl yerlər də olub. Lakin o yerləri gəzib, görmək mənə qismət olmadı…
…Şuşanın işğal günü – 8 may 1992-ci il tarixi mənim həyatımda daha dərin izlər qoydu. Həmin gün atam Məmmədov Fehruz Heydər oğlu ermənilər tərəfindən əsir götürülüb və ondan bugünə qədər də heç bir xəbər yoxdu. Bu tarix hər il təkrar olunur və ailəlikcə acılarımızı dönə-dönə təzələyir. Həmin gün şuşalıların böyük əksəriyyəti Şuşa qalasını itirdilərsə, digər qismi həm Şuşanl, həm də yaxınlarını itirdi. Hərdən yerli medianı izləyəndə görürəm ki, bəzi həmkarlarım Şuşanın döyüşsüz təslim olduğunu yazırlar. Bu yalnış fikirdir, Qala camaatı son ana qədər ermənilərlə vuruşub. Mayın 8-də şəhəri tərk edən anam və bacım Şuşaya ermənilər tərəfindən mərmi yağışı yağdırılıdığını deyirlər.

Şuşanın işğalından üzü bugünədək şuşalılar hər il 8 mayda Şəhidlər xiyabanına toplaşırlar və «Torpağımız azad ediləcək, gələn il bu vaxtı Şuşada bayram edəcəyik» kimi fikirlər səsləndirirlər. Amma el məsəlində deyildiyi kimi, görünən kəndə nə bələdçi. Yalançı ümidlərin insanlara verilməsi doğru deyil. Mən bu gün bütün Qala əhli kimi Şuşanı xatırlamaq, orada olmaq istəyirəm…”.

APA-nın baş direktorunun müavini Nurşən Quliyev:
“Şuşa ilə bağlı xatirələrim ən acı xatirələrdir. Ancaq ümumən Şuşa haqqında xatirələr həm də ən əziz xatirələrimdir. Demək olar ki, Şuşanı, o gördüyüm, olduğum, gəzdiyim yerləri tez-tez xatırlayıram, yada salıram. Heç yadımdan çıxarmıram.

Təkcə xatirələrlə iş bitmir. Nə qədər o günlərin həsrətini çəksək də, o günlərə doğru irəliləmək də lazımdır. Biz ümid edirik ki, bu irəliləyiş də olacaq və bizim o xatirələr gec-tez gerçəkliyə çevriləcək.

Şuşanın işğalı böyük itkilərdən biri oldu. Strateji əhəmiyyətli bir yer idi Şuşa. Dağlıq Qarabağ probleminin həlli məsələsində elə daha çox mübahisələr Şuşanın üzərindədir. Bu da bir daha Şuşanın strateji məkan olduğunun göstəricisidir”.

“Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlu:
“8 rəqəmi məni təqib edən rəqəmlərdən biridir. Ayın 8-də anadan olmuşam. Mayın 8-i olmasa da. Uzun müddətdi Bakıya gələndən 8-ci mikrorayonda yaşayıram. İşə uzun müddət 88 nömrəli avtobusla gedib-gəlmişəm. İndi də 8-ci kilometrdə işləyirəm və Şuşa da 8 mayda işğal olunub. Yəni 8 rəqəminin belə bir fəlsəfəsi var.
Bunların içərisində ən ağrılısı təbii k, Şuşanın işğalı ilə bağlı olan tarixdir. Şuşa elə bir şəhərdi ki, onun haqqında danışmaq çətindir. Şuşa mənim üçün itirilmiş deyil. Əslində qazanılmış bir yerdir.
Azərbaycanın işğal olmayan rayonlarının adamları öz yerləri haqqında o qədər də fikirləşmirlər ki, yəni biz-işğal altında olan rayonların camaatı kimi. Özümüz üçün belə bir mif yaratmışıq, yəni o şəhər, bizim üçün işğaldan sonra bir şəhər var.
Şuşa işğala qədər bir şəhər kimi mənim üçün başqa cürə idi. Ancaq işğaldan sonra bu şəhər artıq mənim üçün başqa bir yerdir.
Şuşa işğal olunandan bəri yuxuma bircə dəfə girib. Yəqin ki, o zamanda yaramız çox təzə idi. Mənim yadımdadır ki, bir xeyli müddət özümə gələ bilmədim. Təəssüf ki, indi Şuşanı yuxuda görmürük. Şuşanın o xarabalıqlarını internet saytlarında, xarici jurnalistlərin çəkdiyi şəkillərdə görürük.
Mən arada o şəkillərə baxıram və inanın ki, elə yerlər var ki, mən orda necə yıxıldığımı da yadıma salıram, məsələn, bu küçədə mən necə yıxılmışam və yaxud bu küçədə hansı qızı sevmişəm. Bunlar hamısı mənim yadımdadır. Azərbaycanın çox rayonları işğal olunub, amma Şuşa bu işğal rayonlarının bir simvolu kimi yaddadır. Məsələn, 8 mayda Şuşanın işğalı televiziyalarda, qəzetlərdə bu və ya digər rayonlardan daha çox anılır. Ancaq bu digər rayonların yaddan çıxması deyil. O işğal rayonlarının Şuşanın simasında simvollaşdırılmasıdır ki, bu torpaqlar heç vaxt yaddan çıxmasın…”.

Tədqiqatçı jurnalist Vasif Quliyev::
”Şuşanı necə görmüşdümsə, indi də o cür gözümün qabağındadır. Mən öz fikrimi deyirəm – Şuşa işğal olunmayıb, Şuşa satılıb. İşğal olunmaq başqa şeydi, xəyanət başqa. Mənim nəzərimdə Şuşa işğal olunmayıb. O xəyanətin qurbanı olub. Özü də özümüzkünlər tərəfindən satılıb. Yəni hakmiyyət uğurunda o dava var idi, onun nəticəsidir Şuşanın verilməyi.

Hər gün, hər saat Şuşa mənim yadımdadır. Heç vaxt da yadımdan çıxmır. Bütün günü xatırlayıram, həm də mənim işim Şuşanın tarixini yazmaqdır. Hər cümləni də yazanda Şuşanın bir guşəsi göz önümə gəlir.
Axırıncı dəfə 1992-ci ilin fevral ayında orada olmuşam. O zaman şəhər miskin halda idi. Üzündən qəm- kədər yağan yetim bir uşağa bənzəyirdi. Şuşa iğal olunanda mən inanmadım. Bir sutka məni inandıra bilmədilər. Mən inana bilmədim ki, o cür əlçatmaz, strateji mövqeyi olan şəhəri ermənilər ala bilsin.
Səhərisi günü hosbitalda yaralıları görəndə onda inandım ki, doğurdan belədir.
Şuşa bənzərsiz bir şəhər idi. Əminən ki, Şuşa azad olacaq…”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO